Ermənilərin sərhəddə təxribatları davam edir. Bu dəfə Kəlbəcər istiqamətində atəşkəs pozulub. Belə ki, fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutublar.
Ermənistan tərəfinin yenidən sərhəddə təxribata əl atması, niyə məhz Kəlbəcərin hədəf seçilməsi ortaya ciddi suallar doğurur. Düşmənin sərhəddə sabitliyi pozmaq cəhdinin arxasında hansı siyasi məqsədlər dayanır?
Ermənilər 44 günlük müharibədən dərs çıxarmayıblar...
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a bildirib ki, ermənilərin davamlı olaraq sərhəddə təxribata əl atması, atəşkəsi pozması Ermənistanla qonşuluq münasibətlərinin normallaşdırılmasına göstərilən cəhdlərə, sülh danışıqları istiqamətində atılan addımlara zərbədir:
“Bu bir daha göstərir ki, ermənilər öz mənfur niyyətlərindən əl çəkməyiblər. Bundan öncə Azərbaycan ərazisində məskunlaşmış ermənilərin də Tərtərə atəş açdığını, təxribatlara cəhd etdiyini müşahidə etdik. Görünür, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində verdiyi dərsdən ermənilər nəticə çıxarmayıblar. Belə getsə, erməni silahlıları daha ciddi zərbələr alacaq, məhv ediləcəklər.
Xüsusilə, Azərbaycan torpaqlarında yaşayan və qanunlarımıza tabe olmayan hər bir erməni dərk etməlidir ki, qanunsuz hərəkətlərə görə istənilən vaxt uyğun cəzanı ala bilər. Ərazilərimizdən bizə qarşı çıxan ermənilərin qarşısı sülhməramlılar tərəfindən vaxtında alınmalıdır. Yoxsa, bu təxribatların miqyası böyüyə bilər və Azərbaycan lazımi addımlar atmağa məcbur olar".
Komitə sədri qeyd edib ki, sərhəddə törədilən təxribatların məqsədi ermənilərin dünya birliyinin diqqətini özlərinə yönəltmək cəhdləridir:
"Onlar hələ də düşünürlər ki, hansısa şəkildə beynəlxalq güclərə özlərini “haqqı tapdanmış” kimi təqdim edə bilərlər. Ancaq bütün dünya ermənilərin əsl üzünü görüb, onların niyyəti baş tutmayacaq”.
Təxribatlara cavab vermək lazımdır...
Deputat Asim Mollazadənin fikrincə, Ermənistan sərhəddə təxribatlara əl atmaqla münaqişənin bitmədiyini göstərmək istəyir:
“Ermənilər hər zaman belə təxribatlara əl atırlar. Çünki münaqişənin guya bitmədiyini, davam etdiyini göstərməyə çalışırlar. Bu, bir növ öz xarici tərəfdaşlarına çağırışdır ki, məsələyə qarışıb, ermənilərin “hüquqlarını” müdafiə etmək üçün çalışın. Lakin onların hər təxribatı eyni formada bitir. Çünki layiqli cavablarını alırlar. Ermənistanın çıxış yolu sadəcə sülh istiqamətində irəliləyişdən ibarətdir. Demarkasiya və delimitasiya olmalıdır, kommunikasiyalar açılmalıdır və Ermənistan sülh sazişi üzərində işləməlidir. Ən əsası Azərbaycanın və digər qonşu ölkələrin ərazi bütövlüyünü tanımalıdır. Əks halda Ermənistanın dövlət kimi bu bölgədə mövcudluğu, müstəqilliyini qoruması mümkün olmayacaq. Beləliklə, Ermənistan bir alət kimi kimlərinsə əlində xərclənəcək. Əhalisi də ölkə ərazini tərk etməkdə davam edəcək. Çünki ağır sosial-siyasi böhran, iqtisadi çətinliklər ermənilərin xeyrinə deyil. Hesab edirəm ki, Azərbaycan səbirli olmalıdır. Bu təxribatlara cavab vermək lazımdır, amma təxribatların mahiyyəti, məğlub olmuş ölkənin bir növ isterik vəziyyətdə olmasının təzahürüdür”.