Modern.az

Amansız qətlin üstü 2 il sonra AÇILDI

Amansız qətlin üstü 2 il sonra AÇILDI

29 Yanvar 2022, 16:17

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin  səmərəli birgə fəaliyyəti nəticəsində 2 il əvvəl törədilərək bağlı qalmış  cinayətin açılması təmin edilib.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Belə ki, 4 sentyabr 2020-ci ildə saat 10 radələrində Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində 2 aprel 1962-ci il təvəllüdlü Şəmmədova Aidə Ağadadaş qızının yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

 

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin həmkəndlisi 5 may 1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyar Əliyar oğlunun 4 sentyabr 2020-ci ildə Aidə Şəmmədovanın  yaşadığı evə tamah niyyəti ilə daxil olaraq  sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

29 yanvar 2022-ci ildə Şəhriyar Tapdıqov şübhəli şəxs qismində tutulub. Sonuncu istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin alətini təqdim edib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə  istintaq tədbirləri davam etdirilir.

Qeyd edilməlidir ki, Baş Prokurorluq tərəfindən bağlı qalmış işlərin açılması istiqamətində fəaliyyət davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?