Modern.az

Prezidentin çıxdaş etdiyi məmurlar - növbə kimindir? - SIYAHI

Prezidentin çıxdaş etdiyi məmurlar - növbə kimindir?  - SIYAHI

5 Yanvar 2013, 12:50


2013-cü ilin Azərbaycan üçün maraqlı hadisələrlə yadda qalacağı şübhəsizdir. Bu ilin payızında keçiriləcək prezident seçkiləri öncəsi həm iqtidar, həm də müxalifət daxilində gəginliklər yaşanır. Müxalifət daxilində qarşıdakı seçkilərdə vahid namizədlə iştirak edib-etməməklə bağlı mübahisələr gedirsə, iqtidarda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ayrı-ayrı məmurlar barəsindəki sensasion açıqlamaları və yaydığı videomateriaların yaratdığı silkələnmələr müzakirə mövzusudur.
Bəzi ekspertlərə görə, “silkələnmələrdən” sonra hakimiyyətin yüksək postlar tutan bir sıra məmurlarla prezident seçkilərindək vidalaşacağı ehtimalı böyükdür. Son hadisələrin də buna doğru apardığı iddia olunur.
Bundan öncə keçirilmiş parlament və prezident seçkiləri öncəsi və sonrası yüksək postlar tutan bəzi məmurların vəzifələrindən kənarlaşdırıldığının şahidi olmuşuq.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu müddətdə - 2003-cü ildən bəri - mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərliyində təmsil olunan hansı məmurlarla vidalaşmışdı, gəlin onları yada salaq.

Sabiq rabitə naziri Nadir Əhmədov. 1997-ci ildən sonra 7 il rabitə naziri vəzifəsində işləyən Nadir Əhmədov 2004-cü ildə ölkə başçısı tərəfindən təqaüdə göndərildi.

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov. Təxminən 10 il nazir postunu tutan general-polkovnik N.Abbasov 2004-cü ilin iyulunda işdən çıxarıldı.

Sabiq kənd təsərrüfatı naziri İrşad Əliyev. 1994-cü ildən 2004-cü ilədək kənd təsərrüfatı naziri postunda əyləşən İrşad Əliyev ölkə rəhbərinin sərəncamı ilə yeksək vəzifə vidalaşmalı oldu.

Hesablama Palatasının sabiq sədri Namiq Nəsrullayev. 2001-ci ildə Milli Məclis tərəfindən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilən N.Nəsrullayev bu vəzifədə 2007-ci ilədək qala bildi. Həmin ilin aprel ayında N.Nəsrullayev səhhəti ilə əlaqədar öz xahişi ilə Hesablama Palatasının sədri vəzifədən azad edildi.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev. Fərhad Əliyev 2001-ci ildə yaradılan İqtisadi İnkişaf Nazirliyinin rəhbəri təyin olunmuşdu. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs olundu. Sonra eks-nazir 10 il müddətinə azadlıqdan məhrum edildi.

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev. 2005-ci il oktyabrın 19-da president İlham Əliyev Heydər Babayevi qtisadi inkişaf naziri postuna təyin etdi. Amma sələfi kimi o da bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il oktyabrın 30-da Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu.

“Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov. Mərhum eks-prezident Heydər Əliyevin dövründə əməkdar mühəndis, texnika elmləri doktoru kimi yüksək titullar əldə edən, “Azərkimya” Dövlət Şirkətinin prezidenti postunu tutan, həm də Milli Məclisin deputatı seçilən, orden və medallarla təltif olunan Fikrət Sadıqov 2005-ci ildə sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, habelə Prezidentin İcra Aparatının işlər müdiri olmuş Akif Muradverdiyevlə birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən çıxarıldı. Amma F.Sadıqov bir neçə gün istintaq təcridxanasında saxlanıldı, sonra isə ev dustağı edildi. Daha sonra o, AMEA-nın Kimya Problemləri İnstitutunda kiçik vəzifəyə - qrup rəhbəri vəzifəsinə təyin olundu.

Sabiq səhiyyə naziri Əli İnsanov. 1993-cü ildən 2005-ci ilədək səhiyyə naziri vəzifəsində çalışan Əli İnsanov indiki hakimiyyəti dövründə işdən çıxarılan nüfuzlu məmurlardandır. 2005-ci ildə parlament seçkiləri öncəsi işdən çıxarılan İnsanov 2007-ci ilin aprel ayında korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildib.

Ali Məhkəmənin sabiq sədri Südabə Həsənova. 2000-ci il aprelin 18-də Ali Məhkəmənin sədri təyin edilən Südabə Həsənova 2005-ci il aprelin 19-da bu vəzifədən azad edildi.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Yeni Azərbaycan Partiyasının qurucularından və nüfuzlu liderlərindən  sayılan Ə.Nağıyev 1996-cı ilin noyabrından başlayaraq düz 10 il əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışdı. Prezident İlham Əliyev hakimiyyətə gələndən bir neçə il sonra - 2006-cı ilin fevralında Əli Nağıyevi nazir postundan azad etdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev. Rafiq Əliyev 2001-ci ildə o zaman yeni yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin eddilmişdi.
2003-cü ilin oktyabrında prezident seçilən İlham Əliyev Nazirlər Kabinetini yenidən formalaşdırarkən R.Əliyev Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri vəzifəsinə təsdiqlənmədi. O, düz iki il 8 ay komitə sədrinin səlahiyyətlərini icra etməli oldu. Nəhayət 2006-cı il iyunun 27-də R.Əliyev komitə sədrinin vəzifəsini icra edən

Sabiq maliyyə naziri Əvəz Ələkbərov. 1999-cu ilin iyulundan 2006-cı ilin aprelinə kimi maliyyə naziri postutunu tutan Əvəz Ələkbərov da iqtidarın çıxdaş etdiyi məmurlar sırasına daxildir.

“Azəriqaz”ın sabiq sədri Əlixan Məlikov. 2000-ci ilin fevral ayında “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna təyin edilən Əlixan Məlikov 2009-cu ilin iyulunda vəzifəsindən kənarlaşdırıldı.

Milli Məclisin sabiq sədri Murtuz Ələsgərov. Mərhum M.Ələsgərov iki dəfə - 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilib. O, 2005-ci ildə keçirilmiş parlament seçkilərində deputat mandatı əldə etsə də, Milli Məclis sədrliyindən kənarda qaldı. Yeni Azərbaycan Partiyası 2010-cu ildə keçirilən parlament seçkilərində yaşını nəzərə alaraq M.Ələsgərovun adını namizədlər siyahısına daxil etmədi.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sabiq sədri Nizami Xudiyev. O, 1996-cı ilin sentyabr ayından 2006-cı ilədək AzTV-nin rəhbəri oldu.

Sabiq mədəniyyət naziri Polad Bülbüloğlu. 1989-cu ildәn Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunan Polad Bülbüloğlu 2006-cı ildə bu yüksək vəzifə ilə vidalaşmalı oldu.

Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev. O, 1993-cü il noyabrın 6-da Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu. Düz 14 il Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində işləyən M.Əliyev 2007-ci il iyunun 27-də vəzifəsindən getməsilə bağlı raport yazıb. Məlumatlara görə, M.Əliyevin vəzifəsindən getməsi onun daxili işlər naziri Ramil Usubovla münasibətlərinin kəskinləşməsi nəticəsində baş verib.

Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Gündüz Məmmədov, Satınalmalar üzrə Dövlət Agentliyinin eks-direktoru İmran Mehdiyev də İlham Əliyevin prezidentliyi müddətində tutduqları yüksək vəzifələrdən kənarlaşdırılan  məmurlar olublarş

Maraqlıdır, seçkilərə doğru getdiyimiz bu ildə hansı məmurlar uzun illərdir “zəbt etdikləri” kresloları ilə vidalaşacaqlar? Gözləyək...

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi