Modern.az

“Azercell” deputat Fazil Mustafanı təkzib etdi

“Azercell” deputat Fazil Mustafanı təkzib etdi

9 Yanvar 2013, 13:40

“Azercell Telekom” MMC-nin həyata keçirdiyi bəzi kampaniyalara dair reklam lövhələri haqqında bir sıra mətbuat orqanlarda məlumat dərc olunub. Məlumatda,  deputat Fazil Mustafanın adından “Azercell” şirkətinin “Reklam və İnformasiya İdarəsi”nin rəis əvəzinə istinad olunaraq, reklamların dayandırıldığı qeyd edilib.

“Azercell Telekom” MMC-nin Korporativ ünsiyyət şöbəsinin müdiri Ülviyyə Həsənzadə Modern.az-a açıqmasında bildirib:

“Bununla əlaqədar bildiririk ki, “Azercell Telekom” MMC sözügedən məsələ ilə əlaqədar belə bir açıqlama verməyib, şirkətdə istinad olunan adda struktur bölməsi və vəzifəli şəxs yoxdur. Eyni zamanda bildiririk ki, həmin reklamın yayımının dayandırılması ilə əlaqədar inzibati orqanlardan “Azercell Telekom” MMC-yə heç bir tələb daxil olmamışdır.

Sözügedən reklam kampaniyasının telekanallarda yayımı və reklam löhvələrində nümayişi kampaniyanın müddəti 20.12.2012-ci ildə bitdiyi üçün əvvəlcədən planlaşdırılmış qrafikə uyğun olaraq yeniləri ilə əvəz olunmuşdur. Göstərilənləri nəzərə alaraq “Azercell Telekom” MMC-nin adı hallanan hər hansı yazılar dərc edərkən əvvəl məlumatı dəqiqləşdirib, məsələni araşdırıb və şirkətimizin  rəsmi mövqeyini öyrənməyiniz xahiş olunur”.

Millət vəkili Fazil Mustafa bir müddət əvvəl “Bu şəhərdə” yumoristik qrupunun aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovu qadın paltarı geyindiyi üçün sərt tənqid edərək onların çəkildikləri reklam lövhələrinin paytaxt küçələrindən yığışdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı  Hacıbala Abutalıbova müraciət ünvanlamışdı.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi