Modern.az

Qarabağ ermənilərinə qaçqın statusu verilə bilməz - SƏBƏB

Qarabağ ermənilərinə qaçqın statusu verilə bilməz - SƏBƏB

Qarabağ

31 Yanvar 2022, 12:02

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Qarabağdan qaçaraq Ermənistana yerləşən bir qrup erməni İrəvanda etiraz aksiyası keçirib. Etirazçılar onlara qaçqın və ya köçkün statusunun verilməsini tələb ediblər.

 

Qarabağ ermənilərinin status tələbi hüquqi baxımdan nə dərəcədə doğrudur?

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a bildirib ki, ermənilərin belə tələb irəli sürməsi absurddur:

 

“Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Ermənilər uzun illər bizim ərazilərimizdə yaşayıblar. Həmin şəxslər Ermənistan vətəndaşlığını qəbul edərək, bu ölkəyə qaçıblarsa, onlar qaçqın statusu altına düşmürlər. Çünki onların torpaqları işğal olunmayıb, Azərbaycan öz ərazilərini işğaldan azad edib. Həm də onları heç kim Qarabağdan qovmayıb, təzyiqlər göstərilməyib. Azərbaycan ərazilərində yaşamalarına baxmayaraq, Ermənistan vətəndaşlığını qəbul ediblər. İndi həmin şəxslərin qaçqın statusu tələb etməsi hüquqi baxımdan da qəbuledilməzdir və mümkün deyil. Çünki Qarabağ Azərbaycan torpağıdır".

 

 

Ç.Qənizadə vurğulayıb ki, Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, qanunlarımıza hörmətlə yanaşarlarsa, hər bir vətəndaşımıza verilən imtiyazlar Qarabağda yaşayan ermənilərə də şamil olunacaq:

 

"Bu, onların öz problemidir, yəni bütün hallarda qaçqın və ya köçkün statusu əldə edə bilməyəcəklər. Beynəlxalq hüquq da bunu tələb edir ki, hansısa dövlətin ərazisində yaşayan azlıq o dövlətin vətəndaşıdır və dövlət də qayğısına qalmalıdır. Azərbaycan dövləti buna hazırdır. Amma onlar beynəlxalq ictimaiyyəti çaşdıraraq güman edirlər ki, status əldə edəcəklər, lakin, bu mümkün deyil”.

 

 

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin status məsələsi Qaçqınların statusu haqqında Konvensiya, Qaçqınların statusu haqqında 1967-ci il Protokolu və s. beynəlxalq hüquqi sənədlərlə və milli qanunvericilik aktları ilə tənzimlənir:

 

“Şəxsən mənim üçün maraqlıdır ki, Qarabağdan Ermənistana gedən ermənilər necə status alacaqlar? Əvvəla, onların əksəriyyəti Ermənistan vətəndaşlarıdır və bu 30 ildə məqsədli şəkildə Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılıblar. Belə olan halda onlara heç bir status verilə bilməz. İkincisi, yox, əgər onlara qondarma “DQR” pasportları verilibsə, bununla da onlara qaçqınlıq statusu verilməsi beynəlxalq hüquqa ziddir. Çünki qondarma “DQR” beynəlxalq hüququn subyekti deyil, bu “qurumu” dünyanın heç bir ölkəsi tanımayıb. Yeganə yol qalır ki, həmin insanlar Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Belə çıxır ki, qaçqın statusu almaq üçün həmin ermənilər Ermənistan və ya qondarma “DQR” yox, məhz Azərbaycan vətəndaşı olduqlarını etiraf etmək məcburiyyətindədirlər. Bu da inanmıram ki, həmin ermənilər üçün xoşbəxt gələcək təmin etsin, çünki onların əksəriyyəti 30 il ərzində Azərbaycan xalqına və dövlətinə qarşı kifayət qədər hərbi və digər ağır cinayətlər törədiblər. Azərbaycan pasportu daşıyacaqları təqdirdə Azərbaycan vətəndaşı kimi ölkəmizin qanunları qarşısında törətmiş olduqları cinayətlərə görə cavab verməlidirlər. Demək, Azərbaycan dövlətinin onların cinayətlərini əsaslandırdıqdan sonra Azərbaycana təhvil verilməsini tələb etmək hüququ yaranır.

 

Ona görə də illər boyu Azərbaycan insanına, yaşayış məntəqələrinə, təbiətinə, abidələrinə qarşı insanlığa sığmayan vəhşiliklər törətmiş və bu gün qaçqın statusu ilə ağ gün axtarışında olan həmin terrorçu, cinayətkar ermənilərin qara günləri hələ qabaqdadır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi