Azərbaycan və Türkiyə kinematoqrafçılarının ekranlaşdırdığı “Mahmud və Məryəm” filmi mart ayından kinoteatrlarda izləyə biləcəyik. Modern.az-a bu filmin prodüseri Sevda Kayğısız məlumat verib. Onun sözlərinə görə, xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı əsasında Azərbaycan və Türkiyə kinematoqrafçılarının ekranlaşdırdığı eyniadlı bədii film martın 22-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.
Prodüser bildirib ki, kinolentin ilk fraqmanı artıq hazırdır və film çox yüksək səviyyədə alınıb, tamaşaçıların böyük marağına səbəb olacaq. Ekran əsərinin Azərbaycan və Türkiyədə, eyni zamanda bir neçə ölkədə də təqdimatının keçirilməsi nəzərdə tutulur: “Tamaşaçılara gözəl bir məhəbbət hekayəsini təqdim etməyə tələsirik. Bu film iki qardaş ölkənin müştərək işidir və biz hər şeyin mükəmməl alınması üçün çox əziyyət çəkmişik. Düşünürəm ki, filmə çəkdiyimiz əziyyətə dəyər”.
Ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşiş qızıdır. Hadisələrin mərkəzində isə Mahmudla Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir.
Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıb.
Mehmet Ada Öztekinin rejissorluğu ilə lentə alınan filmin çəkilişləri ötən il Azərbaycan və Türkiyədə aparılıb. “Mahmud və Məryəm”in Azərbaycan, Türkiyə, o cümlədən Avropanın 9 ölkəsindəki kinoteatrlarda ekranlara çıxarılacağı gözlənilir.
Sevinc