Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı qarşıdurma barədə rəsmi məlumat yayıb. Modern.az bildirir ki, DİN-in məlumatına görə, yanvarın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində, qəsəbə sakinləri Əsəd Əliyev, onun oğlu Məhəmməd və qardaşı Seymur münaqişə zəminində Bakı şəhər sakinləri Elçin Əliyevə və Sadiq Musayevə tapançadan, Elxan Bayramzadəyə isə bıçaqla xəsarət yetiriblər. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
E.Bayramzadə və E.Əliyev orada ölüb, S.Musayevin vəziyyəti isə qənaətbəxşdir. Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əliyev və M.Əliyev tutulub, hadisə törədilərkən istifadə edilmiş 1 ədəd "Makarov" tipli tapança və bıçaq onlardan götürülüb, Seymurun tutulması üçün tədbirlər davam etdirilir.
Bu arada silahlı hücuma məruz qalaraq yaralanan Sadiq Musayevin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin qardaşı oğlu olduğu öyrənilib.
Modern.az