Modern.az

Prezident tapşırdı: “Allahşükür Paşazadənin izi ilə” ziyarət turu açılacaq

Prezident tapşırdı: “Allahşükür Paşazadənin izi ilə” ziyarət turu açılacaq

2 Fevral 2022, 17:21

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 2-də Özbəkistan Respublikasının ölkəmizdə Fövqəladə və səlahiyyətli səfiri qəbul edib.
     
QMİ-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Özbəkistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açılıb. Bildirilib ki, qardaş ölkələrin dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən dost Azərbaycan və Özbəkistan xalqlarının ümumi mənafelərinə xidmət edir. Şeyxülislam A.Paşazadə İslam dünyasının ayrılmaz parçası olan, milli və mənəvi dəyərlərinə sadiq dünyəvi dövlət modellərinə malik Azərbaycan və Özbəkistan dövlətlərində milli-mənəvi irsə qayğı və dövlət himayəsini dəyərli nümunə kimi qiymətləndirib.

Görüşdə İslam dünyasının tanınmış elm, irfan məkanı olaraq təşəkkül tapmış mənəvi mərkəzlərindən biri olan Özbəkistanın dini-mənəvi məkanlarının tanıdılması vacibliyinə diqqəti çəkən səfir Bahrom Aşrafxanov ölkəsində bu istiqamətdə görülən işlər barədə QMİ sədrinə ətraflı məlumat verib. 

Səfir bildirib ki, Özbəkistan Prezidentinin tapşırığı ilə özbək hökuməti xüsusi qərar qəbul edib ki, Özbəkistanın dünya şöhrətli, 500 illik tarixə malik Mir-Ərəb mədrəsəsinin, Daşkənd İslam Universitetinin dünyada tanınan şöhrətli məzunu –Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə özbək torpağının tarixi məkanları – Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərin dini-mənəvi məkanlarına ziyarətlərin təşkili «Allahşükür Paşazadənin izi ilə» devizi altında həyata keçirilsin.

Səfir B. Aşrafxanov Şeyxülislam Allahşükür Paşazadənin Özbəkistanda böyük nüfuza malik olduğunu, hər zaman ehtiramla qarsılandığını vurğulayıb. Azərbaycandan, Qafqazdan təşrif buyuracaq zəvvarlar üçün ziyarət turunun tabloidini QMİ sədrinə təqdim edib.

Şeyxülislam A. Paşazadə Özbəkistanı hər zaman ikinci vətəni saydığını, ömrünün təhsillə bağlı illərini bu ölkədə keçirdiyini, özbək xalqını və onun zəngin mədəniyyətini, mənəvi irsini yüksək dəyərləndirdiyini söyləyib.  

QMİ sədri xüsusi vurğulayıb ki, Özbəkistan dövləti Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə İslam İntibahı dövrünü yaşayır. Xalqının milli-mənəvi dəyərlərinə yüksək ehtiram bəsləyən Özbəkistan dövlət başçısı tərəfindən həyata keçirilən, qısa müddət ərzində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi, beynəlxalq tədqiqat mərkəzləri, elmi ocaqlarının yaradılması, özbək xalqının zəngin mənəvi irsinin xaricdə dərindən öyrənilməsinə və tanıdılmasına yönəlmiş dövlət siyasətinin nəticələri böyük əhəmiyyət kəsb edir. Şeyxülislam A. Paşazadə Özbəkistan liderinin İslam irsinə, mənəvi dəyərlərə ali himayə və diqqətini yüksək qiymətləndirib, Uca Allahdan onun bu möhtəşəm fəaliyyətinə xeyir-dualar diləyib.

 Şeyxülislam A. Paşazadə Özbəkistana ziyarət turlarının Azərbaycanda maraqla qarşılanacağına əminliyini ifadə edib və bu nəcib işə uğurlar arzulayıb. QMİ sədri Özbəkistana ziyarət səfərlərilə bərabər yaxın gələcəkdə Azərbaycanın dini-mənəvi məkanlarına ziyarətlərin, o cümlədən, azad olunmuş Qarabağ torpaqlarına turların təşkil ediləcəyinə ümidvar olduğunu bildirib.

Şeyxülislam A. Paşazadə özbək səfirə bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə danışıb. QMİ sədri bildirib ki, dinlərarası dialoq müstəvisində, müsəlman-xristian əlaqələri tarixində önəm kəsb edən səfər Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, İslam dünyası ilə əlaqələrin inkişafına öz töhfəsini vermək, yeni imkanlar açmaq baxımından uğurlu və perspektivli olub. A. Paşazadə qeyd edib ki, Vatikandakı görüşlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən, Özbəkistanla əlaqələrdə maraqlı olduqları və münasibətlərin qurulmasında QMİ-nin bu regiondakı nüfuzundan yararlanmaq istəkləri vurğulanıb.

Görüşdə Türk Dövlətləri Birliyi çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi  əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər