Modern.az

2012-də qəzetlərin reklam bazarı böhran yaşayıb - Baş redaktorların ŞƏRHİ

2012-də qəzetlərin reklam bazarı böhran yaşayıb - Baş redaktorların ŞƏRHİ

31 Dekabr 2012, 11:18


Reklam bazarında bu günə kimi hegemonluq televiziyanın əlində idisə, indi internet mediası da tədrisən bu sahədə aktivləşir. İctimaiyyətin elektron kütləvi informasiya vasitələrinə yönəlməsi qəzetlərə marağı bir az da azaldır. Bununla da öz oxucu auditoriyasını itirən qəzetlər, reklamlarını da itirmiş olurlar. Qəzetlər arasında apardığımız sorğudan bəlli olur ki, çap mediasına verilən reklamlar günü-gündən azalır. 2012-ci ildə qəzetlər reklam bazarından olduqca cüzi miqdarda gəlir əldə ediblər desək, yanılmarıq.

“Yeni Müsavat”ın redaktoru Nazim Sabiroğlu Modern.az-a bildirib ki, qəzet reklamdan heç bir gəlir əldə etməyib: “Reklamlarla bağlı dövlət rəsmilərinin bəyanatlarına baxmayaraq, təəssüf ki bu il də “Yeni Müsavat” reklamsız qaldı. Halbuki, dövlət rəsmiləri demişdilər ki, müxalifət qəzetlərinə də reklamlar verilsin. Biz Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətə reklam üçün müraciət etdik, amma reklamlar verilmədi. Əksinə, bir neçə reklam var idi ki, onlar da çıxarıldı”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov: “Reklam adətən bayramlardan-bayramlara olur. Şirkətlərin reklam verməmə səbəbi odur ki, onlar qorxurlar. Onlarla fərdi söhbətlərdə məlum olub ki, çox məmnuniyyətlə həm sayta, həm də qəzetin kağız versiyasına reklam verməyə hazırdırlar, amma bəzi inzibati orqanlardan ehtiyat edirlər. Yaxşı olardı ki, Mətbuat Şurasının, yaxud da ki KİV-ə Dövlət Dəstəyi Fondunun yanında reklamla bağlı ayrıca bir qurum yaradılsın. Həmin sahibkarlar quruma qəzetlərin tirajına, saytların İP-sinə görə reklam versinlər”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, reklam bazarı arzu olunan səviyyədə deyil, xüsusən də çap mediası üçün reklam bazarı demək olar ki, yoxdur.
“Məncə, Azərbaycan çap mediası bu gün bu iki aparıcı qrup arasında bir növ vasitəçi olmağı bacarmalıdır. Yəni reklam odur ki, istehsalçı istəyir ki, istehsal etdiyi mal bazara çıxarılsın, tanınsın, istehlakçı da istəyir ki, yaxşı və keyfiyyətli mal alsın. Azərbaycan mətbuatı bu iki qrup arasında körpü rolunu oynamalıdır. Yəni istehsalçıya təklif etməlidir ki, mən etibarlı bir qəzetəm, bunu istehsalçıya inandırmalıdır. İstehlakçı da bilməlidir ki, bu qəzetə oxucu inanır. Doğrudan da bu mexanizm qurulandan sonra artıq heç bir qəzetdə problem olmayacaq. Çox təəssüf ki, biz bu günə qədər bu münasibəti qura bilməmişik, hesab edirəm ki, bu istehsalçı və istehlakçının günahıdırsa, bir o qədər də çap mediasının özünün günahıdır. Görünür ki, bu məsələyə biz yenidən köklü şəkildə baxmalıyıq, bunun bir yolunu tapmalıyıq”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, əvvəlki illərlə müqayisədə reklamın sayı xeyli azalıb: “Bunun da obyektiv və subyektiv səbəbləri var. Çox təəssüf ki, Azərbaycanda obyektiv səbəblər dünya mediasında gedən obyektiv səbəbləri üstələyir. Burada iqtisadiyyatın da müəyyən məqamları var. Məsələn, iqtisadiyyatın təmərküzləşməsi, normal prosesdir, ancaq əslində bizdə təmərküzləşmə inhisarçılığa gətirib çıxarır. İnhisarçılıq olan yerdə ədalət olmalıdır. Ədalət olmayan yerdə də reklam bazarı məhv olub gedir. Ona görə də biz də bu proseslər gedir və reklam bazarı zəifləyir. Ümumiyyətlə, çap mediasına verilən reklamların ümumi həcmi azalmağa doğru gedir, amma əvəzində saytlarda reklamın payı artır. Tək bir tirajla qəzet saxlamaq mümkün deyil, gərək reklam da olsun ki, nəsə edəsən. Amma reklamın həcmi olduqca aşağı səviyyədədir. Mən rahat şəkildə deyə bilərəm ki, qəzeti saxlamaq və ümumiyyətlə, medianı ozü-özünü dolandırması çox güclü şəkildə ortaya çıxır. Bu saat Azərbaycanda iqtisadi cəhətdən normal rəqabət tətbiq olunsa ölkədə 4 min yarımdan çox qəzet-jurnaldan bəlkə də ikisi, üçü qalar.”

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi