Modern.az

Mərhum yazıçı-publisist Əfqan Əsgərovun xatirəsinə

Mərhum yazıçı-publisist Əfqan Əsgərovun xatirəsinə

Media

14 Fevral 2022, 11:52

Tanınmış yazıçı-publisist, əməkdar incəsənət xadimi Əfqan Hacıağa oğlu Əsgərov  fevralın 13-də ömrünün 93-cü ilində dünyasını dəyişib.

Əfqan Əsgərov 23 sentyabr 1929-cu ildə Salyan rayonunun Qarabağlı  kəndində anadan olub. Uşaqlıqdan ədəbi yaradıcılığa böyük həvəsi olan gənc Əfqan 1953-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsini bitirərək "Azərbaycan gəncləri" qəzetində fəaliyyətə başlayıb. İstedadlı və məhsuldar yazar 70 ilə yaxın ölkənin "Kommunist" (“Xalq qəzeti”), "Sovet kəndi",  "Həyat", “İqtisadçı” kimi nüfuzlu qəzetlərində müxtəlif vəzifələrdə çalışıb, ayrı-ayrı illərdə baş redaktor kimi fəaliyyət göstərib. Əfqan Əsgərov "Təfəkkür" Univeritetinin professoru kimi jurnalistlərin yeni nəslinin hazırlanmasında da iştirak edib.

Uzin illər ədəbi yaradıcılığı məsul jurnalistika fəaliyyəti ilə paralel davam etdirən Əfqan Əsgərov bir sıra maraqlı hekayə, povest, roman və səhnə əsərləri də yaradıb.

"Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi" romanları, "Dədə Bəhmən" trilogiyası, "Qozbel", "Məhəbbət ətirli qərənfilim", "Dünya gözəlliyindir", "O, daş deyildir" povestləri, "Sarı əlcək", "O mənim oğlumdur", "Dağ seli", "Gülməyən adam" adlı pyesləri Əfqan Əsgərovu aktual mövzularda populyarlıq qazanmış bədii əsərlər müəllifi kimi tanıdıb və sevdirib.

  
Əfqanın yaradıcılığında tarixi romanlar xüsusi yer tutur. "Bəy İnal", "Şahlar şahı", "Cənnətməkan" romanlarında Azərbaycan ərazisindəki müxtəlif hökmdarlıq dövrü, azərbaycanlıların tarixi adət-ənənəsi, Vətən sevgisi geniş əksini tapıb. Onun "Qız atası", "Tamah dişi", "Cənnət alması" və başqa pyesləri müasirlərimizin həyat mübarizəsinin səciyyəvi konfliktlərini səhnəyə gətirib.


Əfqan Əsgərovun həyatı və yaradıcılığı öz xalqına qələmi ilə layiqli xidmət göstərməyin ən yaxşı nümunələrindən biridir. Onun işıqlı xatirəsi davamçılarının və tanıyanların qəlbində yaşayacaq.


Allah rəhmət eləsin!

Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu