Koronavirusa yoluxma ilə yanaşı, digər respirator xəstəliklərin də artdığı bir dövrdə dərman qiymətlərinin müxtəlif olması əhalinin güzəranına mənfi təsir edir. Digər tərəfdən, dərmanların keyfiyyəti ilə bağlı ortaya çıxan problemlər əlavə çətinliklər yaradır.
Bəzən dərmanın tərkibi və göstəriciləri eyni olsa da, müxtəlif apteklərdə fərqli qiymətə satışa çıxarılır.
Bundan əlavə, son günlər bəzi ucuz dərmanlar da apteklərdən yoxa çıxıb. Xüsusilə adi qrip əleyhinə olan dərmanları soruşan vətəndaşlara "depoda yoxdur" cavabı verilir.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında eyni problemlə dəfələrlə qarşılaşdığını diqqətə çatdırıb:
“Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Sığorta və başqa aidiyyatı qurumların dərman sektoruna nəzarəti olduqaca zəruridir. İçlərində mən də olmaqla bütün səhiyyə komitəsində olan millət vəkilləri, eləcə də səhiyyə komitəsində olmayan millət vəkillər,dəfələrlə, keyfiyyətsiz dərmanların satışı ilə bağlı ictimaiyyətin narazılıqlarını səsləndirmişik.
Bu yaxınlarda bir dərman var idi, içirdin təsir etmirdi. Sonda dedilər ki, "Alman" aptekindən gedin alın təsir edəcək. İnanın ki, məəttəl qaldım. Çünki o qədər adi dərman üçün "Alman" aptekinə getməli olmaq, adama gülünc gəlirdi. Məsələn, "Pparaçetamol", "Analgin", hətta "Kalsi"yə qədər hamısı olduqca adi hazırlanan dərmanlardır. O qədər keyfiyyətsiz dərmanlar gəlir ki, buna görə də bir tərəfdən insanların sağlamlığı pozulur, digər tərəfdən də pulu gedir".
Parlamentari dərmanların keyfiyyətinin aşağı olduğunu vurğulayıb:
"Kimyəvi məhsullardır da bu vasitələr bədənə daxil olanda necə olar? Digər tərəfdən, xəstəliklərə bu dərmanlar çarə olmur. Bilmirəm, bəlkə də, buna görə apteklərdə dərman qıtdır. Yəni keyfiyyətsiz olduğuna görə, bu dərmanlar gömrükdən, sərhəddən buraxılmır. Bu gün Azərbaycanda çörək nə qədər önəmlidirsə, dərmanların monitorinqi də o qədər vacibdir”.
Həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, ümumiyyətlə, Azərbaycanda dərman bazarında ciddi qüsurlar var:
“Məlum olduğu kimi, indi nazirliyin rəhbərliyi də dəyişilib. Düşünürəm ki, dərmanların qeydiyyatı ilə məşğul olan strukturlarda ciddi dəyişikliklər olmalı, ciddi islahatlar aparılmalıdır. Ölkəyə idxal olunan dərmanların reyesteri də cəmiyyətə açıq olmalıdır. İlk növbədə ölkəyə yüksək parametrli, keyfiyyətli dərmanlar idxal edilməlidir. Hansı ölkənin dərmanı olursa-olsun ilkin şərt budur”.
A.Qeybulla idxal edilən bütün dərman prepratlarının qiymətlərinin əlçatan olmasını xüsusi vurğulayıb:
“Hətta dövlət müəyyən dərmanlara dotasiya verə bilər və ya gömrük rüsumuna müdaxilə edə bilər ki, dərmanlar cəmiyyət üçün əlçatan olsun. Digər tərəfdən, vətəndaşların həddən ziyadə lazım gəldi-gəlmədi əldə gəzən reseptlərlə istənilən dərman prepratlarını alıb istifadə etməsinə yasaq gətirilməlidir. İndiki pandemiya dövründə antibiotiklərin həddən artıq istifadə edilməsi, demək olar ki, genofonda çox ciddi bir təhlükə yaradır. Buna görə də, hesab edirəm ki, insanlar ancaq həkim resepti əsasında dərmanları aptekdən almalıdır. Özbaşına apteklərdən dərman almaq məsləhət deyil”.
Həkim-cərrah Rusiya dərmalarının keyfiyyətindən bəs edərək bunları qeyd edib:
“Rusiyadan idxal olunan dərmanlara gəldikdə, əlbəttə ki, bu dərmanların içində də keyfiyyyətsizi olur. Ancaq təbii ki, bunlar qiymət baxımından daha sərfəlidir. Rusiyanın, Türkiyənin, eləcə də İranın əczaçılıq sənayesinin dərmanları kifayət qədər keyfiyyətlidir. Biz qiymət baxımdan bu ölkələrin dərmanlarından istifadə edə bilərik. Ümumiyyətlə, indiki yaranmış vəziyyətdə təcili təxirəsalılnmaz tədbirlər görülməlidir.”
Turqay Musayev