Ötən ilin ən yadda qalan hadisələri haqqında bu gün çox danışılır. Kimlərsə “EUROVİSİON-2012” musiqi yarışmasını, kimlərsə digər beynəlxalq tədbirləri, nəhəng iqtisadi layihələrin həyata keçirilməsini ilin ən önəmli hadisəsi hesab edirlər. Təbii ki, hər kəsin öz yanaması və öz arqumenti var.
Mənim fikrimcə, Qəbələ RLS-dən Rusiyanın imtina etməsi 2012-ci ilin ən mühüm hadisələrindən biridir. Qeyd etmək lazımdır ki, 1985-ci ildə istismara verilən bu radiolokasiya stansiyası keçmiş SSRİ-nin raket əleyhinə müdafiə kompleksinin 8 stansiyasından biri olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra stansiyanın Rusiya tərəfindən istismarına icazə verilib. İki ölkə arasında 2002-ci ildə imzalanmış müqaviləyə əsasən RLS 2012-ci ilədək Rusiyaya faktiki olaraq çox simvolik qiymətə icarəyə verilmişdi.
Ötən ilin dekabr ayında Rusiyanın Qəbələ RLS-dən bir tərəfli qaydada imtina qərarı əslində alqışlanmalı addım idi. Nəhayət ki, Rusiya tərəfindən də belə düşünülmüş, ağıllı qərarlar verildi. Düzdür, bu addımın arxasında nələrin dayandığını bilmirik. Bütün hallarda Azərbaycan üçün və o regionda yaşayan əhali üçün faydalı qərardır. Bəzi insanlar hesab edir ki, bu addım Şimal qonşumuzun Azərbaycanda xoşagəlməz siyasətinə rəvac verəcək, imperiya iddialarının yenidən baş qaldırmasına səbəb olacaq. Bütün bunlar istisna olunmur.
Ancaq bir vacib məqamı da unutmaq olmaz ki, Rusiyanın rolu bəzən həddindən artıq şişirdilir. Digər tərəfdən Rusiyanın dünyanın müxtəlif regionlarında, o cümlədən Dağlıq Qarabağda konfliktlərin yaranmasında yetərincə təcrübəsi olmasına baxmayaraq getdikcə öz mövqeyini itirməkdə davam edir. Demək olar ki, müxtəlif səbəblərə görə, Rusiyanın tək Cənubi Qafqazda deyil, dünyanın bir çox regionlarında mövqeyi getdikcə zəifləməkdədir. Onu da qeyd etmək lazımdır ki, həmin stansiyandan Rusiyanın davamlı istifadəsi və ümumilikdə, Rusyanın orada mövcudluğu müstəqil Azərbaycan üçün təhdid idi. Bu gün sevindirici haldır ki, bütün bu proseslər sakit şəkildə öz yolunu tapır.
Digər bir məqama diqqət yetirmək lazımdır. Hələ sovetlər birliyi dönəmində inşa olunan Qəbələ radiolokasiya stansiyası imperiya dairələrinin Azərbaycana qarşı strateji təxribat planı da ola bilərdi. Məlumatlara görə, 1975-ci ildə SSRİ Hərbi Sənaye Kompleksinin mütəxəssisləri belə bir stansiyanın coğrafi-ərazi baxımından Ermənistanda tikilməsini məqbul hesab etmişdilər. Sonradan Ermənistanın 1-ci katibi işləyən Karen Dəmirçiyan hansısa yollarla bunun qarşısını almışdı. Görünür, bu da növbəti erməni hiyləgərliyi olub.
Bu gün Rusiyanın hansı siyasət yürüdəcəyinin fərqinə varmadan Qəbələ məsələsinə keçək. Həmin bölgənin əhalisi Qəbələ RLS-in fəsadlarını çoxdandır hiss edirdilər. Ekoloqların, həkimlərin elektromaqnit dalğasının mənfi təsiri barəsində söylədiyi məlumatları təkrarlamadan bir faktı qeyd etmək istərdim. 2008-ci ildə mən həmin bölgədə Avropa Birliyinin maliyyələşdirdiyi Qafqaz Regional Ekoloji Mərkəzinin layihəsi çərçivəsində narahatlıq döğuran bir hadisənin şahidi oldum. RLS-ə yaxın olan, qonaq getdiyimiz bir kənddəki mənzərə çox təsirli idi.
Həmin kənddə meyvə ağaclarının kütləvi şəkildə cırlaşmasını, bar verməməsini müşahidə etdim. Yerli sakinlər bunun səbəbini yaxınlıqdakı Qəbələ RLS-nin mənfi təsiri ilə bağlı olduğunu bildirdilər. Bu stansiya tək meyvə bağlarına deyil, həmçinin insan həyatına da təsirsiz ötüşməyib. Yerli sakinlər bildirirdilər ki, bu ərazilərdə doğulub boya-başa çatan və indi ailə həyatı quran gənclərdə sonsuzluq, ümumiyyətlə, əhalidə isə xərçəng və digər xəstəliklərinin yayılma sürəti xeyli artıb.
Təbiətin öz sərt qanunları var. Təsir əks təsirə bərabərdir qanununu görünür təbiət özü icra edirdi. Təbii ki, bu gün biz bütün bunları araşdırsaq ortaya daha ciddi faktlar çıxacaq. Rusyanın icarəyə götürdüyü Qəbələ RLS bu regiona, əhalinin sağlamlığına vurduğu ziyanın miqyası çox genişdir. Ancaq necə deyərlər ziyanın yarısından qayıtmaq da xeyirlidir. Bu gün həmin stansiyanın yalnız demantajı haqqında fikirləşməliyik.
Azərbaycan üçün ən qiymətli sərvət onun əhalisidir. Əhalinin sağlamlığına və Qəbələnin gözəl təbiətinə vurulan zərbəni heç bir kompensasiya, Rusiyanın verdiyi qəpik-quruş icarə haqqı əvəz edə bilməzdi. Ona görə də bu stansiyanın qapadılmasında, bütün formalarda əməyi olan, rolu olan insanları yalnız alqışlamaq lazımdır.