Modern.az

Mahir Emreli yeni klubu haqda danışdı: “Ailəm də yanımda olacaq”

Mahir Emreli yeni klubu haqda danışdı: “Ailəm də yanımda olacaq”

Mədəniyyət

10 Fevral 2022, 15:10

Millimizin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli onun barəsində Polşanın bəzi media orqanlarında yayılan iddialara münasibət bildirib.

Qeyd edək ki, “Legiya”da çıxış etdiyi vaxtda iddia edilib ki, guya Mahir gecə həyatına meyllidir və spirtli içki qəbul edir.

Modern.az Qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçumuzun Xorvatiyanın mətbuatında  dərc olunan geniş müsahibəsində bu məsələyə də toxunulub.

Mahir Emreli deyib:
 
“Mən bu haqda danışmağı sevmirəm. Amma əlbəttə, “Dinamo”ya transferimin səbəblərini izah etmək istəyirəm. İstəyirəm ki, hamı əsl həqiqəti bilsin. İndi sizə hər şeyin necə baş verdiyini danışacağam. Mənim bir klubda çəkilən şəklim dərc olundu. Bəli, mən bəzən klublara gedirdim, bunu etiraf etmək çətin deyil. Heç kimə yalan danışmayacağam, çünki elə biri deyiləm. Mənim istirahət günüm olanda kluba gedirəm. Problem nədir ki?”


"Düz yarım il mənim boş vaxtımda keçirdiyim görüşdən yazdılar"


Emreli deyib ki, kluba az halda gedir. Bir neçə ayda bir dəfə:

“Amma mən spirtli içki içmirəm. Qayıdaq Polşa mətbuatında yayımlanan o şəklə. Bu hadisə bizim “Slaviya” (Praqa) ilə oyundan əvvəl baş vermişdi. Həmin oyunda isə mən düz 3 qol vurdum! Mən onda ümumiyyətlə, əylənmirdim. Biz istirahətdə idik. Bir az gəzdim, vəssalam. Həmin şəkil dərc olunandan sonra mənim haqqımda dedilər ki, intizamsız futbolçuyam, kluba hörmət etmirəm. Düz yarım il mənim boş vaxtımda keçirdiyim bir görüşümdən yazdılar. Hər dəfə eyni şəkil paylaşılırdı, elə təsəvvür formalaşdırılırdı ki, mən həmişə klublara gedirəm. Mən isə yarım ildə bir dəfə orda olmuşdum. İnanılmaz bir şeydir. Bunu kim mənə qarşı edirdi, həqiqətən bilmirəm, anlamıram. Mən maksimum dərəcədə peşəkaram”.


Mahir Zaqreb “Dinamo”suna keçidindən də danışıb: “Keçid dövrü mənim üçün uzun çəkdi. Bir ay ərzində demək olar ki, heç nə etmədim. O vaxt koronavirusa yoluxmuşdum. Sonra fərdi qaydada məşqlərə başladım”.


Futbolçu yeni klubunda nə vaxt debüt edəcəyi, Avroliqanın 1/16 finalında “Dinamo”nun rəqibi olan “Sevilya”ya qarşı oynamağın mümkünlüyü haqda danışarkən bildirib: 


“Hazırda “Dinamo”da ciddi şəkildə çalışıram. Komanda yoldaşlarım və klub əməkdaşları məni çox  dəstəkləyirlər. Nə vaxt oynayacağımı isə məşqçi müəyyənləşdirəcək. Əgər hazır olsam, bəlkə də mənim şansım olacaq. Mən səbrlə öz vaxtımı gözləyirəm”.


“Ailəm Zaqrebdə mənimlə olacaq”


Emreli onu da deyib ki, qış fasiləsində ona bir çox təklif olub: “Eşidəndə ki, “Dinamo” mənimlə maraqlanır, digər variantların hamısını unutduq. Bilirsiniz, mənim anamın futboldan yaxşı başı çıxır. O, futbolu sevir. Biz ailədə söhbət etdik. Dayım, qardaşım, bacım... Onlar hamısı bu keçidin tərafdarı idi. Çünki onlara demişdim ki, mənim birinci variantım “Dinamo”dur. İkinci variantım da “Dinamo”dur. Nəhayət, üçüncü seçimim də “Dinamo”dur”. 


Emreli ailəsinin Zaqrebə gələcəyini də deyib:

“Mənim qardaşım ilk gündən yanımdadır. Bacım 2 gün əvvəl bura gəlib. Anam isə bir həftə sonra bizimlə olacaq. Hələlik mənzil tapmamışam. Anamı gözləyirəm. Bacım Milanda oxuyur. O, tez-tez Zaqrebə səfər edəcək. Anam isə bir müddət Zaqrebdə, bir müddət isə Bakıda olacaq. Qardaşım isə burada yaşayacaq”.

Müsahibəsində özünün oyun üslubundan danışan Emreli bildirib:

“Son illər mən əsasən klassik mərkəz hücumçusu kimi oynayırdım. Amma heç vaxt təkcə cərimə meydançasının içində oynamağı xoşlamamışam. Topun dalınca qaçmağı, meydanda açılmağı, assist etməyi sevirəm”.

O, hansı mövqedə oynamağı bəyənməsi haqda suala cavabında deyib: “Sola və sağa açılıram. Bu, bəzən məşqçilərin xoşuna gəlmir. Onlar belə oyunu həzm edə bilmirlər. Amma mən deyirəm ki, həm sağda, həm solda oynaya bilərəm. Bu, problem deyil”. 

“Sizin gizli silahınız varmı” sualına Mahirin cavabı belə olub: “Bilmirəm, bu gizli silahdırmı. Amma düşünürəm ki, mənim yaxşı sürətim var və müdafiəçilərdən qaça bilirəm. Yeri gəlmişkən, mən dərhal qərarlar verirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI