Bütün dünya 2013-cü ilə qədəm qoydu. Nədənsə 13 rəqəmi uğursuz və nəhs rəqəm kimi bilinir. Belə qeyd olunur ki, həmin rəqəmin hakim olduğu hadisələr bir o qədər də yaxşı nəticə ilə sonuclanmır.
İnsanlar binanın 13-cü mərtəbisindən ev almaq istəmir, vacib əmlləri və ya tədbirləri ayın 13-də keçirməməyə çalışırlar və s.
Azərbaycanda da 13-ə nəhs rəqəm kimi yanaşılır. Məsələn, hətta Baş Dövlət Yol Polis İdarəsi 13-lə başlayan avtomobil nömrə nişanını heç bir rayona verməyib.12 rəqəmi ilə başlayan dövlət nömrə nişanı Biləsuvar rayonuna, 14 rəqəmi ilə başlayan dövlət nömrə nişanı isə Cəbrayıl rayonuna verilib.
Baş Dövlət Yol Polisi İdarəsi bunu onunla izah edib ki, əhalinin fikirlərini nəzərə alıb və 13 rəqəmiylə başlayan nömrə nişanını hansısa rayona verməklə o rayonun sakinləri arasında narazılıq yaratmaq istəməyib.
Maraqlıdı ki, son 12 ildə Bakıda 13 nömrəli sərnişin marşrutu da fəaliyyət göstərməyib. Nəqliyyat Nazirliyindən deyiblər ki, təxminən 12 il öncə Bakıda 13 nömrəli marşrut fəaliyyət göstərib. O zaman həmin marşrut dövlət qurumunun tabeliyində işləyib. Sonralar sərnişindaşıma sahəsində özəlləşdirmə aparılıb və heç bir özəl qurum 13 nömrəli marşrutu işlətmək istəməyib. Yalnız bu yaxınlarda 113 saylı marşrutu ləğv edib, onu 13 eləyiblər...
Modern.az