Modern.az

Öldürülən əsgərlə bağlı BƏYANAT verildi

Öldürülən əsgərlə bağlı BƏYANAT verildi

10 Yanvar 2013, 15:27

Müsavat Partiyası Daşkəsəndəki “N” saylı hərbi hissəsində döyülərək öldürüləm əsgər Ceyhun Qubadovla bağlı bəyanat verib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Qubadov  bugünlərdə Müdafiə Nazirliyinin Daşkəsəndəki “N” saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Lakin onun anasının mətbuata verdiyi açıqlamasına görə, oğlu hərbi hissədə döyülərək öldürülüb. Bunu mərhumun internetdə yayılan video və foto görüntüləri də təsdiq edir. Ümumiyyətlə, təəssüf hissilə qeyd etmək lazımdır ki, Azərbaycan ordusunda  əsgər ölümləri və ağır faciələrlə nəticələnən insidentlər  artıq adi hal alıb və ildən-ilə çoxalmaqdadır. Hər dəfə belə hadisələr baş verərkən ordu rəhbərliyi əvvəlcə bu faktları ictimaiyyətdən gizlətməyə cəhd edir, bunu bacarmadıqdasa ümumi sözlərlə münasibət bildirərək məsələni unutdurmağa çalışır. Hüquq sistemi tamamilə iflas həddində olan bir rejimdə ədalətli araşdırma, obyektiv istintaq aparılmasıyla bağlı vədlər də elə vəd olaraq qalır.

Müsavat Partiyası bildirir ki, hərbi hissələrdə tüğyan edən bu özbaşınalıqlar əslində orduda baş verən intizamsızlığın, dərəbəyliyin və korrupsiyanın göstəricisidir.

Müsavat Partiyası Ceyhun Qubadovun ölümünün dərhal araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir. Partiya habelə bütölükdə orduda baş verən bu neqativ halların, korrupsiya və rüşvətxorluq faktlarının ədalətli şəkildə və obyektiv araşdırılması üçün ölkədə nüfuzlu bir ictimai komissiyanın yaradılmasını zəruri hesab edir, bunun reallaşması üçün ictimai-siyasi təşkilatları və ziyalıları birgə fəaliyyətə çağırır.

Anar RÜSTƏMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi