“Bu il ilk dəfə olaraq fevral ayında magistratura imtahanının birinci mərhələsi üzrə sınaq imtahanının keçirilməsi nəzərdə tutulur. Yaxın illərdə isə TQDK tərəfindən tələbələr, bakalavrlar, doktorantlar, magistratura və vakant iş yerlərinə hazırlaşanlar üçün informatika adlı vəsait nəşr ediləcək”.
Modern.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının magistratura şöbəsinin rəhbəri Natiq Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, TQDK tərəfindən “Magistr” xüsusi buraxılışının 1-ci sayı nəşr olunub. Jurnalda Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul qaydaları öz əksini tapıb. Həmin qaydalarda ümumi intellekt səviyyəsinin, məntiqi təfəkkürün yoxlanılması üzrə qəbul imtahanı proqramı, izahlı test tapşırığı nümunələri, açıq test tapşırığı nümunələri, xarici dillər ingilis, alman, fransız, rus, ərəb, fars dilləri üzrə qəbul imtahanı proqramları, informatika üzrə qəbul imtahanı proqramı kimi qaydalar öz əksini tapıb.
Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələdə test üsulu ilə bakalavrların ümumi intellekt səviyyəsi, məntiqi təfəkkürü, informatika fənnini və xarici dili bilmək səviyyəsi yoxlanılacaq. Birinci mərhələdə nəticələri TQDK-nın müəyyənləşdirdiyi tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılacaq. İkinci mərhələdə isə onların seçdikləri qəbul proqramı üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılacaq. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər.
Komissiya rəsmisinin sözlərinə görə, əgər əvvəlki illərdə məntiqi təfəkkür üzrə suallara açıq tipli test tapşırıqları daxil edilirdisə, bu ildən xarici dildən və informatika üzrə də hər iki tipli (çox seçimli və açıq tipli) test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq fevral ayında magistratura imtahanının birinci mərhələsi üzrə sınaq imtahanının keçirilməsi nəzərdə tutulur. Yaxın illərdə TQDK tərəfindən tələbələr, bakalavrlar, doktorantlar, magistratura və vakant iş yerlərinə hazırlaşanlar üçün informatika adlı vəsait nəşr ediləcək.
Nihadə Eyyubova