Safruh
Güneyimizin ən azı 200 ildə uğradığı çətinlikləri, alçalmaları, çəkdiyi əməkləri, axtarışları, verdiyi qurbanları görürük, biz də onlarla bərabər bütün bu sınaqları ruhən yaşayırıq. Bu, ona görədir ki, insanların qəlbində, qanında hələ milli duyğu var. Çağımızın milli duyğunu hər yolla gözdən salmasına baxmayaraq, bu duyğu insanları bir-birinin sevinc və qəminə ortaq etməkdədir. Və bu duyğunu indiki çağda səmimiyyətlə yaşatmaq çox azların və fədakarların çiyninə düşür. Ancaq ona qarşı dağıdıcı güclər, ehtiraslar gündən-günə çoxalmaqdadır.
İnsanlar öz dövlətlərinin, millətlərinin təəssübünü yaşamaq çətinliyindən qaçırlar, bu da milli duyğuya öldürücü təsir edir. Başqa millətin qeyri-insani, qeyri-sivil, Allahsız basqılarına uğrayırlar. Bu da insanları öz milli gözəlliklərini duymağa, dəyərləndirməyə imkan vermir.
***
Güney Azərbaycanımız indiki həyatın məntiqini düzgün tutmağa çalışmalı, onun mənfiliklərini qəbul etməməlidir. Soydaşlarımız özlərini aldatmamalıdırlar. Onlar özlərindən soruşmalıdırlar: o şəratin ki biz indi içərisində yaşayırıq, o mənəviyyat ki içimizdə yaşadırıq, o idrak ki bizi yönəldir, bunlarla biz qəlbimizin milli istəklərinə yetə bilərikmi? Böyüklərimiz bizi bu çətinlikdən çıxaracaq dərəcədə böyükdürlərmi? Biz milli mücadilə deyərkən zəmanəyə bac vermirik ki?
Zəmanə xarici ölkələrin təbliğatı, üzəvari inkişaf etmiş qüvvələrin parıltısıdır. Bu gün «insan azadlıqları» şüarı yalnız siyasətə xidmət edir. Bunlar da nəticə etibarilə milli sevgilərin, ümidlərin zərərinə işləyir. Xalq özü idrakını, öz qibləsini, öz tapınağını yaratmalı, bunların vasitəsilə onu əzən aləmdən ayrılmalıdır.
Ətraf aləmdən ayrılarkən xalq bir zülmdən çıxıb başqasına düşməməlidir. Tarixi gələnəklərində var olmuş dəyərlərdən ayrılmamalı, özünə hər tində düşmən qazanmamalıdır.
Güneyimizin çox böyük potensialı var. Yuxarıda dediyim şərtlər nəzərə alınmasa, o potensial xalqın xeyrinə işləməyəcək.
Xalq balacalardan özünə böyük düzəltməməlidir. Xalq öz gələcəyinə ümidlə və qeyrətlə baxmalıdır. Hər bir işdə olduğu kimi bu işin də ana xətti onun mənəviyyatıdır.
Milli mənəviyyat millətçilər üçün bayraq səviyyəsində olmalıdır, oyuna, oyunçuluğa çevrilməməlidir.
***
Ədəbiyyat bütün dünyanın qabaqcıl deyilən kəsimində çöküb. İndi dünyada ədəbiyyat adına oyun var. Keçmiş dəyərlərə gülürlər, yeni dəyərlər isə irəli sürülmür, yaradılmır.
Mən Güney kimi problemi olan xalqlara ədəbiyyatdan qurtuluş gözləmirəm. Əgər çox güclü ağıllar, idrak yiyələri olarsa, mövcud ədəbiyyatın imkanlarından milli dirçəliş üçün istifadə edilə bilər. Belədə ədəbiyyatdan nə isə gözləmək olar.
Məncə, indi Güney Azərbaycan ədəbiyyatı qismən geridə qalmış, qismən də çaşmış durumdadır. Ona görə ki, Güneyimiz öz həyatıyla, öz ağlıyla, estetikası ilə yaşamır. O, necə qabaqcıl ədəbiyyat yarada bilər? Türk ulusumuz orada yad idarəçilərin basqılarından boğulur, özünə bir işıq ucu axtarır. Bu zaman dişinə vurub yaxşı yoxlamadığı, mənimsəmədiyi, xarici qabaqcıllığın sözlərinə, parıltılarına uyur. Ona görə də bu işdə idrak adamlarının, qabağa düşənlərin, mübarizlərin çiyninə böyük yük düşür. Güney Azərbaycanımıza hərtərəfli özümləşmə gərəkdir.