“Tələbələrə vahid tələbə kartının verilməsi prosesi mart ayının sonuna kimi tam bitəcək”. Bu sözləri Modern.az saytına açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib. O qeyd edib ki, hazırda universitetlərdən gələn müraciətlər əsasında 20 min tələbənin vahid tələbə kartının çap olunması üçün sifariş verilib.
“Tələbə kartlarının verilməsi ali təhsil müəssisələrindən asılıdır. Əgər onlar tələbələri haqqında informasiyaları toplayıb bizə təqdim edirlərsə, biz onların çap olunması üçün sifariş veririk. Bəzən ali məktəblər tələblərinin yarısı haqqında məlumat verirlər, biz də artıq digər yarısını gözləmirik və bizə verilən informasiyaları sifariş verib çap etdiririk. Hazırda bu işlə məşğul olan “Xəzər investisiya” MMC-də 20 min tələbənin kartı hazırlanır və yaxın 10 gündə onlar ali təhsil müəssisələrinə təqdim olunacaq”.
Q. Mehdiyev bildirib ki, onlara Bakıdakı universitetlərlə yanaşı, rayonlardakı yerli ali təhsil müəssisələrindən də müraciətlər daxil olur. “Onların bəziləri məlumatları tam verib, bəziləri hələ hazırlayır. Ümumiyyətlə, bu proses tam olaraq martın sonuna kimi tam bitəcək”.
Aytən Əliyeva