Modern.az

“İndi bir toxunuşla xəyallar gerçək olur” – Keçmiş AzTV-çilər DANIŞIR

“İndi bir toxunuşla xəyallar gerçək olur” – Keçmiş AzTV-çilər DANIŞIR

14 Fevral 2022, 17:18

“Diqqət-diqqət, göstərir Bakı”... 1956-cı ilin fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin gündən nə az, nə çox 66 il vaxt keçir. Bu illər ərzində Azərbaycanın televiziya məkanında köklü dəyişikliklər baş verib, bir sıra yeni layihələr ərsəyə gətirilib. Bununla belə AzTV-nin ağ-qara ekranlarda izlənildiyi dövrlər hələ də unudulmayıb...

 

Dövlət Televiziyasının keçmiş əməkdaşları AzTV-nin özəl günündə doğma məkanla bağlı fikirlərini Modern.az-la bölüşüblər. 

 

Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı bu gün təkcə televiziya işçilərinin deyil, həm də milyonlarla tamaşaçının bayramı olduğunu söyləyib:

 

"İndi dünya nə qədər dəyişsə də, hisslər, duyğular, düşüncələrdə dəyişməyən bir nəsnə var. O da insanların informasiya almaq, maariflənmək, daha çox öyrənmək, məlumatlanmaq arzusundan irəli gəlir ki, ilk növbədə bu missiyanı yerinə yetirən televiziyadır. TV-dən evlərimizə gələn çağırılmamış qonaqları çoxunuz bəyənir, əzizləyirsiniz, kimini də tənqid edirsiniz, küsüb inciyirsiniz, ancaq yenə də gözünüzü ekrandan ayırmırsınız.

 

Mən televiziyanın gücünü uzun illər AzTV-də valideynləri tərəfindən atılmış uşaqlar və övladları tərəfindən imtina edilən qocalar haqqında verilişlər hazırlayanda görmüşəm. Televiziya onlara dost olub, həkim olub, müsahib olub. Düşünürəm ki, bu gün kütləvi informasiya vasitəsi kimi televiziyanın rolu əvəzsizdir və burada işləyən onlarla peşə sahibinin ən ali məqsədi xalqı doğru, dürüst informasiya ilə təmin etməkdir. Ana televiziyamız olan AzTV bu işin öhdəsindən şərəflə gəlir və 44 günlük Zəfər tariximizin əbədiləşdirilməsi, yeni hədəflərə yönəldilən dövlət siyasətimizin təbliği bundan sonra da əsas hədəfimiz olacaq".

 

 

Telli Pənahqızı indiyədək qazandığı bütün uğurlara görə televiziyaya borclu olduğunu söyləyib:

 

“AzTV-nin əməkdaşı kimi dünyanın müxtəlif ölkələrində ezamiyyətdə olmuşam, bu gün adı əfsanə kimi xatırlanan bir çox insanlardan, dövlət başçılarından, siyasətçilərdən, elm xadimlərindən, mədəniyyət ustalarından, əmək qəhrəmanlarından, döyüşçülərdən müsahibələr almışam, həyatda uğur qazanmağı bacaran insanlarla maraqlı söhbətlərim olub, bunların hamısını tamaşaçılarla virtual da olsa tanış etməyə çalışmışam. Kameranın qarşısında dayanan hər kəs bilməlidir ki, ekranın önündə əyləşən tamaşaçı üçün sən ilk növbədə xəbər daşıyıcısısan və sən daxilən nə qədər zəngin, savadlı, mövzuya yaxşı bələd olduğunu çatdıra bilsən, bir o qədər maraqlı və baxımlı olacaqsan, tamaşaçı sənə inanacaq, etibar edəcək. Təbii ki, bu gün televiziyada işləmək, informasiya əldə etmək və onu ötürmək, operativlik, çəkilişlərin keyfiyyəti, fakt toplamaq çox asan və əlçatandır. 20-30 il əvvəl bunu biz ancaq xəyal edə bilərdik, indi isə müasir texnikanın gücü ilə bir barmaq toxunuşu xəyalları gerçəyə çevirmək qüdrətindədir.

 

Ancaq nə qədər yüksək texnologiyanın gücünə güvənilsə də, yenə hər şeyi həll edən insandır, onun savadı,  zəkası, istedadı, qabiliyyəti və ən başlıcası işə, seçdiyi sənətə məhəbbətdir! Televiziyada bu sevgi, bu məhəbbət daha çox vacibdir, çünkü şüşənin o üzündən bu möcüzəli qutuya baxan hər kəsə ilk növbədə bizim səmimiyyətimizdən və sevgimizdən barınan görünməyən tellər uzanır, bunun adına televiziya desələr də, biz ürəklərin aynasında yaşayanlarıq. Bu aynada yerimiz əbədi, sevgimiz bərəkətli olsun”.

 

 

Əməkdar jurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, AzTV mövcud olduğu 66 ildə ölkə həyatında nə mühüm hadisələr baş veribsə, həm televiziyanın, həm də tamaşaçıların yaddaşında iz qoyub:

 

“Son illərin hadisələri xatirəmizdə daha çox qalıb. Azadlıq hərəkatı, 20 Yanvar hadisələri, müstəqillik dövründə baş verən mühüm hadisələr, bunların hamısı televiziya vasitəsilə insanların yaddaşına həkk olunub. Keçmiş və indiki AzTV arasında fərq çoxdur. İlk növbədə televiziya çox dəyişib, studiyaya girəndə kameraların dəyişdiyini asanlıqla sezirsən. Aparıcıların tərzi, danışığı, ünsiyyət forması dəyişib. Ancaq televiziyanın əsas fuksiyası dəyişməyib, o cəmiyyəti maarifləndirmək fuksiyasını davam etdirir. Ən əsas fərq isə peşəkarlıqdır. O vaxtı texnologiya inkişaf etmirdi, amma peşəkarlıq daha çox idi. Kənar təsirlərin altında televiziya prinsiplərindən geri  çəkilib. Klassik televiziyaların yeniləri yamsılaması müşahidə edilir. Təklif edirəm ki, tamaşaçıların rəyi hər zaman nəzərə alınsın. Televiziya bütün hallarda maarifçi funksiyası ilə daha çox məşğul olmalıdır. Televiziyanı əbədi edən onun bədii verilişləri, çəkdiyi filmlərdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu