Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə qeyri-qanuni yollarla ölkədən xaricə çıxarılmış pulların geri qaytarılması üçün təkliflər hazırlamağı tapşırıb.
Modern.az saytı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Tokayev bu barədə hökumətin geniştərkibli iclasında bildirib.
“Hökumətə iki ay müddətində qeyri-qanuni çıxarılmış vəsaitlərin və onlar hesabına əldə edilmiş aktivlərin ölkəyə qaytarılması ilə bağlı təkliflər təqdim etmək tapşırılıb. Kompradorların dünyagörüşünü vicdanlı əmək, ədalətli əmək haqqı ideologiyası əvəz etməlidir, - deyə Tokayev vurğulayıb.
Prezident qeyd edib ki, biznesdən vergi dürüstlüyü və sosial məsuliyyət tələb olunur.
"Bu yanaşmanın təzahürlərindən biri “Qazaxıstan xalqına” fonduna ianələrdir. Mən artıq demişəm, bu gün də təkrar edirəm ki, onun formalaşması əsasən böyük milli burjuaziyanın hesabına getməlidir, baxmayaraq ki, digər qurumların, investorların, o cümlədən xarici şirkətlərin töhfələrini də nəzərə almalıyıq.
Bir daha vurğulayıram: bu fonda ianə məcburiyyət deyil. Amma gəlirli şirkətlər və vətəndaşlar üçün nəcib milli məqsədlərə vəsait ianə etmək şansı yaranıb”, - Tokayev əlavə edib.