Modern.az

Ermənistanda prezidentliyə yeni namizəd satqın-siçovul ADLANDIRILDI

Ermənistanda prezidentliyə yeni namizəd satqın-siçovul ADLANDIRILDI

Dünya

31 Yanvar 2022, 14:17

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan özünün Facebook səhifəsində hakim “Mülki müqavilə” partiyasının prezidentliyə namizəd elan etməyə hazırlaşdığı nazir Vahan Xaçaturyanı təhqir edib.

Modern.az xəbər verir ki, sosial şəbəkədə bütün ermənilərə müraciət edən Armen Aşotyan Vahan Xaçaturyanı satqın və siçovul adlandırıb.
 

“Əziz insanlar, tezliklə adi satqın, siçovul sizin prezidentiniz olacaq”,-deyə Respublika Partiyasının sədr müavini bildirib.
 

“Dünən hakim partiya Ermənistan prezidentliyinə namizədinin adını açıqlayıb. Razıyam ki, indiki vəziyyətdə onun kim olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki o, xəyanətkar Nikolun (baş nazir Paşinyan - red.) türklər və azərbaycanlılarla bağlı göstərişlərinə əməl edəcək”.

Armen Aşotyan xatırladıb ki, Vahan Xaçaturyan uzun illər eks-prezident Levon Ter-Petrosyanın komandasında olub. Ter-Petrosyan da vaxtilə komandasını dəyişən Vahan Xaçaturyan haqqında “siçovul” ifadəsini işlədib.

Armen Aşotyan Ermənistanın hazırda müxalifətdə olan keçmiş prezidenti Serj Sarkisyanın sədri olduğu Respublika Partiyasının rəhbərliyində təmsil olunur. Bu partiya Qarabağdakı məğlubiyyəti həzm edə bilməyərək, revanşist bəyanatlar verməklə məşğuldur.

Qeyd edək ki, Vahan Xaçaturyan hazırda Ermənistanın yüksək texnologiyalar sənayesi naziri postunda çalışır.

O, 22 aprel 1959-cu ildə Sisiyan şəhərində anadan olub.

1980-ci ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.

1982-1989-cu illərdə "Razdanmaş" İstehsalat Birliyində işləyib, 1989-1992 –ci illərdə "Mars" dövlət müəssisəsinin baş direktorunun müavini postunda çalışıb.

1990-1996 –cı illərdə İrəvan Şəhər Şurasının üzvü olub.

1995-1999 –cu illərdə Ermənistan parlamentinin deputatı olub.

1996-1998 –ci illərdə Ermənistan prezidentinin müşaviri postunu tutub.

2000-ci ildə “Armat” Demokratiyanın və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin təsisçi üzvü, 2002-ci ildə Siyasi Elmlər, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti olub.

2019-2021 –də “Armeconombank” ASC-nin İdarə Heyətinin üzvü olub.

2021-ci il avqustun 4-də Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri təyin edilib.

Ailəlidir, iki övladı var.


Yanvarın 23-də Armen Sarkisyan Ermənistan prezidenti postundan istefa vermək barədə qərarını elan edərək, ölkənin və millətin daxili və xarici siyasətin fundamental proseslərinə təsir etmək üçün indiki çətin zamanda lazımi alətlərə malik olmadığını bildirib. Parlament yeni prezidenti seçənə qədər onun səlahiyyətlərini müvəqqəti olaraq spiker Alen Simonyan icra edəcək.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal