Modern.az

Milli Qəhrəmanın övladı: “Atam öz oğlunu baxımsızlıq ucbatından itirdi…” - LAYİHƏ

Milli Qəhrəmanın övladı: “Atam öz oğlunu baxımsızlıq ucbatından itirdi…” - LAYİHƏ

14 Yanvar 2013, 12:32

Modern. az  saytı “Milli Qəhrəman övladları” layihəsinə start verir. Birinci müsahibimiz Azərbaycanın ilk Milli qəhrəmanlarından olan Maşallah Abdullayevin qızı Gülxanım Abdullayevadır.

- Gülxanım xanım, özünüz barədə qısa məlumat istərdik.

- Goranboy rayonunda doğulmuşam. Hazırda Goranboydakı 1 saylı şəhər məktəbində biologiya müəlliməsi işləyirəm, 3 övlad anasıyam və atamın yeganə övladıyam. Maşallah Abdullayev vətənini, xalqını sevən bir şəxsiyyətdir. Bu barədə günlərlə danışa bilərəm.

- Milli Qəhrəmanın qızı olmağın məsuliyyətini necə hiss edirsiniz?

- Bəli, bu gün biz Goranboy rayonunda alnıaçıq, üzüağ yaşayırıq. Atam 1988-ci ilə kimi 1 saylı şəhər məktəbində idman müəllimi işləyib. 1988-ci ildə ermənilər hücuma keçəndə Goranboyda könüllülərdən ibarət batalyon yaranıb. Kasıbların balası da başda olmaqla ov  tüfəngi ilə vətənin qayğısını çəkib, keşiyində durublar. O zaman onlar Ağcakəndi ermənilərdən təmizləyiblər. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 tarixli fərmanı ilə atam “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb. 1990-95-ci ildə Milli Məclisin deputatı seçilib. Daha sonra isə “Məhəmməd Əsədov adına mükafat”a  layiq görülüb. Müstəqilliyimizə ilk imza atan 14 nəfərin arasında mənim atam da olub. 1992-ci ildə eyni zamanda Goranboy rayonunun icra başçısı vəzifəsinə təyin edilib. O müdətdə də xalq tərəfindən sevilib, xalqına namusla, qeyrətlə xidmət edib. Adı kişilik simvolu kimi hər an öndə çəkilir. O kişi ilə mən deməzdim ki, tək Goranboy camaatı fəxr edir, 9 milyonluq Azərbaycan xalqı da fəxr edir. Atamla söhbət edəndə həmişə deyir ki, düşmənlə vuruşmağa yenə də hazırdır. Belə bir kişinin övladı olmaqdan böyük xoşbəxtlik ola bilməz.

- Atanıza görə sizə hörmət göstərirlərmi?

- Hamı məni görəndə ürək dolusu danışır və təşəkkür edir , eyni zamanda hörmətlə davranırlar ki, siz Milli Qəhrəmanın övladısınız. Hazırda mən onun keçmiş müəllim yoldaşları ilə bir yerdə işləyirəm. Nəinki iş yoldaşları, bütün Goranboy camaatı fəxrlə onun haqqında danışır.

- Demək rayonda sizi tanımayan yoxdur...

- Bəli, Goranboy rayonu bir yumruq kimidir. Ərazi və ya əhali cəhətdən də çox böyük olmasa da hamı biri-birini çox gözəl tanıyır və hörmətlə yanaşır. Rayonan , xalqımızdan bu baxımdan çox razıyam.

- Bəs bir valideyin, ailə başçısı kimi onda daha çox nəyi qiymətləndirirsiniz və istərdinizmi onun xüsusiyyətləti sizin övladınızda da olsun?

- O mənim atam olmasaydı belə, mən onu bir vətən oğlu kimi sevərdim və hörmət edərdim. Bir ailə başçısı, ata kimi də biri-birimizə sevgimiz böyükdür. Mən oğlan övladımın adını da Maşallah qoymuşam. O da gələcəkdə hərbçi olmaq arzusundadır ki, babası kimi gələcəkdə vətəninə, xalqına xidmət etsin. Hərtərəfli, ürəyi açıq adamdır. Hamıya kömək əli uzadan, bacardıqca hər kəsin işinə yarayan bir insandır. Mən görməmişəm ki, o, kimisə çətin vəziyyətdə qoysun. Doğrudur ata–bala kimi aramızda pərdə olub, amma bunlardan savayı mənə həmdə sirdaş, bir dost olub. Onun ailədə sərtlik, yersiz ciddilik görməmişəm. Həmişə davranışları alicənab olub.

- Bəs Milli Qəhrəmanın qızı işğal olunmuş torpaqlarımız barədə nə düşünür?

- İstər müharibə olsun, istər sülh, yoldaşım da, mən də hazırıq ki, Vətənin keşiyində duraq. Bu prosesdə iştirak edək. Vətənə, torpağa canım qurban.

- İnsanlarımızın Milli qəhrəmanlara münasibəti necədir?

- Milli qəhrəmanlar haqqında ictimai yerlərdə, telekanallarda göstərirlər. Amma təəssüflər olsun ki, bu barədə çox az söhbətlər gedir, təbliğat telekanalların özündə də, məktəbdə də qaneedici deyil. Siz inanırsınız ki, 1 saylı şəhər məktəbdə bir Milli Qəhrəmanın şəkli yoxdur. Haqqında danışdığımız Mübariz İbrahimovumun şəkli yoxdur. Allah o şəhidlərimizin ruhunu şad etsin. Onların hamısı mənimdir. Onların heç birinin məktəbdə adı yoxdur. Mən bununla bağlı Təhsil Şöbəsinə, direktora müraciət etmişəm. Mən Milli Qəhrəman qızı kimi tələb edirəm ki, şəhidlərimin, Mübariz İbrahimovun şəkli bütün məktəblərdə olmalıdır.

- Atanızla, onun qəhrəmanlığı ilə bağlı ən çox hansı hadisə yadınızda qalıb?

- 1988-ci ildə atam aylarla evə gəlmirdi və biz onun üzünü görmürdük. Qanlı-qadalı günlərdə elə uşaqların ataları var idi ki, nəinki cəbhəyə getmək, heç təpənin üstünə çıxıb ermənilərə bir söyüş də söyməmişdilər. Onlar indi Milli Qəhrəmanlardan da yaxşı yaşayırlar, yaxşı gün görürlər. 1988-ci ildə o zaman mənim 6 yaşım var idi və həmişə bu günlərdə çıxıb küçənin başındakı daşın üstündə otururdum ki, görəsən atam haçan qayıdacaq. Çox gözləyirdim gəlmirdi. Bir dəfə yenə ümidimi itirmədim, daşın üstündə oturub gözləyirdim. Bir də gördüm ki, atam əsgər geyimində gəlir və saqqalı da sinəsinə düşüb. Bu dəqiqə də o vaxt olduğu kimi onun vəziyyəti yadıma düşəndə, məni ağlamaq tutur. Tez qabağına qaçdım və ikimiz də qucaqlaşıb ağlaşdıq. Soruşdum ki, ata bu müharibə haçan qurtaracaq, sən geri qayıdacaqsan? Dedi, döz, qızım.
Mən o günlərdən danışdıqca, ürək ağrısı keçirirəm. 1990 cı-ildə qardaşım dünyaya gəldi. Yeddi aylığında olanda “sudurğa” keçirdi. Biz onu qanlı-qadalı günlərdə həkimə aparıb müalicə etdirə bilmədik. Çünki atam döyüşdə oldu, ana da uşağı aparmaq gücündə deyildi... Siz inanın ki, bunun nəticəsində uşaq iflic oldu və 10 yaşında rəhmətə getdi. O başqa uşaqlar kimi nə danışdı, nə yüyürdü... Bax, qoy hamı bilsin ki, atam bir tək oğul balasını da o yolda qurban verdi. Qardaşımın ölümünə dözməyən anam isə 3 ildən sonra dünyasını dəyişdi. Mənim toyumdan 18 gün sonra anamı da itirdik. Yəni bu Milli Qəhrəmanlıqda həm itirdik, həm də qazandıq. Xalqın sevgisini, hörmətini qazandıq. Qiymətimiz, əziyyətimiz yerdə qalmadı.

- Hazırda atanız nə işlə məşğul olur.

- Atam indi Prezident təqaüdü alır. Yalnız təssərrüfatla məşğul olur. Nə böyük biznesi, nə də dəbdəbəli mülkü var… Sadə həyat sürür…




Şahanə RƏHİMLİ

   
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI