Modern.az

Qışda İlisuda olmağın özgə ləzzəti var imiş - REPORTAJ

Qışda İlisuda olmağın özgə ləzzəti var imiş - REPORTAJ

7 Yanvar 2013, 16:37


Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə başa vurduğumuz bir həftəlik tətil Modern.az kollektivi üçün unudulmaz xatirələrlə yadda qaldı...
İşgüzar və mehriban kollektivimiz hələ istirahətə çıxmazdan öncə bu fürsətdən yararlanaraq ağır iş günlərinin stressini və yorğunluğunu üzərindən atmaq üçün dincəlməyə məkan axtarışına başlamışdı. Uzun-uzadı müzakirələrdən sonra baş redaktorumuzun təklifi ilə Qax rayonunun İlisu kəndinə getməyi qərara aldıq.

Sözün açığı İlisuya dincəlmək üçün getməyi qərarlaşdırarkən bu kənddən reportaj hazırlamaq barədə heç düşünməmişdim. Amma geri döndükdən sonra bu səfərimizi bir reportaj halına salmaq qərarına gəldim.

Razılaşdığımız vaxtda – yanvarın 2-də axşam saat 9 radələrində 12 nəfərlik heyətimiz Dəmiryol Vağzalında görüşərək Qax istiqamətində yola çıxdıq. İlk dəfə qatara mindiyim üçün bu səfərin gözlədiyimdən də maraqlı və zövqlü olacağına şübhəm yox idi. Bir neçə günlük kompüter masasından aralanaraq, istirahət üçün hər şeydən və hər kəsdən uzağa yollansaq da, darısqal vaqon kupelərində geridə qoyduğumuz il ərzində ölkədə, dünyada baş verən ictimai-siyasi hadisələrdən tutmuş gələcək planlarımızadək geniş müzakirələr aparmaqdan belə çəkinmirdik. Özümüzü bir ailə kimi hiss edirdik. Hər şey əla gedirdi...

...Artıq sübh çağı idi. Bir neçə saat yatıb dincəldikdən sonra orta yaşlı qatar bələdçisinin cingiltili səsinə oyandıq. Qapıları döyərək Qaxa çatdığımızı bildirən bələdçinin xəbərdarlığından sonra özümüzlə götürdüyümüz əşyaları toplayaraq qatardan düşdük.
Səhər saat doqquz olardı...Bizi qarşılayacaq Nadir müəllimin telefon nömrəsini itirmişdik. Amma elə vaqondan enən kimi Nadir müəllim özü tanışıq verərək, bizə yaxınlaşdı.

Ayaq üstü tanışlıqdan sonra o bizi qalacağımız “Yaşıl Park” Ailəvi İstirahət mərkəzində apardı. Dağların qoynunda inşa edilən ekzotik məkanda gecələyəcəyimizi biləndə, İlisuya gəldiyimizə ikiqat sevindik. Ac olduğumuzu üzümüzdən sezən bələdçimizin təklifilə yaxşı bir səhər yeməyi yedikdən sonra vaxt itirmədən əvvəlcə İlisu kəndini, sonra Qaxın özünü gəzib-dolanmağa başladıq. Soyuq, şaxtalı-qarlı hava şəraitində məşhur Kürmük çayının üstündəki qədimi körpünü keçib İlisuya yollandıq. İlisu Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev kəndin tarixi qalaları, məscidi, sonuncu İlisu sultan Daniyal haqqında bizə ətraflı məlumat verdi.
 
Məlum oldu ki, vaxtilə sakinləri indikindən xeyli çox olan İlisu kəndinin hazırda 1500 nəfər əhalisi var. Halbuki, illər öncə bu kəndin 5000 mindən çox sakini olub.
A.Qocayev kənd əhalisinin çoxunun başqa yerlərə getdiklərini bildirdi və bunu daha çox dolanışıqla əlaqələndirdi.

Söhbət əsnasında kəndin ən tanınmış məscidlərindən olan 17-ci əsrə aid İlisu məscidinə də getdik. Məlum oldu ki, məscid fəaliyyətini sovet dövründə dayandırıbmış Buradan anbar kimi istifadə edirmişlər. .
Diqqətimizi daha çox cəlb edən vaxtilə ruslar tərəfindən tikilmiş gözətçi qalalar oldu.
Axrıncı İlisu sultanı Daniyal bəy 1844-cü ildə Dağıstana keçib Şeyx Şamillə birləşdikdən sonra İlisunu işğal edən ruslar burada öz qoşunlarını yerləşdirmək və Şamilə qarşı mübarizə aparmaq məqsədilə bir neçə qala tikiblər.

Sonuncu mərtəbəsinə kimi qalxdığımız “Sumıq qala” isə İlisu hakimi Sumuq xan tərəfindən tikildiyinə görə qalaya Sumıq qala adı verilib. Bəzi mənbələrdə isə göstərilir ki, sümük kimi möhkəm olduğuna görə, qalanın adı yerli camaatın ləhcəsinə uyğun olaraq sumıq kimi tələffüz olunur. Yeri gəlmişkən, məşhur “Qorxma mən səninləyəm” filminin bəzi kadrları da məhz burada “Sumıq qala”da lentə alınıb.

İlisuda Kollektivimiz İlisu kəndinin tarixinin səhifələrini vərəqləyəndən sonra fürsəti əldən verməyib Bakıda həsrət çəkdiyimiz qarın dadını çıxartdı. İl ərzində ofisimizdə kimin kimdə nə acığı var idisə, o ki var qar yedizdirməklə əvəzini aldı...

Nahar zamanı isə yerli əhalinin ən sevimli xörəyi olan qaxac ətlə bişirilmiş “Sürfüllü” canımıza yağ kimi yayıldı.
Daha sonra molla gəlmişkən, ölən ölsün misalını unutmadıq. Gəlmişkən Qaxın “İçəri Bazar”ından tutmuş, Qax- Tarix –Diyarşünaslıq Muzeyinə kimi gəzib tanış olduq.
6 zaldan və 9 salondan ibarət olan muzeylə bizi direktor Mahir Əfəndi tanış etdi. Zəngin eksponatları olan muzeydə e.ə 2-ci minilliyə aid olan əmək alətlərindən, əlyazmalardan tutmuş Milli qəhrəmanlara aid əşyalar kimi çox şey görmək olardı.

Qaxın qədim tarixini özündə cəmləşdirən muzeydən çıxdıqdan sonra “Yaşıl Park”-ın restoranında “qozlu plov”dan dadıb, daha sonra canlı musiqi sədaları altında o ki var oynayıb, köhnə ilin ağırlığını tökdük.
Yeni ilə yeni iş enerjisi ilə başlamaq üçünsə Bakıya qayıdarkən yol üstü Şəki halvası almağı və ondan dadmağın ləzzətini deməklə bitməz.

Bütün gəzintinin təşkil olunmasına və vaxtını bizə ayırdığına görə kollektivimiz adından Nadir müəllimə dərin təşəkkürümüzü bildiririk.







Şahanə
Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI