“Rusiyanın Qafqazda hərbi iştirakının çəkisi ağırlaşıb. Bu da bölgənin təhlükəsizliyinə mənfi təsir göstərir”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc Rusiyanın Xəzər dənizinə hərbi desant gəmiləri gətirməsi məsələsini şərh edərkən deyib.
Komitə üzvü onu da qeyd etdi ki, bunu üçün açıq çağırışlar da mövcud deyil. “Rusiyanın xəfiyyə idarələrində NATO-nun Qafqaz üzərindən bu ölkəyə hərbi əməliyyata başlamaq haqda məlumat varsa, bu halda onun narahatlığı başa düşüləndir. Lakin bizə bəllidir ki, hazırkı vəziyyətdə NATO Şərqə doğru genişlənmə planlarını təxirə salıb. Digər tərəfdən Gürcüstan vasitəsilə məlum hadisələrdən sonra NATO-ya üzvlüyə yönəli planlar da intensiv həyata keçirilmir. Zənn edirəm ki, Rusiyanın Xəzər hövzəsində hərbiləşdirmə əməliyyatları təkcə ətraf ölkələrin deyil, eyni zamanda Qərbin də maraqlarını təhdid edir. Faktiki olaraq bu vaxta qədər Xəzər hövzəsini silahlı qüvvələrlə tutmamaq haqda bir çox saziş və əməkdaşlıq sənədi var”.
Millət vəkili bildirdi ki, Rusiyanın bu siyasəti özünün maraqlarına qarşı çevrilmək ehtimalları qaçılmazdır. “Hər bir ölkə öz müdafiəsini gücləndirmək məqsədilə müxtəlif addımlar atacaq. Belə olacağı təqdirdə, region hərbiləşəcək. Pozulmuş hərbi balansın bərpası naminə proses başqa istiqamətdə cərəyan edəcək. Şimali Qafqazda xeyli problemi olan bir ölkənin, əlavə olaraq Qafqaz regionunda və Xəzərdə silah kütləsi ilə üz-üzə qalmağı onun milli maraqlarına qarşı olacaq”. Bununla yanaşı, Zahid Oruc, Azərbaycanın Rusiyaya öz mövqeyini nümayiş etdirmək gücündə olduğunu vurğuladı. “Bunu birbaşa özümüzə qarşı deyil, regionla bağlı məsələ hesab edərək, buna qiymət veririk. Bu bölgədə dövlətlərin açıq əməkdaşlıq, normal iqtisadi münasibətlər üçün potensialı və istəkləri olduğunu Rusiya dairələrinə çatdırırıq”.
Politoloq Elxan Şahinoğlu isə Rusiyanın bu addımını sadəcə özünü nümayiş etdirmək, Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyini dedi. “Azərbaycan üçün real təhlükə yoxdur. Rusiyanın bu addımları hərbi xarakter daşıyır. Bu əslində Azərbaycan üçün bir mesajdır. Əsas məqsəd güc nümayiş etdirməkdir. Çünki bu aralar Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginliklər var. Miqrantlarla bağlı Rusiyada qərarlar qəbul edilir. Bu da orda yaşayan azərbaycanlılar üçün müəyyən problemlər yarada bilər. Eyni zamanda 2012-ci ilin sonunda Qəbələ RLS-in qapanması Rusiyada bəzi siyasi və hərbi dairələrə mənfi təsir göstərir. Ona görə də elə qüvvələr var ki, onlar Azərbaycanı müxtəlif üsullarla cəzalandırmaq istəyirlər. Həmçinin Azərbaycan Gömrük və Avrasiya Ittifaqında yer almaq niyyətində deyil. Bütün bunlara görə Rusiya ölkəmizi “yola gətirməyi” fikirləşir”.
Aqşin Kərimov