Ermənistanda prezident seçkiləri martda keçiriləcək. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib.
“Ümid edirəm ki, martda keçiriləcək seçkilərə qədər siz yüksək texnologiyalar sənayesi nazirinin vəzifələrini tam yerinə yetirəcəksiniz və bu müddət ərzində biz səmərəli işləyəcəyik”, - Paşinyan prezidentliyə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryana müraciət edərək deyib.
Baş nazir bildirib ki, Xaçatryanın namizədliyini parlamentin 65 deputatı irəli sürüb və bu, hakimiyyətdən gələn namizədin prezident seçiləcəyinə inam yaradır.
Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.