Modern.az

Məktəblərdə nə baş verir: Çıxış yolunu necə tapaq? - TƏKLİFLƏR

Məktəblərdə nə baş verir: Çıxış yolunu necə tapaq? - TƏKLİFLƏR

Təhsil

31 Yanvar 2022, 13:14

Son günlər Azərbaycanda orta məktəblər tez-tez neqativ mövzularla, rüşvət, korrupsiya halları, müəllim-şagird münasibətlərində yaranan biabırçı vəziyyətlə gündəmə gəlir. Təhsil müəssisələrində yaranmış mövcud durum cəmiyyətin ciddi narazılığına, narahatlığına səbəb olur. 


Hər kəsi düşündürən suallar demək olar ki, eynidir: Azərbaycan məktəblərində müəllim-şagird münasibətləri niyə bu səviyyədədir? Günah təhsildədir, valideyndə, yoxsa cəmiyyətdə?


Mövcud problemlə əlaqədar fikirlərini Modern.az-la bölüşən deputat Ceyhun Məmmədov orta məktəblərdə xüsusilə rüşvət məsələsinin bağışlanmaz olduğunu deyib. Deputatın fikrincə, baş verən hadisələr göstərir ki, təhsildə rüşvət problemi ilə bağlı daha ciddi, sərt tədbirlər görülməlidir: 


"Hamı bilməlidir ki, məktəb yalnız təlim- tədrislə məşğul olmaq üçündür. Bütün bu halları nəzərə alaraq müəllimlərin, direktorların rüşvət alması ilə bağlı fakt aşkarlanan zaman onlar daha sərt cəzalandırılmalıdır. Biz məktəblərdə təhsilin keyfiyyətindən danışmaq istəyiriksə, orada bir qəpik rüşvətdən söhbət gedə bilməz. Təhsil müəssisəsində ya təhsil, ya rüşvət ola bilər. Rüşvət olan yerdə isə təhsilin inkişafından söhbət gedə bilməz. Əgər məktəblərdə şagirdlərimizin layiqli, tərbiyəli, savadlı vətəndaş kimi yetişməsini istəyiriksə, birmənalı olaraq rüşvətə son qoymalıyıq. Biz yaxın perspektivdə məktəblərdə korrupsiyadan, neqativ hallardan söhbət belə açmamalıyıq”.

 


Millət vəkili orta məktəb şagirdlərinin təhsil müəssisəsində neqativ davranışlarının əsas səbəbi kimi valideynlərə diqqət çəkib. Ceyhun Məmmədov deyib ki, valideynlər övladlarına daha çox vaxt ayırmalı, tərbiyəsi ilə daha ciddi məşğul olmalıdırlar:


"Digər tərəfdən, məktəblə valideyn arasında ciddi kommunikasiya qurulmalıdır, bu, vacibdir. Əvvəllər davamlı olaraq valideyn iclasları keçirilirdi. İndi isə pandemiya səbəbindən dayandırılıb. Məktəblərdə maarifləndirici, tərbiyələndirici söhbətlər, müzakirələr geniş şəkildə aparılmalı, televiziyalarda, sosial şəbəkə platformalarında bu istiqamətdə sistemli şəkildə ciddi işlər həyata keçirilməlidir. Şagirdlərin cinayətkar elementlərə marağının artmasında sosial şəbəkələrdə kriminal aləmin xoşagələn, prestijli iş kimi təqdim olunmasının da rolu böyükdür. Biz kompleks şəkildə mübarizə aparmalıyıq. Uzun müddətdir, Azərbaycanda sosial şəbəkələrlə bağlı çox geniş müzakirələr aparılır. Burada diqqət yetirilməsi vacib olan istiqamətlərdən biri gənclərin bu kimi neqativ hallardan qorunması barədə görülən işlərdir. Çünki sosial şəbəkə faktorunun tamamilə qarşısını almaq mümkün deyil, sadəcə daha müsbət işlərdə rol oynamasına kömək edə bilərik. Məktəblərdən yayılan son videolar çox ciddi mətləblərdən xəbər verir, buna etinadsız yanaşmaq olmaz. Bu istiqamətdə təhsil ekspertləri və peşəkar mütəxəssislərlə ictimai dinləmələr keçirilməlidir. Son yayılan videolar bizə göstərdi ki, məktəb direktorlarının seçimində də diqqətli olmaq lazımdır. Onların hansı təcrübəyə malik olması, peşəkarlıq səviyyəsi nəzərə alınmalıdır”.

 


Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, neqativ halların qarşısını almaq üçün məktəblərdə ciddi işlər görülməlidir. Ən başlıcası, şagirdlərin diqqətini sırf dərsə yönəldə bilməsi üçün məktəbə gətirilən mobil telefonlar onlardan yığılmalıdır:


“Orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni məktəbə daxil olması, məktəbdən çıxması barədə valideyninə operativ məlumat verir. Şagirdlər mobil telefonları məktəbdə mənfi davranışlarını qeydə almaq üçün, müəllimi, dərs prosesini çəkmək üçün istifadə edə bilməzlər. 
Təklif edirəm ki, orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar. Qanunvericilik aktlarına uyğun olaraq deyə bilərəm ki, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər”.

 

Aysel Aslan 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda hazırlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama