Ermənistan 8 erməninin əvəzinə Birinci Qarabağ müharibəsində həlak olanların qalıqlarından ibarət kütləvi məzarlıqların koordinatlarını Azərbaycana verəcək. Belə bir anlaşmanın gündəmə gəlməsi Ermənistanın Birinci Qarabağ müharibəsində törətdiyi soyqırımlarını, kütləvi qətlləri etiraf etməyi deməkdir.
Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov düşünür ki, törədilən əməlin etirafı mövcud problemin aradan qaldırılması üçün ilk və ən vacib addımlardan biridir:
“Təəssüf ki, 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı halda çox ciddi ksenofob, millətlərə qarşı və xəstə təxəyyülə söykənən ideologiyanı üstün tutub. Erməni xalqı yavaş-yavaş bu xəstəliklərdən, ideologiyalardan əl çəkmək niyyətindədir. Hesab edirəm ki, Ermənistanda bu proses nə qədər sürətli, tez getsə, o qədər gələcək üçün normal proqnozlar vermək olar.
Azərbaycanın yaratdığı reallıqlar çox vacibdir və bunu hansısa mərhələdə qəbul etmək çətin olsa da, qəbul etməmək mümkün deyil. Zaman keçdikcə Ermənistanın daha çox etiraflarını görəcəyik. Koçaryanların, Sarkisyanların uzun illər boyu törətdiyi cinayətlər də açılacaq, hələ çox şey aydınlığa qovuşacaq.
Azərbaycan reallığı bu məsələləri çox ciddi şəkildə gündəmə gətirib və daha böyük hadisələrdə ermənilərin etirafını görə biləcəyik. Bizim yaratdığımız reallıq yalnız torpaqlarımızı işğalçılardan azad etmir. Bu, həm regiona, həm Avropaya, həm də dünyaya əks-səda salaraq, ciddi təsir göstərib. Beynəlxalq və ölkələrarası münasibətlərə də ciddi təsir edib”.
Səməd Seyidov xatırladıb ki, bir müddət öncə beynəlxalq ictimaiyyət Azərbaycanın qələbəsini qəbul etmirdi. Onlar uydurma bəyanatlar, qondarma Qarabağı tanımaq haqqında dırnaqarası qətnamələrlə müxtəlif formalarda üstümüzə gəlmək istəyirdilər:
“Sonra başqa yol seçdilər, Azərbaycana qarşı təzyiqlərə başladılar. Guya beynəlxalq səviyyədə məsələ başqa cür həll olunmalı idi. Hər iki yanaşma gündəmdən götürüldü. Bu məsələlərlə özünə divident qazanmaq istəyən şəxslərin siyasəti də gündəmdən çıxır. Artıq Azərbaycanla normal münasibətlər qurmaq və Azərbaycanın yaratdığı reallıqdan bəhrələnmək önə gəlir. Diversantların zərərsizləşdirilməsi, minaların təmizlənməsi, kommunikasiyaların açılması, enerji təhlükəsizliyi, Avropada sülhün və əminamanlığın yaradılması və s. üçün yeni mərhələdə münasibətlər formalaşdırmaq - hamısı qələbəmizin nəticələridir. Getdikcə belə müsbət nəticələr çox olacaq”.