Modern.az

Azərbaycanda 4 nəfərin 5 ilə toxuduğu nadir xalça - FOTOLAR

Azərbaycanda 4 nəfərin 5 ilə toxuduğu nadir xalça - FOTOLAR

Reportaj

10 Yanvar 2013, 12:56

Xalçanın toxunuşunda 725 qaş işlədilib ki, hər birinin qiyməyi 100 manatdır

  Tanınmış xalçaçı-rəssam Eldar Mikayılzadə “Kəhkəşan” adlı süjet-ornamentli xalçanın toxunuşunu bu günlərdə başa vurub. Bu xalçanı digərlərindən fərqləndirən cəhət onun qızıl və qaşlarla toxunmasıdır.

“Bahariyə”, “Zimistani”, bu gün isə “Kəhkəşan”...

Modern.az-a açıqlamasında Eldar Mikayılzadə “Kəhkəşan” adını verdiyi xalçanı mərhum lider Heydər Əliyevə ithaf etdiyini və iki həftə öncə bitirdiyini bildirib. O, xalçanı toxumaq məqsədini belə izah edib: “Lətif Kərimovun tələbəsi olduğum vaxt onun kitabında VI-VII əsrə aid qızılla, qaşlarla toxunmuş xalça haqqında məlumata rast gəlmişdim. O vaxtı belə bir xalça Sasani dövlətinin şahı Xosrov Pərvizin sarayı üçün toxunmuşdu. Ərəb qaynaqlarında bu “Bahariyə”, fars qaynaqlarında “Baharıstan”, bəzi yerlərdə “Zimistani” deyirlər. Çünki qış vaxtı, hər tərəf solanda, əl-əlvanlığını itirəndə o xalçanı yerə sərməyi sevirdi.   Ərəblər hz. Ömərin vaxtında İranı fəth edərkən sərkərdələrin arasında xalçanı qənimət götürmək üstündə dava düşüb. Ona görə xalçanı hissələrə bölüblər və hər sərkərdəyə bir hissə düşüb. O xalçadan indi əsər əlamət yoxdur, sadəcə tarixi qaynaqlarda məlumat var. O zaman içimdə arzu yaranmışdı ki, bu ideyanı ilk dəfə olaraq dünyada mən reallaşdırım və Azərbaycan adını tarixilə yazım. Hər halda bizlər gedəcəyik. Amma xalqımızın, dövlətimizin adı xalçanın üzərində hər zaman qalacaq”.  

Dünyanın yaranışından ən yüksəkdə olan ulduzlara qədər

 

 

 

E. Mikayılzadə bildirib ki, xalçanın bu texnologiya ilə toxunuşu çox vaxt aparacağından onu sadə naxışla toxuyub. “Həm maddi, həm mənəvi, həm fiziki əziyyət gedəcək iş olduğu üçün bunu toxumaq hardasa 2-3 il çəkəcəkdi. Ona görə də naxışlı etmədim ki, sadə olsun, mövzu tematik xalça olsun. İlk əvvəl mövzu seçimində çətinlik çəkirdim. Qaşların parıltısı ulduzlara bənzədiyindən kəhkəşanı, göy cisimlərini götürdüm və yaranışdan ən yüksəkdə ulduzlar olduğu üçün və Azərbaycanda da mənim üçün insan olaraq ən yüksək Heydər Əliyev olduğu üçün bu xalçanı ona ithaf elədim. Sənət adamı hər xalçasını bir şəxsə həsr edir. Hətta ilk müəllimim Səttar Bəhlulzadəyə, son müəllimim Lətif Kərimova, məni böyüdən nənəmə xalça həsr etmişəm. “Tarix-i əcaüb-ül məxluqat” kitabını tapıb oradan materiallar götürdüm. Məlum oldu ki, Babil-Şumer dövründə 88 bürc olub, onun ən əsası 39 bürcdür. Ona görə də bu xalçanı haşiyəsində 39 bürcün hamısını vermişəm. Xalçanın haşiyəsi dünyanın yaranması sistemində gəlir-qaranlıq, böyük partlayış, dünyanın su basması, fəsillərin, nəbatatın, ağacların, güllərin, sonra canlıların yaranması-bunların hamısını xırda-xırda haşiyələrdə görmək mümkündür. Daha sonra haşiyədə Babil-Şumer bürcləri, sonra xalçanın dörd küncündə dünyanın ən böyük astronomiya məktəbləri-bunlar Azərbaycan-Şərq, Avropa, Misir və Qədim Çin astronomiya məktəbləri yer alıb. Ortada ulduzların sistem cədvəlidir, göy qatlarının ərəbcə yazışılı və 12 bürc, planetlər, illər yer alıb. Ümumiyyətlə, materialların toplanması üçün çoxlu ədəbiyyat oxunub.

Qızıl arğac üstündə 725 qiymətli daş-qaş

 

 

Xalçanın toxunuşunda 725 ağ, sarı, mavi, qırmızı, yaşıl rənglərdə qiymətli qaşlar işlədilib. Öz də bu qaşlar tikmə deyil. Sapın yerinə qızıl keçir. Qaşı iplə toxumaq istədikdə istədiyimiz kimi alınmırdı. Çünki qaş istədiyimiz yerdə durmurdu. Çox üsullara əl atdıq, axırda onu qızılın üzərində işlədik. Yəni xalçanın arğacı qızıldandır. Beləliklə, bir-iki il texniki eksperimentlərə həsr olunub. Ümumiyyətlə xalçanın başlamağı ilə qurtarmağı 5 il çəkib. İki il bir ay 10 gün isə xalçanın toxunuşu çəkib. Ümumiyyətlə, xalça yun, ipək, pambıq və qızıldan toxunub”.

 

 E. Mikayılzadənin sözlərinə görə, xalçanın toxunuşunda 4 insan iştirak edib. Bundan əlavə, astronomiya sahəsində səhvlərimizin olmaması üçün astroloq Firudun Qurbansoy da onlara məsləhətlər verib. “Xalça həm maddi, həm mənəvi, həm fiziki baxımından çox vaxt apardığından onun ikincisini ancaq sifariş olarsa tikərəm. Əsas o idi ki, bu ideya reallaşsın, çətinliklə də olsa həyata keçirdim. Bunun üçün bağımı satdım, dostlarım kömək etdi və ərsəyə gətirdim, ikincisinə gücüm çatmaz. 725 qaş işlədilib ki, bunun hər biri 100 manatdır. Hələ bunun əməyi, yunu, qızların əməkhaqqısı var. Bu yaxınlarda sərgim olacaq, orada həm bu həm də digər xalçalarımı, rəsm əsərlərini, miniatürlərimi, qrafik xəttatlıq nümunələrini nümayiş etdirəcəyəm. Ola bilsin Xalça Muzeyində də nümayiş etdirilsin. Satışına gəlincə, kişinin övladı olarkən bilmir ki, onun taleyi necə olacaq, hara gedəcək, kiminlə evlənəcək. İnşallah bu elçilərdən asılıdır”.

 

 

 

Aytən Əliyeva 

Elçin Ağayev

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI