Türkiyənin turizm bölgəsi olan Alanya şəhərində başa vurduğumuz 2012-ci il ərzində 353 türk kişisi əcnəbi ilə ailə həyatı qurub. Modern.az saytı “Posta” qəzetinə istinadən bildirir ki, həyatlarını əcnəbilərlə birləşdirən 96 türk kişisi rus qadınlarla evlənib.
Rəsmi məlumata görə, şəhərdə 90 ölkədən 22 min 366 əcnəbi yaşayır.
”Yeni alanyalılar” olaraq adlandırılan xaricilərin böyük qisimi təqaüdçülərdir. Şəhərdəki xarici sakinlərin böyük qisimini rus, alman, danimarkalı və norveçlilər təşkil edir. Belə ki, Alanyada 4 min 375 rus, 3 min 734 alman, 3 min 711 danimarkalı və 1074 norveçli məskən salıb.
Məlumata görə, şəhərdə yaşayan xaricilər əsasən əmlak sektorunda çalışırlar, bununla yanaşı, onlar həm də avtokirayə, restoran, bərbər, masaj salonu kimi işyerlərini də işlədirlər.
Antalyanın Bələdiyyəsinin nəzdində Xaricilər Məclisi də yaradılıb, şəhərdə əcnəbilər üçün bir qəbiristanlıq var.
Alanyanı yaşayış yeri seçən əcnəbilər artıq türklərlə qaynayıb-qarışırlar, qız alıb, qız verirlər. Rəsmi məlumata görə, 2012-ci ildə Alanyaya tətil üçün gəlmiş xeyli qadın turistlər türk kişilərlə evlənərək yuva qurublar. Keçən il 353 xarici qadın türk vətəndaşlarıyla ailə həyat qurub ki, onların da əksəriyyətini rus xanımlar təşkil edib. Belə ki, türk kişilərin ən çox gəlin aldığı ölkə 96 qadınla Rusiya olub, sonkarı yerlərdə Almaniya, İsveç, Norveç və Finlandiya gəlir.
Alanyadakı Rusca Danışanların Əməkdaşlıq və Həmrəylik Dərnəyinin sədri Anjelika Ancela deyir ki, turist olaraq Türkiyəyə gələn rus qadınların burada gördükləri isti münasibət və iqlim şərtləri onların türk kişiləriylə evlənmələrindəki ən əhəmiyyətli faktordur. Hər insanın Türkiyədə və xüsusilə Aralıq dənizi bölgəsində yaşamaq istədiyini qeyd edən Ancela "ruslar pula əhəmiyyət vermir. İsti iqlim və özlərinə göstərilən maraq, yaxşı münasibət onlara cazibədar gəlir. Bunun üçün Türkiyədə yaşamaq və ailə qurmaq istəyirlər" deyə bildirib.
Rus qadınlarla evlənmək istəyən türk kişilərində yaş sərhədi olmadığını deyən Ancela "gənclər kimi, yaşlı türk kişiləri də rus qadınlarla evlənmək üçün bizdən kömək istəyir. Oğulunu rus qadınla evləndirmək istəyən bir anadan belə, telefon zəngi aldım. Bu da rus qadınlarının köhnə “Nataşa” təəssüratının silindiyini göstərir. Başqa ölkələrdə də evlənən rus yoldaşlarım var. Lakin rus qızların ilk seçimi Türkiyə və türk kişiləridir" söyləyib.
Statistikaya görə, Alanyada türk vətəndaşlarıyla evlənən xaricilərin sayında son 3 ildir artım yaşanır. Belə ki, 2010-cu ildə 272, 2011-ci ildə 324, 2012-ci ildə isə 353 əcnəbi türk vətəndaşlarıyla həyatını birləşdirib.
A.Qorxmaz