Sovet vaxtından qalan bir neçə miras var ki, onlar hələ də cəmiyyətdə birmənalı qarşılanmır. Avropaya inteqrasiya edilən bir dövrdə, onların ləğv olunması kimi fikirlər də gündəmdədir. Bir müddət öncə Milli Məclisin üzvü Siyavuş Novruzov belə qurumlardan birin - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) normal fəaliyyət göstərmədiyini demişdi. Deputat bu qurumun fəaliyyətini məqbul hesab etməyərək, kəskin tənqidi fikirlər səsləndirmişdi.
Maraqlıdır, Milli Elmlər Akademiyası ləğv oluna bilərmi? Modern.az-ın əməkdaşı bu sualla siyasi elitada tanınmış bir neçə şəxsdən münasibət öyrənib.
Eks-baş nazir, İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn bildirib ki, sovet dönəmində formalaşmış, elmi tədqiqatların mərkəzləşdirildiyi bir qurum kimi Azərbaycan Milli Elmlər Akademiyası müəyyən bir məktəbin davam etdirilməsi baxımından öz əhəmiyyətini saxlayır. Eks-baş nazirin sözlərinə görə, olduqca az vəsaitin elmə cəlb edildiyi bir şəraitdə, elmdən çox şey gözləmək olmaz:
“Bir sıra dünya ölkələrində elmi tədqiqatlar universitetlərdə cəmləşib. Bu faktdır ki, Azərbaycan universitetləri elmi tədqiqat baxımından Elmlər Akademiyasını əvəz etmək iqtidarında deyil. Bundan sonra da Elmlər Akademiyasının yaşaması, inkişafı üçün maliyyə resuslarının cəlb olunması, cəmiyyətin intellektual resuslarının bu işə cəlb edilməsinə ehtiyac var. Xüsusilə milli mədəniyyətimiz, tariximiz, dilimiz, ədəbiyyatımız, Azərbaycanın beynəlxalq münasibətləri və dövlət siyasətçiliyinin elmi əsaslarının işlənib hazırlanması ilə bağlı Elmlər Akademiyasının xeyli potensialı var. Qeyd etdiyim sahələri əvəz edən hər hansı başqa bir qurum yoxdur. Bu məsələ 1980-cı illərin sonunda, Azərbaycan xalq hərəkatı başlandığı dövrdə müzakirə olunan məsələlərdən biri idi. Azərbaycan Xalq Cəbhəsində də ciddi müzakirələr gedirdi. Bəzi ölkələrin təcrübəsinə, məsələn, Qazaxıstanın təcrübəsinə misal olaraq, Elmlər Akademiyasının ləğv edilməsi təklifləri müzakirə edilirdi. Amma Əbülfəz Elçibəy prezident olduqdan sonra, atdığı ilk addımlardan biri Elmlər Akademiyasına dövlət büdcəsində ayrılan vəsaitin artırılması və bu qurumun maddi-texniki və elmi-tədqiqatlar bazasının möhkəmləndirilməsi üçün tədbirlərin görülməsi olmuşdu. O baxımdan düşünürəm ki, bu gün Azərbaycan millətinin və dövlətinin əsas fundamental əsaslarından biri kimi elm və onun bu gün mərkəzi olan Elmlər Akademiyası qorunub saxlanmalıdır. Bundan başqa, Elmlər Akademiyasının Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin bərpa olunmasında, Azərbaycanın demokratik hərəkatında da xüsusi bir rolunu bura əlavə etmək lazımdır”.
YAP-ın İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov 21-ci əsrin elmlə bağlı olduğunu və elmə hədsiz dərəcədə ehtiyac duyulduğunu deyib. Professor bildirib ki, Elmlər Akademiyasının işi qənaətbəxşdir:
“Amma onun struktur baxımına gəlsək, misal üçün Rusiyanın təcrübəsi var ki, onlar Təhsil Nazirliyinin adını dəyişərək, Təhsil və Elm Nazirliyi etdilər. Eyni addımı Gürcüstan, Qazaxıstan, Ermənistan və s. ölkələr bu addımı atdı. Bu ona görə edildi ki, universitetlərə də bir stimul verilsin. Yəni universitetlər tələbələrə bilik öyrətməklə bərabər, özləri yeni elmi araşdırmalar aparsın və yeni biliklər alsın. Əvvəllər də universitetlərdə elm olub, amma xarici universitetlərdə olduğu kimi olmayıb. İndi biz Elm və Təhsil Nazirliyi yaratsaq, bu o demək deyil ki, akademiya bağlanmalıdır. Güman edirəm ki, akademiya yeni bir formada öz işini davam etdirməlidir. Onlar bu qədər kitablar yaradıblar, faydalı işlər görüblər. Azərbaycanın tarixi, Ermənistan və Azərbaycan münasibətləri ilə bağlı kitablar, monoqrafiyalar çap olunub. Bu geniş müzakirəyə ehtiyacı olan məsələdir. Burada təşkilatı məsələni həll etməmişdən öncə, çoxlu düşünülmüş araşdırma lazımdır ki, nə, necə olmalıdır. Düşünüb bu məsələnin həllini tapmaq lazımdır. Güman edirəm ki, haradasa bir dövlət komissiyası yaradılmalıdır. Burada hər bir işə ayrılıqda baxmaq lazımdır. Desək ki, akademiya heç bir iş görmür, bu da ədalətli olmarıq. Bunu demək düz deyil, həm də köhnə quruluşun dalınca getmək də düzgün deyil”.
Ş.Əsgərov ən azından başqa ölkələrin təcrübəsindən də istifadə etməyin mümkün olduğunu deyib: “Dünyada elmi güc mərkəzləri əsasən universitetlərdir. Akademiyalar çox vaxt ictimai qurum kimi fəaliyyət göstərirlər. Çünki dövlət universitetə çoxlu pul ayırır və universitet özü də çox pul qazanır. İnkişaf etmiş Qərb ölkələrində güc, elm mərkəzi universitetlərdir”.
Tarixçi alim, millət vəkili Fəzail İbrahimli Azərbaycan elminin akademiyada, təhsilin ali məktəblərdə olduğunu deyib. Millət vəkili bildirib ki, AMEA-da bütün həyatını akademiyaya sərf edən insanlar var: “Alimlərimizin böyük uğurlarına bu qədər laqeyd münasibət olmaz. Bu yaxınlarda təkcə Tarix İnstitutundan 13 nəfərə dövlət mükafatı verildi. Bu nə dərəcədə məntiqlidir ki, akademiyaya ehtiyac yoxdur? Bu gün Azərbaycan alimi ona verilən məvaciblə, millətin taleyüklü məsələlərində, elmdə, mədəniyyətdə və digər sahələrdə kifayət qədər iştirak edir. Alimləri, elm adamlarını belə aşağılamaq olmaz ki, onlara ehtiyac yoxdur. Həmin Akademiyada dünyasını dəyişən neçə-neçə alimlər olub. Vaxtilə yüksək oktanlı benzin hazırlayan Yusif Məmmədəliyev, Topçubaşov kimi alimləri AMEA yetişdirib. Ona görə də belə fikirlərin gündəmə gəlməsini məqbul hesab etmirəm. Akademiyanı ləğv etmək, alimləri çölə atmaq haqqında düşünməli deyilik. Biz fikirləşməliyik necə edək ki, onlar daha məhsuldar işləsinlər, yaxşı yaşasınlar, onların savadlarından istifadə edək. Biz bunu düşünməliyik”.
Tarix elmləri doktoru, professor Cəmil Həsənli Elmlər Akademiyasına normal büdcənin ayrılmalı olduğunu deyib. C. Həsənli bildirib ki, orada işləyənlərə təşəkkür etmək lazımdır ki, az maaşa çalışırlar: “Məsələn, Türkiyənin universitetlərində xaricdə çıxan hər bir əsərə çox böyük həcmdə vəsait verilir. Burada kimə vəsait verilib? Akademiyada stimul yoxdur. Elmə əvvəl bir normal vəsait buraxılmalıdır və buraxılan pula uyğun da iş tələb olunmalıdır. Elmlər doktoru akademiyada 150-200 manat pul alır, axı bunun elmi nəticələri nədən ibarət olmalıdır?! O adamlara çox sağ ol demək lazımdır ki, həmin pula orada işləyirlər. Elmlər Akademiyası ənənəsi olan ən böyük elmi təşkilatdır. Sadəcə olaraq, Azərbaycanın iqtisadiyyatında, sosial həyatında, idarəçiliyində elmə ehtiyac duyulmur. Bu ehtiyac olmadığı üçün, elm bu vəziyyətə düşüb”.
Anar Kəlbiyev