Modern.az

Hacı Nuranın SİRRİ - “Mən etibarlı insan olmaq istəyirdim” - FOTOLAR

Hacı Nuranın SİRRİ - “Mən etibarlı insan olmaq istəyirdim” - FOTOLAR

31 Yanvar 2022, 11:36

Ömrünün 45 ilinin tən yarıdan çoxunu, yəni tam 25 ilini xeyirxahlıq fəaliyyətinə həsr etmiş bu insanı tanımaq mənim də nəsibim olub. Buna görə Allahıma minnətdaram. Hacı Nuranla tanışlığım 2017-ci ilə təsadüf edir. O zaman yeni təsis edilən Həyat Fondunun ATV telekanalında “Həyat” adlı verilişi başlayırdı. Qismət elə gətirdi ki, bu layihənin başlamasından bir ay əvvəl çalışdığım səhər proqramı müvəqqəti fəaliyyətini dayandırmalı oldu. Kollektiv olaraq Hacının yeni layihəsinə cəlb olunduq. Bundan əvvəl Nuranı illər öncə, hələ televiziyada işləmədiyim vaxtlarda ekranlarda görmüşdüm və hamı kimi mən də ilk baxışda onun əlvan geyinməsinin səbəbini tam olaraq anlaya bilməmişdim. Bu səbəbdən daxilimdə hətta ona qarşı narazılıq hissi oyanmışdı. Amma bu, məktəb illərinə təsadüf edən xatirələrimdi.

Nuranla bağlı ikinci təəssüratım artıq onunla işləməyə başlayanda yarandı. O, maddi vəziyyəti çətin, bəzən çox şəraitsiz durumda yaşayan, müalicəyə ehtiyacı olan sadə ailələrlə görüşə gedirdi. Bir aparıcı kimi zahiri görünüşünə bu qədər diqqət yetirməsi məndə belə bir fikir yaratmışdı ki, o, sadəcə imkanlı bir şəxsdir və xeyirxahlıq fəaliyyətini özünə hobbi olaraq seçib. Amma yenə də yanılırdım.

Bəzən böyüklərin işini başa düşməyəndə bizim onları qınamaq adətimiz var. Məndə də belə idi. Amma zamanla Hacı Nuranı yaxından tanıdım. Çoxsaylı çəkilişlərdə onun müalicəyə ehtiyacı olan insanlarla necə yaxın, doğma adamı kimi ünsiyyət qurduğunu, hər kəsin xəstəlik tarixçəsini diqqətlə, sonadək dinlədiyini, hətta özünün maddi yardım etdiyini görmüşəm. Təbii ki, Nuran bunu heç vaxt nümayiş etdirməyib.

Bir xatirəni də bölüşmək istərdim. Hələ 2015-ci ildə, xəbər proqramında müxbir işləyəndə Nurandan “Bakı-2015” Avropa Oyunları ilə bağlı Ədəbiyyat Muzeyinin qarşısında keçirilən tədbirdə kiçik müsahibə almışdım. O vaxt Nuran, “Bakı-2015”in fəxri səfiri idi. Sonralar Nurana həmin müsahibəni xatırlatdım və həmkarım Aqil Uluxanlı ilə sözügedən tədbirdə çəkdirdiyi fotosunu tapıb göndərdim. Yazdı ki, bəs sən burda deyilsən... Bir qədər məyus oldum, çünki üstündən iki il keçmişdi, yaddaşım məni aldada da bilərdi. Hətta dedim ki, yəqin Aqil sizdən müsahibə götürüb, mən sadəcə o tədbirdə olmuşam. Zarafatla yazdı ki, bəs mənimlə niyə şəkil çəkdirməmisən? Hacı Nuran hamı ilə şəkil çəkdirməyi sevir. Bu söhbətdən bir qədər sonra o məni müsbət mənada təəccübləndirdi. Həmin tədbirdə Nurandan müsahibə aldığım fotonu özü mənə yolladı. Foto onun telefonu ilə o anda məndən xəbərsiz çəkilmişdi. Nuran bu fotonu saxlamışdı. Anladım ki, həqiqətən o həyatının hər anını dəyərləndirən insandır.
 


Hacı Nuran ATV Xəbər proqramına müsahibə verərkən, 2015-ci il.


Ümumiyyətlə, Nuranın zəngin şəxsi foto və video arxivi var. “Həyat” verilişində çalışdığım vaxt Nuranın ad gününə özəl bütöv bir veriliş hazırlamalı idik. Material qismində Nuranın köhnə verilişlərindən də istifadə etməyi qərara aldıq. İş vaxtının sonlarında Nuran zəng edərək həmin materialları ondan götürməyi xahiş etdi. Materiallar böyük bağlamada maşının yük yerində idi. Nuranla birlikdə baxdıq. Bağlama topa-topa “harddisk”lər, qalaq-qalaq foto-albomlarla dolu idi. Açığı mən də arxiv materiallarımı toplamağı sevirəm, amma bu qədər material indiyədək görməmişdim. Nuran müəllifi olduğu bütün televiziya verilişlərinin buraxılışlarını, verilişlərin çəkilişlərinə aid xam materialları, tanınmış insanlarla, dostları və yaxınları ilə illər boyu çəkdirdiyi fotoları səliqəli şəkildə ayrı-ayrı foto-albomlarda toplamışdı. Bir anlıq fikrə daldım. Dedi ki, bu onun 20 illik arxividir. Bu materialları qısa müddətdə nəzərdən keçirib veriliş üçün lazımlı arxiv video və fotoları seçmək lazım idi. Dedim: “Bəlkə bu materialları arxiv şöbəsinə təhvil verək?”. O isə “axı bu mənim arxivimdi”, - cavab verdi. Həmin gün gecə saatlarınadək işdə oturub Nuranın köhnə verilişlərinə bir-bir baxıb maraqlı fraqmentləri gözdən keçirdim. Biz bu materiallardan 2018-ci ildə hazırladığımız verilişdə istifadə etdik.

Hacının olduqca insanpərvər şəxsiyyət olduğunu hamı bilir. Ad günlərində onu tanıyan insanlar bəlkə də ən çox Nuranın təbrikini gözləyir və ən çox bu təbrikə sevinirlər. Gecə saat 12 tamamdan sonra çoxları ilk ad günü təbrikini məhz ondan alırlar. Özü isə öz ad günü barədə belə deyir:

“Doğum gününü sevirəm, amma təmtəraqlı heç vaxt keçirməmişəm. Tərifləyənməyi sevmirəm. Ad günü elə bir gündür ki, telefonla da kimsə zəng vursa, SMS göndərsə, mənim kimi sosial şəbəkədə şəkil paylaşsa, mənim üçün çox böyük bir hədiyyədir”.

Nuranla bağlı bir sirri də bölüşmək istərdim. Mənə çox maraqlı idi, görəsən o, bu qədər insanın ad günü tarixlərini necə yadda saxlayır? Biz “Həyat” verilişində müalicəyə ehtiyacı olan insanlarla yanaşı ölkəmizin tanınmış mədəniyyət xadimlərinin doğum və anım günləri, həmçinin mühüm tədbirlərlə bağlı geniş videomateriallar təqdim edirdik. Bu materialların operativ hazırlanması məqsədi ilə Nuran hər ay öz qeydlərindən ibarət əlamətdar günlərin siyahısını bizə göndərirdi. Bu da mənim üçün yenilik idi. Çünki adətən biz təqvimin önəmli hadisələrini Vikipediya-dan öyrənməyə alışmışıq. O isə bu tarixləri özü qeyd apararaq,  siyahılaşdırırmış. Mənə o qədər maraqlı gəldi ki, hər ay Nuranın yadına salırdım ki, bizim üçün növbəti ayın əlamətdar günlərinin siyahısını göndərsin. Çünki hər kəs bundan yeni nələrsə öyrənə bilərdi. Bir jurnalist kimi onun həyat və fəaliyyəti mənə hər zaman maraqlı idi. Düşünürəm ki, Hacı Nuranın timsalında Azərbaycanda əsrlər boyu mövcud xeyirxahlıq məktəbinin nümunəsini təsvir etmək olar. Odur ki, vaxtı ilə Hacı Nuran haqqında topladığımız materiallar əsasında bu məqaləni yazmağa qərar verdim.

Nuran Hüseynov 31 yanvar 1977-ci ildə Bakıda sadə, zəhmətkeş və ziyalı Nəriman Hüseynov və Nailə Fərzanənin ailəsində anadan olub. Nəsli bir çox həkimlərlə tanınır. Anasının atası Həsənağa Fərzanə 1927-ci ildə Kazan Dövlət Tibb Universitetini bitirib.

Hacı Nuran Azərbaycan Dövlət Neft Akademiyası nəzdində fəaliyyət göstərən bağçada tərbiyə alıb. 1983-1993-cü ildə Bakı şəhəri A. S. Loqinov adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbdə müəllimlərindən biri doğma xalası Şəfiqə Babayeva olub. Nuran məktəbi 1-ci sinifdən sonadək əla qiyməti ilə bitirib. Müəllim və şagirlərin sevimlisi olub. Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano və akkordeon üzrə dərs alıb. Hazırda da bu musiqi alətlərində ifa etməyi bacaran Nuranın öz musiqi qrupu da var. Ağstafa Aqrar Sənaye kompleksinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən «HN» musiqi qrupunun müxtəlif xalq və estrada mahnılarından ibarət ifaları var. Üzgüçülük və şahmat idmanı ilə məşğul olub. Özü məktəb və uşaqlıq  illərini bu cür xatırlayır:

“Heç kimə qarışmayan, sakit təbiətli biri idim. Amma elə ilk dərs günümdən yanaşı partada oturduğum o qıvrımsaçlı qızdan xoşum gəldi. Sonra ümumiyyətlə məktəbə vuruldum. Dərsə getməyəndə darıxdım. Hamı dərsdən qaçanda, mən ağıllı uşaqlar kimi sinifdə oturdum. Çünki mənə elə gəlirdi ki, əgər dərsdən qaçsam demək, müəllimlərimə də, məktəbimə də vəfasızlıq edirəm. Mən isə etibarlı insan olmaq istəyirdim. Hərdən düşünürəm ki, bəlkə də məndəki bu vəfa, etibar, sədaqət elə o məktəbə, dərsə olan etibardan, vəfadan başladı. Çünki hər kəs öz yolunu cızır. Mən də cızdım...

...Uşaqlıqdan gözümü açıb görmüşəm ki, valideynlərim məni həm hər yerə gəzməyə aparırlar, həm də müxtəlif dərnəklərə, idman dərslərinə yazdırırlar. Uşaqlıqdan 1 dəqiqə boş vaxtım olmayıb”.



Hacı Nuran məktəb illərində (mərkəzdə)...

1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasında yeni yaradılan Biotexnoloji və tibbi aparatlar ixtisasına qəbul olunub. Burada bakalavr və magistr təhsilini fərqlənmə diplomlomu ilə bitirən Nuran Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspirantura pilləsinə daxil olub. O, eyni zamanda Azərbaycan Tibbi Universitetini bitirib. 24 yaşında elmlər namizədi, 25 yaşında dosent elmi adını alıb.

Hacı Nuran: “13.12.2002-ci il tarixində dissertasiyamı müdafiə etdim və fəlsəfə doktoru oldum. Əslində, bu, mənim və mənim valideynlərimin arzusu idi. Və mən də o arzunu reallaşdırdım. Mən o gün o qədər xoşbəxt idim ki... Çünki anamın fərəhdən gülümsəyən gözlərini, atamın sevinc saçan çöhrəsini indi də xatırlayıram. Mən onların arzusunu həyata keçirdim. Bir övladın valideynlərinin arzusunu həyata keçirmək istəyi və bunu reallaşdırmağı böyük fəxr və qürurdur. Beləcə, bu gün mənim avtobioqrafiyamda fəlsəfə doktoru kəlməsi yazılıbsa, bunun üçün öz savadıma, arzularıma, bir də müəllimlərimin və əsas valideynlərimin istəklərinə borcluyam”.

Nuran həmçinin professordur. 2009-cu ildə, Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Riyazi modelləşdirmə, ədədi üsullar və proqramlar kompleksi” ixtisası üzrə professor elmi adını qazanıb. Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin fəxri magistrıdır.



Hacı Nuran tələbəlik illərində. Sağdan birinci uşaqlıq dostu Əli Axundov...


Təhsil aldığı ali təhsil ocağında Nurana illər sonra da böyük hörmət göstərilir. 2017-ci ildə Nuran Hüseynov Azərbaycan Dövlət Neft və Sənaye  Universitetində “Azİİ məzunları” İctimai Birliyinin sədri seçilib. 2021-ci ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının 100 illiyi münasibəti ilə təsis edilmiş "Yubiley medalı" ilə təltif olunub. 2012-ci ildə ilin xeyriyyəçisi adını qazanıb. 2022-ci ildə Azərbaycan Alpaqut Federasiyasının İctimai məsələlər üzrə vitse-prezidenti təyin edilib. Hacı Nuran dahi Lütfi Zadəni şəxsən tanıyıb.

Hacı Nuran: Mən özümü bəxti gətirmiş insan hesb edirəm. Çünki elə insanlar var ki, onları şəxsən tanımışam. Elə dahilər var ki, onlarla ünsiyyətdə olmuşam. Şəxsi mülahizələrini, fikirlərini dinləmişəm. Belə insanlardan biri də Azərbaycanlı alim, dünyaca məşhur insan Lütfi Zadə idi. O, çox maraqlı, bənzərsiz insan idi. Elm onu hələ ta uşaqlıqdan maraqlandırıb. Hələ orta məktəbdə oxuyarkən o Amerika xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə etdi. Və orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkirdi. O böyük alimin Amerikada keçirilən mühazirələrində mən də iştirak etmişəm. Və bu baxımdan da özümü çox şanslı hesab edirəm”.
 

Həkim olmaq Nuranın uşaqlıq arzusu olsada tale yolları onu tam başqa sahəyə gətirib. Televiziya sahəsinə olan marağını özü də gizlətmir. Buna baxmayaraq tibbə aid bilikləri bu sahədə də onun köməyinə çatır. Çünki onun müəllifi olduğu verilişlərə müraciət edənlər, müalicə və əməliyyatlarla bağlı bir çox hallarda ilk məsləhəti Nurandan alırlar. Universitetə daxil olan kimi iş axtarmağa başlayan Nuran 1994-cü ildə yeni yaradılan “Şərq” informasiya agnetliyində müxbir vəzifəsində əmək fəaliyyətinə başlayır. Bir müddət həmçinin tibb şirkətində çalışır. Daha sonra radioya dəvət alır. 2000-2004-cü illərdə “SPACE” radio 104 fm-də “Sağlam ol” verilişində əvvəlcə qonaq qismində daha sonra isə aparıcı qismində çıxış edir. Elə ilk yardım aksiyasına da Nuran bu veriliş vasitəsi ilə start verir.


Hacı Nuran:“İlk bizim verilişimizə zəng edən tamaşaçı gözdən əlil bacı-qardaş Sevinc və İntiqam idi. Onlar tam olaraq görmürdülər. Mənim bir sualıma cavab verdilər. Dedim ki, hədiyyə qazanmısınız, gəlin “Space” Televiziyasına və hədiyyənizi götürün. Dedilər ki, biz gələ bilmirik, gözdən əlilik. Beləcə biz özümüz getdik onların yanına. Birinci, belə deyək, imkansız, müalicəyə ehtiyacı olan insanlarla tanışlığımız bununla başladı. Hər dəfə verilişə gələndə bər-bəzəkli geyinirdim, radionun rəhbəri Əhməd müəllim deyirdi ki, “bu radiodu, televiziya deyil, hara bəzənirsən? Onsuz da səni heç kəs görmür”. İllər keçdi televiziyada da verilişimiz oldu. İlk efirə çıxan gündən tanınmış oldum. O zaman telekanalların sayı az idi”.

 
Hacı Nuran addım-addım istəyinə yaxınlaşırdı. O, 2004-2005-ci illərdə “Space” TV-də "Mərhəmət sorağında" canlı televiziya verilişi, həmçinin "Xeyrə doğru" layihəsinin müəllifi və aparıcısı olub. O illərdə Nuranla çiyin-çiyinə çalışan tanınmış teleaparıcı və ictimai xadim Solmaz Əmirli bu verlişin olduqca böyük tamaşaçı auditoriyasının olduğunu xatırlayır. Ən azından ona görə ki, insanlar problemlərinin şəffaf şəkildə işıqlandırılması baxımından düzgün istiqamət alırdılar. "Xeyrə doğru" verilişi təkcə yardım axtarışında olanlarla yardım göstərmək niyyətində olanlar arasında vasitəçi rolunu oynamırdı, eyni zamanda cəmiyyətdə yardımlaşma ənənələrini təbliğ edirdi. Hacı Nuranın arzusu Azərbaycanda bütün uşaq evlərini gəzərək kimsəsizlərə qayğı göstərmək, onların qəlbində ümid çırağını alovlandırmaq idi. Bunu onun 20 illik dostları və həmkarları da təstiq edirlər. Nuran cəmi 20 yaşında böyük bir xeyriyyəçilik hərəkatının başlanğıcını qoydu.


Solmaz Əmirli: “Mən o dövrdə artıq “Space” radiosunda işləyirdim. İnsanlar axın-axın gəlirdi, şənbə günləri televiziyanın qarşısında avtobuslar dayanırdı. Nə qədər insan, müxtəlif sənət adamları, elə ürəyindən keçən hamı axın edirdi, hər kəs evindən, mağazalardan nələrsə alıb gətirirdi və avtobuslar Bakı kəndlərindəki uşaq evlərinə, xəstəxanalara yola düşürdü”.



Hacı Nuran İsgəndər Qəmbərov və Firdovsi Atakişiyevlə “Space” TV-də işləyərkən...

Nuran Hüseynov öz xeyirxah missiyasını  davam etdirməklə daha çox insanın sağlam həyata qayıtmasında səy göstərirdi. Daha sonra onun rəhbərliyi ilə “Xəzər” TV-də "Həsrət bitsin" layihəsi işıq üzü gördü. 2007-2014-ci illər ərzində yayımlanan bu verliş bir çoxlarının köməyinə yetişdi. Nuranın verilişə müraciət edən insanlara göstərdiyi mərhəmət hissi, digərlərini də öz yaxınlarını və doğmalarını axtarmağa sövq edirdi. 7 il ərzində ekranlara çıxan veriliş insanların sanki bir pənah yerinə çevrilmişdi. Kimsəsiz uşaqlara qayğı və diqqət birinci növbədə idi.

Hacı Nuran eyni zamanda cəmiyyətin tanınmış və ziyalı təbəqəsini təmsil edən şəxslərlə görüşür və efir vasitəsi ilə onların xeyirxahlıqla bağlı fikirlərinin ictimaiyyətə çatdırırdı. "Həsrət bitsin" verlişinin bir neçə buraxılışının qonağı tanınmış türkiyəli aktyor və aparıcı Reha Yeprem olub. Bununla qardaş ölkədə yayımlanan mərhəmət verlişləri arasında bir körpü yaradılmışdı.

 İki il sonra, yəni 2009-2012-ci illərdə Nuranın yeni, "Xeyir körpüsü" televiziya verilişi işıq üzü gördü. Dəyişən yalnız verlişin adı idi. Əsas məqsəd isə öz yerində qalırdı.  Bu dəfə Nuran verilişdə tək deyil, həmkarı Sevinc Əliyeva ilə birlikdə çıxış edirdi. O,  adət üzrə məktublar göndərilən ünvanlara yollanır, insanların dərdlərini dinləyir və xeyirxah insanları imkansız ailələrə yardım etməyə çağırırdı. “Xeyir körpüsü” layihəsinin efirə çıxdığı 3 il ərzində yüzlərlə insan şəfasına qovuşdu. Hacı Nuranın ilk köməyinə çatdığı soydaşlarımızdan biri də Sabirabad rayonu Zalqarağaç kəndinin sakini Aysel Abdullayeva idi. Yanğın nəticəsində onun bədəninin 90%-i yanmışdı. 2003-cü ildən bu ailəyə yardım edən Nuranın dəstəyi ilə Ayselin üzərində 20-dən çox əməliyyat keçirilib. İndi o sağ-salamatdı.



İllər sonra müalicəsinə kömək etdiyi Aysel Abdullayeva ilə...

Nuran Hüseynov hər bir xəstənin əməliyyatını izləyir və sonadək bütün prosesi işıqlandırırdı. Həkimlərlə birbaşa ünsiyyət televiziya tamaşaçılarının maarifləndirilməsi baxımından əhəmiyyətli idi. Çünki onun verilişi vasitəsi ilə həyata keçirilmiş bəzi əməliyyatlar tanınmış mütəxəssislər tərəfindən o zaman Azərbaycanda ilk dəfə aparılırdı. Bu mütəxəssislər arasında Milli Onkologiya Mərkəzinin Baş direktoru, professor Cəmil Əliyev də olub.

Bəzi əməliyyatlar isə xaricdən gətirilən həkimlərin iştirakı ilə baş tuturdu. Bəzən naümid olan insanlar kömək olunduqdan sonra sevincləri səbəbindən göz yaşlarına hakim ola bilmirdi. Bu cür kövrək səhnələrə “Xeyir körpüsü” verlişinin tamaşaçıları dəfələrlə şahid olub. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların həyat hekayəsini dinləyən Hacı Nuran isə bəzi məqamlarda özü göz yaşlarını gizlədə bilmirdi.

“O insanlar hansılar ki, xəstəliyə düçar olublar, onların yanında olnmaq çətindir. Birincisi, onlarla görüşmək, danışmaq çətindir. Bu çoxlu enerji tələb edir. Çünki o insanlar səndən nəsə gözləyir. Sən onlara bir ümid çırağısan. Onlara dəstək olmalısan. Digər tərəfdən kimin işi düsəldisə, sən onlar üçün yaxşısan, kim üçünsə, tutaq ki, hələ biz çəkə bilməmişik, o insanlar səni pis bir insan kimi tanıyırlar, çünki sən onların məktubuna cavab vermirsən. Hamıya birdən kömək etmək qeyri-mümkündür. Mənim həyatımda o qədər uşaq evlərində, internat məktəblərində tərbiyə alan uşaqlar, belə deyək, bizim əlimzdən keçib. Kömək etmişik, yerləşdirmişik, valideynini tapmışıq. Bir neçəsinə o vaxt deyirdim ki, vaxt olacaq siz mənə küçədə salam verməyəcəksiniz. Onlar bir nəfər kimi deyirdi ki, elə şey heç vaxt ola bilməz. Ola bilməz ki, biz sizə heç olmasa Allahın salamını verməyək. Və illər keçdi mən deyən oldu”.
 


Verilişində kövrək anları...

Nuran Hüseynov xeyriyyə verilişləri ilə yanaşı, daha bir layihəyə imza atdı. 2011-2012-ci illərdə ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan istedadlı və vətənpərvər insanların fəaliyyətindən bəhs olunan "Vətənimdir Azərbaycan" televiziya verilişi işıq üzü gördü. Bu verlişdə Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri, o cümlədən Lütfi Zadə, Çingiz Sadıqov, Tahir Salahov, Fidan və Xuraman Qasımovalar, Polad Bülbüloğlu, Hüseyn Axundov, Əsgər Məmmədov, Vaqif Bayramov və başqalarının həyat və yaradıcılığından geniş verilişlər hazırlandı. İngilis, alman, rus, türk dillərində sərbəst danışan Nuran Hüseynov dünyanın 50-dən çox ölkəsində səfərdə olub. Bu səfərlərin əksəriyyəti məhz "Vətənimdir Azərbaycan" layihəsinin hazırlandığı dövrdə baş tutub.

Uzun illər televiziyada xeyriyyəçilik missiyasını inamla yerinə yetirən Hacı Nuranın səhhətində qəflətən problem yarandı. Onunla bağlı acı xəbər bütün ölkə ictimaiyyətini sarsıdacaq qədər üzücü oldu. 2012-ci il mayın 24-də müayinə və müalicə məqsədi ilə Azərbaycandan Türkiyəyə, daha sonra Rusiyaya yollanan Nuran sonda Almaniyanın Düsseldorf şəhərindəki Uniklinikada müalicə alıb. Burada iki il müntəzəm olaraq müalicə olunub. Ən çətin anlarda Hacı Nuranın yaxın dostları onu diqqətdən kənarda qoymadı. Bakıda ard-arda xeyriyyə konsertləri təşkil olundu. Onu tanıyan hər kəs kiçik də olsa, Nuranın müalicəsi üçün lazım olan məbləğin toplanmasında səy göstərməyə çalışdı.

“Əvvəlcə atamı itirdim. Bir il sonra anamın vəziyyəti kəskinləşdi. Ona beyin xərçəngi diaqnozu qoydular. Xərçəngin çox ağır növlərindən biri idi. Dedilər heç nə eləmək mümkün deyil, əməliyyat olunsa da yaxşı olmayacaq. Anam dünyasını dəyişdi. Onun 40 mərasimi keçəndən sonra mən özümü pis hiss eləməyə başladım. Lakin bir neçə gündən sonra özümə gəldim. Biz Moskva şəhərinə çəkilişə getdik. Çəkiliş vaxtı nəsə soyuq idi. Səhər ayıldım gördüm ki, gözlərim tamam tutulub. Oyanmışam heç nə görmürəm. Gözlərim qıpqırmızı qan içində idi. Sağ olsun Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, tez xəbər tutdu, təcili məni göz həkiminə apardılar. Həkim dedi ki, sən tamam görmə qabiliyyətini itirə bilərsən, çünki çox ağır xəstəliyə düçar olmusan. Adi qan analizi verdim və ağciyər rentgeni etdirdim. Rentgen kağızını görəndə həkim qorxa-qorxa verdi. Dedi deyəsən yaxşı çəkilməyib. Olar biz təzədən rentgen edək... Dedim yox lazım deyil, verin mən baxım, gördüm ki, ağciyərin üstündə çox böyük bir şiş görünür. Nəsə inanmadım, fikirləşdim ki, bəlkə məndə vərəm xəstəliyidir, yaxud başqa nəsə bir şey ola bilər. Səhərə qədər fikir elədim... Səhər tezdən Vərəm xəstəxanasına getdim, orada laboratoriya müdiri (Seva xanım) tez müayinə kağızlarını və analiz nəticələrini götürüb bir professorun yanına getdi. Qayıdandan sonra isə göz yaşlarına hakim ola bilmirdi. Qorxa-qorxa dedi ki, burda (rentgen kağızı) çox pis çəkilib, gəlin biz başqa xəstəxanada çəkək. Getdik. Amma yol boyu gördüm ki, o və maşındakı bir həkim ağlayır. Dedim əşşi, niyə ağlayırsınız ,məndə xərçəng deyil ki... Başqa bir yerdə müayinədən keçəndən sonra artıq dedilər ki, sizdə bədxassəli şişdir (xərçəng). Çox ağır bir müalicə idi, kimyaterapiyadan şüaterapiyaya... sonra bir neçə ağır əməliyyatlar keçirmişəm. Bədənimə xüsusi cihaz tikmişdilər. Sonra yenə kimyaterapiya aldım, sonra yenidən əməliyyatlar tələb olunurdu, dedilər ki, mütləq sümük iliyin dəyişməlidir. Artıq o prosesə də başlandı. Uzun bir yol keçmişəm. Allaha şükür indi ayaq üstündəyəm”.


Nuran Almaniyada xəstəxanada...

Nuran sağaldı. Onun şəfa bəxş etdiyi yüzlərlə insanın duası, dostların sədaqəti və təbii ki, Allahın rizası ilə Nuran yenidən əvvəlki həyat ritminə qayıtdı. Ona ən böyük yardımı isə Heydər Əliyev Fondu göstərdi. Hacı Nuran “Həyat” verilişinə müsahibəsində o illəri belə xatırlayır:

“Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva, o zaman Heydər Əliyev Fondunun prezidenti kimi müalicəmə çox kömək etmişdi. Həmçinin Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyeva... onların dəstəyi olmasa... mənə o qədər dəstək oldular ki, arxamda belə insanlar olduğuna görə bir dayaq hiss elədim. Almaniyada müalicə bildiyiniz kimi, çox böyük məsrəf tələb edir, çox bahalı müalicədir. Sağ olsun onlar ki, kömək elədilər, mən hər zaman dövlətimə minnətdaram”.

Bu çətinliklərə baxmayaraq Nuran, öz yolundan dönmədi. Ağır xəstəlikdən sonra yenidən xeyirxahlıq fəaliyyətinə davam etdi. Qısa zaman ərzində yeni layihə hazırlayan Nuran bu dəfə ATV Telekanalında televiziya tamaşaçılarının qarşısına çıxdı. Onun çoxdankı arzusu artıq reallığa çevrilmişdi. “Həyat” verilişi yeni yaradılan Həyat Fondunun televiziya layihəsi olaraq ərsəyə gəldi. 2017-ci ilin may ayında Fondun təqdimat mərasimi baş tutdu. Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etmişdi. 2017-2018-ci illərdə onun rəhbərliyi ilə “Həyat” verilişinin kiçik kollektivi 360-dan çox müxtəlif xəstəliklərdən əziyyət çəkən soydaşımız haqqında videomaterial hazırlayıb, 100-dən çox mədəniyyət xadimi, ictimaiyyət nümayəndələrindən xeyirxahlıq mövzusunda müsahibələr alıb. Onlar arasında “İstiqlal” və “Şərəf” ordeni laureatları Fidan və Xuraman Qasımovalar, keçmiş ombudsman Elmira Süleymanova, Əməkdar idman ustası İlham Zəkiyev, həmçinin, məşhur türk sənət adamları Emin Olcay, Tamer Karadağlı və başqaları var. Verilişimizə gələn məktubların ardı-arası kəsilmirdi. Bu inamın kökündə isə illərin sınağından üzü ağ çıxmış Hacı Nuran şəxsiyyəti dayanırdı.

 


“Həyat” verilişinin anons çəkilişində...

Hacı Nuran Həcc ziyarətində ilk dəfə 2003-cü ildə olub. O, bir çox təhlükələrə, müharibəyə baxmayaraq Səudiyyəyə avtobusla yollanıb...

“Mən evdə dedim ki, Həcc ziyarətinə getmək istəyirəm, şok oldular. O zaman İraqda müharibə başlayırdı. Evdə bir neçə həftə mənimlə danışmadılar. Dedilər yol çox çətindir. Bir ay ərzində yalvardım ki, məni buraxın. Nəhayət, 2003-cü il fevralın 28-də biz Həcc ziyarətinə getdik. O zaman 26 yaşım var idi. Yaşımı ziyarətdə qeyd elədim. Sayını deməyi sevmirəm, amma bir neçə dəfə Həccə getmişəm. Deyə bilərlər ki, sənin yerinə başqa adam da gedə bilərdi, amma Allah yetiribsə, getmək lazımdır. Mən il boyu bu yolun arzusu ilə yaşayıram. Ən müqəddəs yoldu, ən müqəddəs bir ziyarətdi. Hər kəsə nəsib olsun. Çox maraqlı bir anlar keçirirsən Kəbəni görəndə, insan özünü sanki o biri dünyada kimi hiss edir, hər şeydən uzaqlaşırsan, bütün problemlərdən, adi, gündəlik həyatdan, sadəcə özün və sənin vicdanın haqqın, Allahın qarşısında olur. Ümumiyyətlə Allah-Təala hər kəsə, kimin ki arzusu var ora getmək, o ziyarəti yetirsin. Çox gözəl bir missiyadır”.
 


Həcc ziyarətində, 2022-ci il...


Xeyirxahlıq haqqında söz düşəndə Hacı Nuran ilk növbədə valideynlərini misal gətirir. 2018-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Sosial İş ixtisası üzrə təhsil alan tələbələrlə görüşdə Nuran atası Nəriman Hüseynovla bağlı maraqlı uşaqlıq xatirəsini bölüşüb.

“Balaca bağımız var idi. Atam hardansa bir alma ağacı gətirmişdi. Bu ağac il ərzində 4 çox böyük ölçülü meyvə gətirirdi. Çox maraqlı ağac idi. Gətirdiyi almanın hər biri hardasa 500 qrama yaxın çəkidə olardı. Biz hər il gözləyirdik bu almalar yetişsin və ondan dadaq. Bir gün atamın dostu bizə qonaq gəlmişdi. Dedi nə gözəl ağacdı, istərdim bizdə bu ağacdan olsun. Atam o ağacı çıxarıb dostuna hədiyyə verdi. Mən o zaman ağlayırdım ki, niyə verdin, mənim bağda ən sevdiyim ağac idi. Atam dedi Allah yetirər, başqasını taparıq. Doğurdan Allah yetirdi. Atam hardansa eyni ağacdan gətirmişdi.
Sovet dönəmində bizim bir mənzilimiz var idi. Başqa bir mənzil isə dövlət tərəfindən verilmişdi. Atam ikinci mənzil veriləndə qaldığımız mənzilin açarlarını dövlətə qaytardı və biz köçdük yeni mənzilə. Çox adam deyirdi ki, siz köhnə mənzili də özünüzdə saxlaya bilrəsiz. Atam bunu etmədi. O qədər düzgün adam idi”.

Onun arzusu Azərbaycanda bütün uşaq evlərini gəzmək idi. Hacı Nuran ilk baxışdan hər kəsə xəyal görünən bu arzunu reallığa çevirməyi bacardı. Bunun üçün ona cəmi 15-20 il lazım oldu. Bəlkədə önəmli deyil, bu illər ərzində Hacı Nuran neçə soydaşımıza yardım olunmasında vasitəçi olub, əslində önəmli olan məhz xeyirxahlıq işlərinin təbliği idi. Bu yolda o bu gün də inamla addımlayır.

Hacı Nuran: “Allaha hər zaman şükür edirəm, dua edirəm. İlk növbədə Allah məni tək qoymayıb, Allaha inamım mənə kömək olub. Hər şeyi idarə edən Allahdır. Çalışaq hər dəqiqənin qədrini bilək. Həyat çox qısadır. İnsanlara ancaq yaxşılıq edək və yaxşılıq görək”.

 

Mahmud Rövşənoğlu,
ATV-nin Xəbərlər Departamentinin müxbiri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər