“Aznews.az saytını Sabir Rüstəmxanlının satın alması barədə yayılan məlumatlar yalandır”. Modern.az-a açıqlamasında bu sözləri sözügedən saytın baş redaktoru Elçin Zahiroğlu deyib.
Saytda yeni dəyişikliklərdən danışan baş redaktor bildirib ki, bir-iki günə Aznews.az-ın yeni dizaynı hazır olacaq.
“Artıq yeni layihələr üzərində işləyirik. Və daha operativ və maraqlı xəbərlər çatdırmağa çalışacağıq”.
E. Zahiroğlunun sözlərinə görə, rəhbərlik dəyişsə də, əvvəlki kollektiv işində qalacaq: “Çünki mən sayt yaranandan həmin uşaqlarla işləmişəm. O zaman Aznews.az-da redaktor idim. Ona görə istəyirəm ki, elə əvvəlki kollektiv qalsın. Ola bilsin ki, əlavə əməkdaşlar da cəlb olunsun. Mən özüm heç vaxt məşhur jurnalistlərə maraq göstərməmişəm. Mənim üçün yeni nəsil daha maraqlıdır. Onlar bu sahəyə yeni gələn adamlardır. Çünki onlar daha novator olurlar. Amma ola bilsin ki, tanınmış yazarlarla da əməkdaşlıq edək. Bu bir-iki nəfər ola bilər. Amma əsasən gənclərlə işləməyə üstünlük verirəm”.
Saytın yeni rəhbərliyi ilə bağlı danışan baş redaktor qeyd edib ki, onu Sabir Rüstəmxanlının alması barədə yayılan məlumatlar yalandır.
“Ümumiyyətlə, sayt sahibinin kim olması, saytı kimin alması məncə, cəmiyyətə, oxucu kütləsinə o qədər də maraqlı deyil. Əsas odur ki, hamını hazırladığın məhsulla, yəni xəbərlərlə qane edəsən. Maliyyə baxımından da sıxıntımız yoxdur, reklamlar hesabına gəlirimizi daha da artırmaq fikrindəyik”, – deyə Elçin Zahiroğlu əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Aznews.az xəbər portalına Elçin Zahiroğlu baş redaktor təyin olunub. Ondan əvvəl isə sayta Nahid Canbaxış rəhbərlik edirdi, qeyri-rəsmi təsisçi isə deputat Adil Əliyev idi.
Sevinc İltifatqızı