Azərbaycan paytaxtında atışma olub, bir nəfər ölüb, iki nəfər yaralanıb. Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə ötən gecə Balaxanı qəsəbəsində qeydə alınıb.
İki qrup arasında baş verən davada odlu silahdan və bıçaqdan istifadə edilib. Nəticədə Bakı şəhər sakinləri – Sadiq Musayev və Elçin Əliyev güllə yarası alıblar. Elxan Bayramzadə isə bıçaqlanaraq qətlə yetirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisənin digər iştirakçıları da müəyyənləşib. Məlum olub ki, davada yuxarıda adı çəkilən şəxslərdən başqa, Bakı şəhər sakinləri - Tahir Musayev, Əsəd Əliyev, onun qardaşları Teymur və Seymur Əliyevlər, həmçinin Ə. Əliyevin oğlu Məhəmməd Əliyev də iştirak edib. Hadisə iştirakçılarından bir neçəsi saxlanıb. Hazırda hadisənin digər iştirakçılarının tutulması istiqamətində tədbirlər davam etdirilir.
Baş vermiş hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Modern.az