Modern.az

“Atam şayiələrə son qoymaq üçün qardaşımla məni Heydər Əliyevin qəbuluna gətirdi” - Çoban Xanışın oğlu

“Atam şayiələrə son qoymaq üçün qardaşımla məni Heydər Əliyevin qəbuluna gətirdi” - Çoban Xanışın oğlu

Müsahibə

31 Yanvar 2022, 10:19

Tahir Mövlanov: “İki oğlunu şəhid vermək hər kişinin işi deyil”


Modern.az saytının müsahibi iki oğlu (Elgün və Altay Mövlanov) Vətən müharibəsində şəhid olmuş Tahir Mövlanovdur. Qeyd edək ki, şəhid qardaşların atası Tahir Mövlanov mərhum Preziden Heydər Əliyevin dostu, məşhur lerikli çoban Xanış Şahıyevin  oğludur.
Tahir Mövlanovla müsahibədə həm övladlarının şəhid olmağından, həm də atasının Heydər Əliyevlə dostluğundan bəhs edilib.

- Qardaşlarınız birinci Qarabağ müharibəsində, oğlanlarınız ikinci Qarabağ müharibəsində şəhid olub. Zəfər, qələbə xəbərini eşidəndə keçirdiyiniz hisləri bizimlə bölüşməyinizi xahiş edirik
 

- Birinci Qarabağ müharibəsində iki qardaşım şəhid olub. Vətən müharibəsində də iki oğlumu itirdim. Oğlum Elgün 5 ayın əsgəri idi və 18 yaşında şəhid oldu. Tərtərin  Talış kəndində xidmət edirdi. Rayonumuza ilk gələn şəhid mənim oğlum oldu.
 

İkinci oğlum, Altay isə yenicə MAXE kimi fəaliyyət göstərirdi. O Füzulidə xidmət edirdi. Elgün şəhid olandan sonra istədim ki, o hərbidən ayrılsın. Anası da, mən də onu razı sala bilmədik. Buna görə məndən incidi də. Altay da 5 ay idi ki, vətənə xidmət edirdi. 17 gün onun meyitini axtardıq. Uşaqlıqdan həmişə deyirdi ki, mən hərbçi olacam. İkisi də subay idilər. Onlardan geriyə bir yadigar qalmadı.

Torpaqlarımız bu uşaqların və Ali Baş Komandanın ağıllı siyasəti nəticəsində 30 ildən sonra düşməndən azad edildi. İki oğulunu şəhid vermək hər kişinin işi deyil. 4 övladım var. İki oğlumu Vətənə qurban verdim, iki qızım qalıb. Oğlanlarım həmişə deyirdilər ki, narahat olma ata, torpaqlarımızı bizi alacağıq, anamızı, bacımızı biz qoruyacağıq...

Qələbə xəbəri təbii ki, bizi də sevindirdi...

 


- Oğlanlarınız və qardaşlarınız şəhid olduqları yerləri ziyarət etmək üçün hansısa quruma müraciət etmisiniz?

- Ötən il iyunun 4-də  jurnalistlər Məhhərrəm İbrahimov və Sirac Abışov Kəlbəcərdə minaya düşəndə mən həyat yoldaşımla Naftalandan qayıdırdım. Talış kəndinə daxil olmaq istəyəndə icazə vermədilər ki, jurnalistlər başqa yerdə minaya düşüblər, burda da təhlükə istisna deyil. Uzun isrardan sonra mənim dilimdən kağız alındı. Orada ailəmlə birgə olduğum üçün fikrimdən daşındım, əraziyə daxil olmadım. Hər dəqiqənin bir hökmü var. Hadisədən bir il ötməsinə baxmayaraq, hələ müraciət etməmişəm.

Dövlətdən bu günə kimi heç nə istəməmişəm. Oğlanlarım şəhid olandan sonra onların qəbirüstü abidələrini, rayonda  adlarına salınan bulağı özüm tikdirmişəm.

- Atanız mərhum dövlət başçısı Heydər Əliyevlə dost idi. O günləri necə xatırlayırsınız? Heydər Əliyevlə əlaqə necə yaranmışdı?
 

- Qurban bayramı idi. Atam kəsdiyi qurbanları Bakıdakı kimsəsiz insanlara, Qocalar, Körpələr evinə gətirib payladı. Ondan sonra bu ənənə davam etdi və hər il 50 qoyun kəsib gətirirdi. Heydər Əliyevlə əlaqəni atam özü yaratmışdı. Ağsaqqal kişi idi. Hər kəs ona hörmət edirdi.
Heydər Əliyevlə atamın ilk görüşlərində vasitəçi Lerikin keçmiş icra başçısı Ataxan Şiriyev olmuşdu. Atam Heydər Əliyevin qəbuluna onunla getmişdi.
Amma sonralar Ataxan Şiriyev bunu etmək istəmədi.

İlk görüşdə atam mərhum prezidentə demişdi ki, mənim adımı dost kimi dəftərçənin bir qırağına yaz. Bu söz də Heydər Əliyevin xoşuna gəlmişdi. Ondan sonra dostluqları möhkənləndi. Dostluqları 1998-ci ildən başladı və illərlə davam etdi.

- Xanış kişinin Heydər Əliyevlə görüşünə mane olmaq istəyənlər vardımı?

- Nazirlərdən heç kim mane olmurdu. Amma Lerik Rayon İcra Hakimiyyətinin başçıları davamlı olaraq atamın ulu öndərlə görüşlərinə mane olmağa çalışırdılar. Onlar görüşə şərait yaratmayanda isə atam özü Bakıya gəldi və tədbirdə çıxış etdi. Orada da dedi ki, İcra Hakimiyyəti məni bura gətirmədisə, mən özüm gəlmişəm. Atam çox yaxşı danışırdı.
 


- Siz də Heydər Əliyevlə görüşlərdə iştirak edə bilmişdiniz?

- İlk dəfə Heydər Əliyevi 1998-ci ildə gördüm. Müşfiqabad qəsəbəsində hərbi xidmətdə olanda Prezident ora gəldi. Həmin vaxt mənə imkan vermədilər ki, onunla görüşüm. Çünki kimin oğlu olduğumu bilirdilər.

O vaxt atam haqqında belə şayiə yaymışdılar ki, guya Prezidentlə dostluqdan sui-istifadə edib, oğlanlarını hərbi xidmətdən yayındırır. Həmin söhbət yayılanda atam hərbi hissəyə gəldi, məni və qardaşımı (onunla birgə xidmət edirdim) da götürüb getdi Heydər Əliyevlə görüşə. Onda Heydər Əliyev atama dedi ki, mənə demişdilər ki, dostun Xanış kişi oğlanlarını hərbi xidmətdən yayındırır. Atam da cavabında dedi ki, mən də elə o söz-söhbətə görə bu gün hərbi xidmətdə olan oğlanlarımın ikisini də hərbi hissədən əsgər paltarında gətirmişəm ki, özünüz görəsiniz.

- Heydər Əliyevlə görüşdən unuda bilmədiyiniz xatirəniz var?

- Qurban bayramlarının birində atam görüşə bizi də aparmışdı. Onda ümummilli liderlə şəxsən görüşmüşəm, üzündən öpmüşəm. Bizi çox yaxşı qarşıladı. Onu da sizə deyim ki, Heydər Əliyevlə həmin görüşdə çox həyəcanlanmışdım, onun zəhimi məni basmışdı.

Bizim əsgər formasında olduğumuzu görüb dedi ki, budur vətənə xidmət, sədaqət. Bu söz heç vaxt mənim yadımdan çıxmır.

 


- Atanızın Heydər Əlyevə zarafatı da olmuşdu...

- Atamın arvadları ilə bağlı söhbəti onların zarafatlaşmasına səbəb olmuşdu. Rəhmətlik kişi Heydər Əliyevə dedi ki, mənim iki rəsmi arvadım var, hələ ikisi də qeyri-rəsmidi...
Atam bir dəfə anamı da görüşə aparmışdı. Allah Heydər Əliyevə rəhmət eləsin, o da anamın üzündən öpmüşdü.

- Heydər Əliyev hansı kənd məhsullarını xoşlayırdı, atanız davamlı olaraq ona nələrsə pay göndərirdi?

- Təbii, dərmansız becərilən kartof, soğan, kələmi çox xoşlayırdı. Bizdə həmişə motal pendiri də olub.  Atam da motal pendiri, nehrə yağı, bal göndərirdi. Təkcə Bakıya gələndən-gələnə gətirmirdi, çətinliklə də olsa, bunları tez-tez göndərməyə çalşırdı. Heydər Əliyevin heç vaxt atamdan nəsə istəməzdi, kişi özü göndərirdi. Sovqat ona çatanda atama zəng edib təşəkkür edirdi. Bir dəfə İcra Hakimiyyətindən xüsusi maşın gəlib atamı apardı ki, prezident sizinlə danışmaq istəyir. İcra Hakimiyyətinin binasındakı xüsusi otaqda atam ulu öndərlə 30 dəqiqə danışdı.

- Mərhum Xanış kişinin övladları çox olub. Bacı-qardaş arasında münasibətlər indi necədir?

- Atamın bir neçə həyat yoldaşı olsa da, uşaqlar arasında ögey-doğma söhbəti yoxdur. Hamımız bir-birimizlə mehribanıq. Xeyirimiz-şərimiz, çətinliyimiz olanda da birik. 1 bacı, 5 qardaş mənim anamdan dünyaya gələn övladlardır. Digər uşaqlar o biri həyat yoldaşlarındandı.

- Bir müddət belə bir şayiə yayıldı ki, Xanış kişinin oğlanlarından biri Sabunçu və ya Suraxanıda acınacaqlı vəziytdə yaşayır. Bu söz-söhbətlər nə dərəcədə doğru idi?

- Yoox, bu tamamilə yalan məlumatdır. Qardaşlarımın hamısı rayonda, kənddə yaşayır. Bakıda bircə bacımız qalır, o da Binə qəsəbəsində yaşayır. Onun da ailəsi, uşaqları var.  

Bizim uşaqlar həmişə mərd olub. Hər zaman da kiməsə ziyan dəysə, ona kömək etmişik.
 


- Atanız
fermer təsərrüfatının başçısı olaraq tanınırdı. Təbii ki, çoxlu mal-qarası, qoyun sürüləri, torpaq sahələri vardı. Bir dəfə belə söz-söhbət yayılmışdı ki, Xanış kişinin övladları arasında miras davası olub. Onun mirası övladlarından kimə qaldı?

- Atam mirasını iki qardaşıma – Habilə və Azərə əmanət etdi. Bizim fermamız Lerikin girəcəyindədir. Orada iki qardaşım yaşayır. Bir qardaşım da özü üçün yeni ferma qurub. Atamın evləri də onalara qalıb. Bizim də hər birimizin ayrıca evimiz var. Aramızda mal-mülk söhbəti ilə bağlı heç bir problem, söz-söhbət olmayıb.

- Çoban Xanışın Heydər Əliyevlə dostluğunu atanız rəhmətə gedəndən sonra ailədən kimsə davam etdirdimi? Yəni bu ənənəni davam etdirib, Prezident İlham Əliyevlə dost olmağa, onunla görüşə cəhd etdinizmi?

- Öncə onu deyim ki, Heydər Əliyev oğlunu da özü kimi yetişdirib.
Keçən il Qurban bayramında qardaşım 22 qoyun qurban kəsib Bakıda - ehtiyacı olan ailələrə, Qocalar evinə gətirdi. Bu ənənə bizdə həmişə davam edib. Prezident İlham Əliyev Lerikə gələndə onunla görüşmüşəm. Bakıda hələ görüşümüz alınmayıb. Amma istəyirəm ki, belə bir görüş alınsın, bunu çox arzulayıram. Ulu öndərlə görüşmüşəmsə, oğlu ilə də görüşmək şərəfdir.

- Dediniz ki, atanız hər zaman bayramlarda Heydər Əliyevə sovqat kimi təbii kənd məhsulları göndərib. Qarşıdan Novruz bayramı gəlir. Siz də sovqatla Bakıya, Prezidentlə görüşə yazılmaq üçün müraciət etmisiniz?

- Bu il Qurban bayramında Prezident İlham Əliyevlə görüşməyi arzulayıram. Ümid edirəm ki, bu il arzuladığım  görüş alınacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı