“Çudo Peçka” ticarət şəbəkəsi Bakıda fəaliyyət göstərən dönərxanalara müəyyən problemlər yaradır. Dönər biznesi ilə məşğul olanlar deyir ki, onlara belə bir göstəriş verilib ki, dönərlərin hazır əti mütləq “Çudo Peçka”dan alınmalıdır.
“Heç olmazsa hazır dönər ətinin yarısını sizdən alaq, yarısını da özümüz düzəldək” kimi sözləşməyə də razı olmayan “Çudo Peçka” rəhbərliyi qoyulan sərt “qaydan”ı pozanlara bazarda müəyyən problemlər yaradır. Hətta hazır dönər ətini “Çudo Peçka”dan almayan dönərxanalar bağlanmaq təhlükəsi ilə üzləşir. Bir sözlə, “Çudo Peçka” bazarda dönər monopoliyası yaradıb.
Bununla bağlı Modern.az qısa bir araşdırma aparıb.
“Çudo Peçka”nın PR meneceri Vüqar Baba isə onlara qarşı irəli sürülən bütün ittihamları rədd edir. Onun sözlərinə görə, “Çudo Peçka” tərəfindən heç bir monopoliya yoxdur: “Bildiyiniz kimi bir qədər əvvəl “Çudo Peçka” nın özünə də dönər satışına qadağa qoyulmuşdu. Bu da bizim lisenziyanın qaydasında olmaması ilə bağlı idi. Çox qısa vaxta qaydalara əməl edərək lazımi lisenziyaları aldıq. Və məlum oldu ki, bu vaxt “Çudo Peçka” ölkədə çiy dönərin hazırlanması və başqa müəssisələrə satılması üçün lisenziyanı alan ilk müəssisə oldu. Ola bilsin ki, bizdən sonra hələ heç bir müəssisə bu sertifikatı almayıb. Və ola bilsin ki, həmin dönər satan müəssisələr sertifikatlı çiy dönəri haradan əldə edə biləcəklərini soruşanda məsələ ilə məşğul olan məmurlar onlara “Çudo Peçka”dan almağın mümkün olduğunu bildirir. Həmin dönər satanlarla bağlı dəqiq nələr yaşandığını bilmədiyim üçün, yalnız belə bir fərziyyə irəli sürə bilərəm”.
Bundan başqa, şirkət sözçüsü onu da qeyd etdi ki, digər dönərxanalar kiçik müəssisələr olduğu üçün bəlkə də çiy dönərin satılması, göndərilməsi üçün sertifikatlara ehtiyacları olmur.
“Amma “Çudo Peçka” ölkədəki ən iri mağaza-kafelər şəbəkəsinə malikdir. Müəssisə özü çox böyük və ciddi iş görür. Bizim ayrıca dönər mərkəzimiz var ki, baytarlığın, standartlaşdırmanın, gigiyenik standartlarının bütün tələblərinə cavab verir. Və ancaq sertifikatlı ətləri qəbul edərək, orada çiy dönərlər hazırlayırıq. Daha sonra da öz mağaza-kafelərimizə göndəririk. Odur ki, belə iddialar əsassızdır”.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirdi ki, dönər istehsalı üçün uyğunluq sertifikatı olan müəssisələrə dönər istehsalına icazə verilib:
“Uyğunluq sertifikatı olan müəssisələrə dönər istehsalına icazə verilir. Dönər satışı ilə məşğul olmaq istəyənlərə keyfiyyəti və təhlükəsizliyi təmin olunan müəssisələrdən, firmalardan çiy dönər əti almağa icazə verilib”.
Komitə rəsmisinin dediyinə görə, hər hansı müəssisənin bu sahəni inhisara alması qeyri-mümkündür:
“Bu sahədə inhisardan söhbət gedə bilməz. Artıq ölkədə dönər istehsalı ilə bağlı standart qəbul olunub. Bu standartlara uyğun dönər istehsal edənlərə sertifikat verilib. Digər xırda iaşə obyektləri də sertifikatı olan firmalardan hazır dönər ətləri almalıdırlar. Çünki həmin məhsul insan orqanizminə, sağlamlığa birbaşa təsir edən məhsul olduğundan ancaq sertifikatı olan müəssisələrə çiy dönər əti istehsal etmək icazəsi verilir. Ona görə də hansısa müəssisənin bu sahəni monopoliyaya alması mümkün deyil”.
Gültəkin Ələsgər