Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər. Bununla bağlı “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib.
Maraqlıdır, media nümayəndələri bunu necə qiymətləndirirlər?
Modern.az-ın əməkdaşı bəzi jurnalistlər arasında sorğu keçirərək, bu suala cavab tapmağa çalışıb.
Azvision.az saytının əməkdaşı Aytən Zəhranın sözlərinə görə, qərar çox gözəldir, amma əsas məsələ jurnalistlərin hər birinin bundan yararlana bilməsidir:
“Əgər güzəştli ipoteka reallaşarsa, bu bir çox jurnalistlər üçün böyük fürsət olar. Amma bu gün jurnalistlərin hər biri o güzəştli ipotekanı almaq üçün yetəri qədər aylıq gəlirə malikdirlərmi, bu sual altındadır. Layihə, təklif çox gözəldir, amma jurnalistlərin hər biri bundan yararlana biləcəkmi? Güzəştli ipoteka hansı aylıq gəliri olan jurnalistlərə şamil olunacaq? Əgər həmin güzəştli ipotekanı ala bilərəmsə, təbii ki, yararlanmaq istəyərəm".
Modern.az-ın əməkdaşı Aysel Aslan söyləyib ki, jurnalistlərə güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı xüsusilə gənc ailələr üçün çox müsbət addımdır:
“Sərəncama görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də kreditlərdən yararlana biləcəklər. Əvvəllər bununla bağlı iş stajının tələbi 15 il idi və gənc ailələrin üzvü olan jurnalistlər üçün əlverişli deyildi. Azərbaycanda kredit şərtlərinin və faizlərin yüksək olduğu hamıya məlumdur. Ona görə, hesab edirəm ki, ipoteka kreditləri əgər “güzəştli” adlandırırıqsa, faiz dərəcəsinin aşağı olması ilə fərqlənməlidir. Həmçinin, kreditlərin verilmə şərtlərinin yüngülləşdirilməsinə, tələblərin azaldılmasına da ehtiyac var. Ən əsası kreditlər media sahəsində çalışanların əməkhaqqının ortalama nisbətinə uyğun təqdim edilməlidir.
Mən özüm də kirayədə yaşayan gənc ailə üzvü olduğumdan, güzəştli ipoteka krediti üçün müraciət etməyi düşünürəm. Ümid edirəm ki, bunun üçün irəli sürüləcək şərtlər və faiz dərəcəsi ailə büdcəmizə uyğun olacaq”.
Trend İnformasiya Agentliyinin redaktoru Elgün Mənsimovun sözlərinə görə, Prezidentin dünən imzaladığı qanun gözlənilən idi:
“Çünki “Media haqqında” Qanunda da belə bir bənd var idi ki, jurnalistlərə güzəştli kreditlər veriləcək. Düzdür, aydınlaşdırma yox idi ki, güzəşt deyəndə nə nəzərdə tutulur. Dünənki fərmanla buna aydınlıq gətirildi. Jurnalistlər üçün çox şad xəbər oldu.
Hamımız bilirik ki, güzəştli kredit bir neçə imtiyazlı şəxslərə şamil olunurdu, jurnalistlərin də o sıraya daxil olunması sevindiricidir. Çünki mediamızda evsiz, imkansız, aztəminatlı jurnalistlərin evlə təminatına qismən də olsa şərait yaradılacaq. Bəzi düşündürücü məqamlar da var. Bir neçə media qurumu var ki, verdikləri əməkhaqqını tam rəsmiləşdirmir, minimum əməkhaqqını rəsmiləşdirir, qalanını qonorar şəklində ödəyir.
Məsələ budur ki, bəzi jurnalistlərin aldığı əməkhaqqı güzəştli ipoteka şərtlərinə cavab vermir. Media Agentliyi məsələnin hüquqi tərəfini həyata keçirdi, artıq iş qalıb media qurumlarının insafına. Onlar əməkhaqqını hökümət portalında düzgün qeydiyyata almayanadək, jurnalistlərin əməkhaqqını minimum deyil, orta əməkhaqqı şəklində rəsmiləşdirməyənədək həmkarlarımızı getdiyi bankdan geri qaytaracaqlar. Çünki aldıqları əməkhaqqı şərtlərə uyğun olmayacaq".
“Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov vurğulayıb ki, hazırda onu qayğılandıran ən mühüm məsələ jurnalistlərə güzəştlərin hansı formada olacağı, ipoteka üçün seçiləcək mənzilin ilkin ödənişinə gücünün çatıb-çatmayacağıdır:
“Hər bir media mənsubu, eyni zamanda, ailə başçısı kimi Bakı şəhərində evə sahib olmaq, bununla bağlı məişət problemlərindən yaxa qurtarmaq məni də qayğılandırır. Bu problemi həll etmək üçün vaxtilə bir neçə mənzil tikinti kooperativinə müraciət etdim, ipoteka şərtləri ilə maraqlandım, ev almaq istədim. Jurnalist olduğumu, qəzetdə çalışdığımı bildikdən sonra aylıq məvaciblə maraqlandılar. Maaşımın azlığını əsas gətirib heç cür yardımçı ola bilməyəcəklərini vurğuladılar. 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul ediləndə, ardınca Fond (KİVDF) yaradılanda, prezident İlham Əliyevin imzaladığı sərəncamlarla jurnalistlər üçün tikilmiş binalar 2013 və 2017-ci illərdə istifadəyə veriləndə ümidlənmişdim. Düşünürdüm ki, 2003-cü ildən indiyə qədər olan iş təcrübəm, fasiləsiz çalışmağım, yalnız jurnalistika ilə məşğul olmağım, bu barədə əmək kitabçamda aparılan müvafiq qeydlər, iş yerimin rəsmi olması, prezident İlham Əliyevin imzaladığı sərəncamla 2020-ci ildə "Tərəqqi" medalına layiq görülməyim və sair mənə də jurnalistlər üçün tikilmiş üçüncü binada ev sahibi olmaq imkanı yaradacaq. Əfsuslar olsun ki, jurnalistlər üçün tikilən üçüncü bina ətrafında lazımsız, könül bulandıran söz-söhbətlər yarandı. Birinci və ikinci binadan vaxtilə ev almış bir qrup fürsətcil kimlərəsə yarınmaq üçün üçüncü binadakı evlərin şəhid ailələrinə verilməsi barədə “təşəbbüslə” çıxış etdilər. Adama deyərlər ki, doğrudan da şəhid ailəsi düşünən media kapitanısansa, birinci və ikinci binadan aldığın mənzili şəhid ailələrinə bağışla, öz şəxsində nümunə göstər. Yaxud rəhbərlik etdiyin kollektivdə çalışan şəhid övladına düz-əməlli maaş ver, sosial vəziyyətini yaxşılaşdır. Şəhid ailələri və jurnalistləri üz-üzə qoyan, media mənsublarının böyük narazılığı ilə müşayiət olunan bu “təşəbbüs” dövlət dəstəyi ilə mənzil sahibi olacağıma dair bütün ümidlərimi puç etdi.
Vəziyyətdən çıxış yolu kimi Mənzil İnşaatı Dövlət Agentliyi və onların sosial evlər layihələri ilə maraqlandım. Aydın oldu ki, Dövlət Agentliyinin layihələrindən jurnalistlər yararlana bilməzlər. Belə bir qeyri-müəyyən, ümidsiz vəziyyətlə üz-üzə qalmışdıq. Ötən gün prezident İlham Əliyev “Media haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiqlədi. Dövlət başçısının imzaladığı Fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edildi. Bu dəyişikliyə görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. Eyni zamanda, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana biləcəklər. Sözügedən Fərman və qaydalara edilən dəyişikliklər sönmüş ümidləri yenidən közərdir. Ümid edək ki, Media haqqında Qanunun 8-ci fəslində nəzərdə tutulan Media Reyestri 6 ay ərzində mükəmməl şəkildə hazırlanacaq, peşəkar mediada çalışan jurnalistlər kimi mən də o reyestrə daxil ediləcəyəm. Bu minvalla perspektivdə ev sahibi olmaq imkanım yaranacaq".