Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Aykut Ərdoğdunun Azərbaycanla bağlı fikirlərinə etiraz edib.
Bu barədə Modern.az-a açıqlama verən C.Yaycı bildirib ki, heç kim Azərbaycan-Türkiyə qardaşlığına, strateji əlaqələrə kölgə sala bilməz:
"Biz iki dövlət, bir millətik. Buna heç kimin şübhəsi ola bilməz. Türkiyədə Azərbaycanın əleyhinə danışa biləcək şəxs yoxdur. Bunların hamısı daxili siyasətə yönəlib. Azərbaycan dövlətinə, millətinə qarşı qərəzli fikir bildirmək qəbuledilməzdir. Bu kimi addımlar iki qardaşın arasını vura bilməz. Biz belə həmlələrə görə, əlaqələrimizi daha da gücləndirməliyik. Buna hər bir sahə daxildir”.
Kontr-admiral vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri, iki ölkənin birliyi Türk dünyası üçün vacibdir:
“Daxili ünsürlərə fikir vermək lazım deyil. Lazımi cavablarını artıq alıblar. Heç kim qardaşlığa qarşı bizimlə savaşa bilməz. Azərbaycan xalqına səslənirəm ki, bu kimi fikirləri ciddiyə almayın. Bunların hamısı daxili siyasətə yönəlmiş addımlardır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Ərdoğdu öz sosial şəbəkə profilində Azərbaycan - Türkiyə münasibətlərinə kölgə salacaq fikirlər səsləndirib. Deputat Azərbaycan və Türkiyə əlaqələrində guya bir sıra qaranlıq məqamların olduğunu iddia edib. Onun bu sözləri Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.
Həmçinin oxuyun:
Təxribatçı çıxışlar edən CHP-li deputat KİMDİR...