“2012-ci ildə əcnəbilər tərəfindən 8 övladlığa götürmə faktı olub”. Bu sözləri Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova deyib. O, qeyd edib ki, bunlardan 6 uşağı Rusiya vətəndaşlığını qəbul edib, orada qalan azərbaycanlılar tərəfindən övladlığa götürülüb.
“Onlar Rusiyada müəyyən müddət yaşayıb vətəndaşlığı qəbul etdikləri üçün uşaqları övladlığa götürmə prosesi yerli deyil, beynəlxalq qaydaya uyğun aparılıb. Həmin ailələr də öz qohumlarının uşaqlarını övladlığa götürüblər. 1 uşaq Amerika ailəsinə verilib ki, onlar türk əsillidir. Digər 1 uşağı isə Avropadan olan ailə götürüb, bu ailə də müsəlmanlığı qəbul edib.
Ümumiyyətlə, xarici vətəndaşlığı olan ailələrə övladlığa verilən uşaqlardan 6-sı qız, 2-si oğlandır”.
V. Möhsümova Amerika və Avropadan olan 2 ailəyə verilən uşaqların fiziki qüsurlu olduğunu qeyd edib. O həmçinin bildirib ki, komitə övladlığa götürülmə prosesində ailələri ciddi şəkildə araşdırır və uşaq övladlığa verildikdən sonra belə, onlara daim nəzarət olunur.
“3 il hər 6 aydan bir uşaqlar haqqında hesabat komitəyə verilməlidir. Komitə tərəfindən hazırlanmış yeni “Uşaqların övladlığa verilməsi və onların sonrakı həyat şəraitinə və tərbiyəsinə nəzarəti həyata keçirilməsi haqqında” qaydalarda biz nəzərdə tutumuşuq ki, 3 ildən sonra övladlığa götürülən uşaqlar barəsində 18 yaşına qədər hesabatlar ildə bir dəfə olmaqla komitəyə təqdim olunmalıdır.
Hesabatda onların videoları, fotoları, təhsil, səhiyyə ilə bağlı məlumatları yer alır. Komitə bu cür uşaqları daim nəzarətdə saxlayır və fikir versəniz, komitə yarandığı gündən əcnəbilərin övladlığa götürmə prosesilə bağlı hər hansı problem yaşanmayıb”.
Sektor müdiri hazırda 12 ailənin növbədə qeydiyyatda olduğunu bildirib. “Namizəd uşaq olduqda onlar növbəli şəkildə ailələrə təklif olunur. Hazırda 12 ailə qeydiyyatdadır, amma bizə daim müraciət edənlər çoxdur, yəni sabah bu ailələrin sayı arta da bilər”.
Aytən Əliyeva