Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gecə Hacıqabul rayonu, Pirsaat stansiyasında baş vermiş dəmiryol qəzası barədə məlumat yayıb.
FHN-dən veriən məlumata görə, Bakı-Gürcüstan istiqamətində hərəkət edən, 40 vaqondan ibarət hər birinin tutumu 60 ton olan xam neftlə dolu 7 vaqon xəttdən çıxıb və onlardan 3-ü aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Aşmış vaqonlar və ətrafa dağılan xam neft 800 kv.m sahədə yanıb. Yanğından vaqonların qalan hissəsi və yaxınlıqdakı evlər mühafizə olunub. Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az