Modern.az

Azərbaycan yazıçılarının MARAQLI sərgüzəştləri

Azərbaycan yazıçılarının MARAQLI sərgüzəştləri

13 Yanvar 2013, 02:57

Modern.az saytı bir müddət öncə dünyada tanınmış məşhur əcnəbi yazıçıların başına gələn maraqlı real hadisələrdən seçmələr təqdim etmişdi.
Oxucuların marağını nəzərə alaraq bu dəfə Azərbaycan yazıçıları ilə bağlı maraqlı əhvalatları diqqətə çatdırırıq.

***

Bir gün Yazıçılar Birliyindəki gənc yazarların könlündən yaxşı bir yeyib-içmək keçir. Amma pul yox, adam çox. Bilmirlər ki, nə etsinlər. Çıxış yolunu yenə də Hüseyn Arifdə görürlər. “Pul məsələsinə” baxan Əli Vəliyevdən ancaq o pul “qopara” bilərdi. Nə isə, Hüseyn Arif yazarların təklifini qəbul edir və fəaliyyətə başlayır. Fikirləşir ki, Əli Vəliyevdən necə pul qopara bilər. Həmin vaxtlarda da Vəliyevin “Samovar tüstülənir” povesti təzə işıq üzü görmüşdü. Hüseyn Arif oxumadığı povesti tərifləyib nəsə əldə etmək istəyir. Qapını döyüb içəri keçir.

– Əli müəllim, sizin o əsəriniz mənim lap ürəyimdən xəbər verir.

Əli Vəliyev ona diqqətlə baxıb deyir:  “Hüseyn, pul yoxdu!”

– Yox, Əli müəllim ordakı kənd həyatı məni valeh etdi.

– Dedim ki, pul yoxdur.

– İnsan obrazları da çox canlı idi.

– Əşi, dedim pul yoxdur da!

Hüseyn Arif ondan pul çıxmadığını görüb hirslə bayıra çıxır və deyir.

– Ay mürtəd, elə yaxşı olub oxumamışam povestini.

***

Hüseyn Ariflə Bəxtiyar Vahabzadənin yola getmədiyini, bir-birlərinə hətta nifrətə bənzər münasibətlərini hamı bilirdi. Bir gün məhərrəmlik vaxtı “Hüseyn! Hüseyn!” sədaları şairi yuxudan oyadır. Nə baş verdiyini anlamayıb arvadından səs-küyün səbəbini soruşur. Yoldaşı “Heç, camaatdır da, “Hüseyn, Hüseyn” deyib qışqırırlar” deyə cavab verir. Şair gülümsəyərək:

– Görürsən, heç “Bəxtiyar, Bəxtiyar” qışqıran yoxdur.

***

Bir gün şair Qabil təzə aldığı “Volqa”yla bağ evinə gəlir. Bir az yeyib-içəndən sonra kefi kökəlir, dəmlənir, maşını yumaq qərarına gəlir. Şairin bağ qonşusu da eyni rəngdə “Volqa” alıb qapıda saxlayıbmış.
“Əhvalı yaxşı olan” Qabil işə başlayır. Həvəslə maşını yuyur. Birdən bayaqdan onu seyr edən qonşu zarafatyana deyir “Şair, xahiş edirəm maşını yaxşı yu”.

Qabil çəpəki baxaraq:

– Ə, get işinə-gücünə, – deyir.

Qonşu gülərək içəri keçir. Qabil axır ki, maşını yuyub qurtarır. Oturub dincini alan zaman görür ki, həmin qonşu gəlib onun yuduğu “Volqa”ya oturub gedir. Sən demə, şair bayaqdan ona “Yaxşı yu!” deyən qonşunun maşınını yuyurmuş.

***

Bir gün dostlar dəstə ilə Sabir Rüstəmxanlının toyuna gedirlərmiş. Maşın karvanının sarbanı da Qabil imiş. Özü qabağa düşübmüş ki, qaçaqaç, qovhaqov olmasın. Dərələr, təpələr aşırlar, çaylar, körpülər keçirlər, kəndlərdən, şəhərlərdən ötürlər və birdən yolun ən geniş, ən düz və meşə ilə əhatə olunmuş səfalı yerində Qabil gözlənilmədən əyləci basıb maşını saxlayır. Yoldaşları töklüşüb yanına gəlirlər.
– Nə olub, Qabil, niyə dayandın?
– Görmürsünüz, qabaqda nə yazılıb?
– Nə yazılıb?
– Yazılıb ki, “Ostorojno, Qabil”.
Yoldaşları yazını diqqətlə oxuyurlar: “Ostorojno, Kabel!”
Qabilə deyirlər ki, ay rəhmətliyin oğlu, diqqətlə oxu.
– Həəəə, kabel? Onda getdik.

***

Bir gün Rəsul Rza Səməd Vurğundan soruşur:

– Görəsən, gələcək nəsillər hansı şairləri yada salıb oxuyacaqlar?

Səməd Vurğun:

– Deyim də sənə: Nizami, Füzuli, Nəsimi, Seyid Əzim, Mirzə Şəfi Vazeh, Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Almas İldırım, Cəfər Cabbarlı və s...

– Bəs bizi oxumayacaqlar?

– Biz həmin vaxt “o və s”-nin içində olacağıq...

***

Bir gün Səməd Vurğun rayonların birinə tədbirə gedir. Kənd onu çox gözəl qarşılayır. Qucaqlayan kim, dil-ağız edən kim. Birdən şair görür ki, qəşəng bir qız bayaqdan ona baxır. Şair onun yanına gəlir və xoş təbəssümlə:

– Qızım sənin nə gözəl gözlərin var! – deyir. Nəsə hiss edir ki, hamı bir anlıq tutulur. Kənardan anası gəlib qızı aparır. Qızın kor olduğunu bilən şair çox pis olur. Səhəri Bakıya qayıdır və o hadisəni uzun müddət unuda bilmir.

Bir gün evdə olarkən qapı döyülür və bir xanım əlində çiçək şairə tərəf gəlir. Səməd Vurğun bir anlıq sevincindən nə edəcəyini bilmir. Həmin qızı tanımışdı. Onun gözlərini əməliyyat nəticəsində sağaltmışdılar. Şair deyir:

– Qızım yadındadır, sənə o vaxt “gözəl gözlərin var” deyirdim. Bax indi görürsən şair heç vaxt yalan danışmır.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi