Dekabrın 4-də Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın Məclisi öz növbəti sessiyası keçirilib. Modern.az “Yeni Müsavat”a istinadən bildirir ki, Məclis üzvlərinin partiyanın himnini ifa etməsindən sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Verilən xəbərə görə, Məclisin toplantısının gündəliyində bir sıra məsələlərlə yanaşı, Müsavat başqanı İsa Qəmbərin prezidentliyə rəsmən namizəd olaraq irəli sürüləcəyi gözlənilirdi.
Bu səbəbdən də Məclisin toplantısına maraq böyük olub, Məclis üzvləri ilə yanaşı, çox sayda sıravi müsavatçılar da partiyanın qərargahına toplaşıb.
Bir sıra təşkilati və cari məsələlərin müzakirəsindən sonra ötən ilin yekunları və ölkədəki ictimai-siyasi durum barədə məruzə etmək üçün söz Müsavat Partiyasının başqanı İsa Qəmbərə verilib. İsa Qəmbər rəhbərlik etdiyi partiyanın 2012-ci ildəki fəaliyyəti və növbəti ildə onun qarşısında duran vəzifələr barədə danışaraq bildirib ki, bu gün qərar verilməli və dərhal seçki hazırlıqlarına başlamalıdırlar.
Müsavat başqanı daha sonra dörd aya yaxın bir müddətdə ölkənin siyasi həytında böyük ajiotaj doğurmuş videogörüntülərdən, hakimiyyəti ifşa edən mandat alverindən rüşvətxorluq qalmaqalından bəhs edib.
Daha sonra İsa Qəmbərin Müsavat Partiyasından Azərbaycan Respublikasının prezidenti postuna namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. İsa Qəmbərin namizədliyini partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı irəli sürüb, Məclis üzvləri başqanın prezidentliyə namizəd irəli sürülməsi təklifini yekdilliklə dəstəkləyiblər.
Modern.az