Mənə istədiyim həkimi, ölkəni seçmək şansı verildi...
Artıq bir neçə aydır ki, tanınmış jurnalist Səbinə Əvəzqızı ağır xəstəliyə qarşı mübarizə aparır. Xərçəng xəstəliyindən əziyyət çəkən xanım jurnalist Modern.az-ın əməkdaşı ilə həmsöhbət olaraq, müalicə prosesindən və ona göstərilən dəstəkdən söz açıb.
- Səbinə xanım, hazırda necəsiniz? Müalicələriniz necə gedir?
- Müalicə prosesinin 10 ayı geridə qalıb və biz demək olar ki, sona yaxınlaşırıq. Bu proses başlayandan bütün mediada çalışan əməkdaşlar, əsasən çalışdığım yerdəki baş redaktorlar, bir çox deputatlarımız, ictimaiyyət nümayəndələri öz imzaları ilə Prezidentə müraciət ünvanladılar. Prezidentimiz İlham Əliyev müraciəti heç dəqiqələr keçməmiş qəbul etdi. Artıq həmin an mənə reaksiya gəldi ki, biz sizin müalicə prosesinizi nəzarətə götürürük və tərəfimizdən nə lazımdırsa ediləcək. Sonra Heydər Əliyev Fondunun əməkdaşları mənimlə əlaqə saxladılar.
Mənə istədiyim həkimi, ölkəni seçmək şansı verildi. Türkiyədə çalışan Azərbaycan əsilli professor Necati Alqış həkimin yanına getmək istədim. Necati həkimin adını daha öncədən eşitmişdim, bizim bir çox xanımlarımız ona müraciət edib.
O, Abdurrahman Yurtaslan adına Ankara Onkoloji Eğitim ve Araştırma Xəstəxanasında çalışırdı. Təəssüflər olsun ki, ölkəmizdə mənə qoyulan onkoloji diaqnoz orda da təsdiqləndi. Mənə dedilər ki, sənin xəstəliyin gecikmiş formada deyil, amma yeni də başlamayıb, hələ ikinci etapdadır. Müalicə elə orada başladı, mənim ilk kemoterapiyalarım orada oldu, sonra Azərbaycanda davam elədi.
İndiyənə qədər dəfələrlə Türkiyəyə gedib-gəlməli oldum. İlk günlərdə məni əməliyyata ala bilmirdilər. Deyirdilər ki, çox təhlükəlidir, şişin ölçüsü çox böyükdür. Sonra müalicə sayəsində Allahıma çox şükür ki, şişin ölüsü azaldı və məni əməliyyata aldılar. Əməliyyat 6 saat çəkdi. Həkimlərin mənə dediyinə görə, hər şey çox yaxşı keçib, xərçəng yayılma verməyib. Qarşıda şüa müalicəsi bitdikdən sonra yoxlamalar gözlənilir. Ondan sonra həkim son sözü deyəcək ki, bu müalicə kursu bitib, yoxsa yox. Hələlik mənə deyirlər ki, bu sonuncu etapdır.
- Müalicə dövründə kimlərdən dəstək aldınız?
- Bu müddət ərzində dövlətimizin dəstəyini daima üzərimdə hiss etdim. Mən bir daha Prezidentimiz İlham Əliyevə, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Mən haranı istədimsə, ora da göndərdilər. Bu proses mənim üçün heç asan olmadı, ailəmdən, vətənimdən uzaqda idim. Buna baxmayaraq mənə dəstək olan hər kəsi işlərini texniki cəhətdən yerinə yetirən əməkdaş kimi görmədim, çox mədəni və qayğıkeş idilər, hətta əməliyyatdan sonra mənə çiçək belə yollamışdılar.
İnanın mənə, insan bu isti münasibəti görəndə belə özünü sağlam hiss edir. Xəstəxanada azərbaycanlı olduğum üçün mənə çox doğma münasibət var idi. İşçilər də bilirdi ki, mən prezidentimizin dəstəyi ilə müalicə alıram. Və bu orada çox yaxşı qarşılanmışdı.
Onu da deyim ki, Qarabağ zəfəri Türkiyədə böyük anşlaqla qarşılanmışdı.
Mənim canım şəhidlərdən artıq deyil...
- Bəzi arzularım var media ilə, Kəlbəcərlə bağlı. Mən çox böyük həsrətlə gözləyirəm ki, Kəlbəcərdəki evimizə nə vaxt köçəcəyik. Uşaqlarım hələ çox balacadır, hələ ayaqları yerə tam bərkiməyib. Ona görə sağalmaq üçün bu qədər mübarizə aparıram.
Kənardan bəlkə, kimsə deyə bilər ki, o qədər şəhidimiz var, bu niyə canına belə yanır... Vallah elə deyil, mənim canım onlardan artıq deyil... Sadəcə mənim arzumdur ki, Kəlbəcərə qayıdıb ocağımızı yandırım.
20 dəfə dünyaya gəlsəm, yenə də media sahəsini seçərdim...
- Hazırda jurnalistik fəaliyyətimi davam etdirirəm, hətta xəstə olarkən belə bacardıqca işləyirdim. Sağolsun rəhbərlik, bu dövr ərzində mənə çox dəstək oldu, işdə olmadığım zamanlarda bir dəfə də olsun mənim maaşım kəsilmədi.
Mən gənclərlə işləməyi çox sevirəm, hər gün ilk işim onlarla söhbət edib, günün əsas mövzularını təyin etməkdir. Müxbirlərimi çox sevirəm, onların yolunu açmaq istəyirəm. Çünki çox istedadlı gənc jurnalistlərimiz var. İşimi isə hər şeydən çox sevirəm....
Nə qədər ki, həyatdayam, burada olacağam!
Fatma Abdulla