“Cərimə siyasətinin fəlsəfəsinə doğru yanaşmalıyıq. Cərimənin məqsədi qanunu pozan vətəndaşı, hüquqi və ya fiziki şəxsi cəzalandırmaq deyil. Cərimə siyasətinin fəlsəfəsi qanunun pozulmasının qarşısını almaqdır”.
Bunu Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev cərimələrin məbləğinin yüksək olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
Komitə sədri hesab edir ki, cərimələrin tətbiqi vətəndaşları qanuna riayət olunmasına sövq etməkdir:
“Cərimələrin məbləğinin qaldırılması buna gətirib çıxarır ki, vətəndaş cərimə olunmaqdan çəkinir, qanunları pozmur. Yadınıza gəlirsə, 10-15 il bundan əvvəl cərimə tətbiq edilsə də, heç kim avtomobil idarə edərkən kəmər taxmırdı. Cərimələrin məbləği artandan sonra nəinki sürücülər, hətta ön sırada oturan sərnişinlər də kəmərdən istifadə edirlər. Bu isə onların təhlükəsizliyi üçün önəmlidir”.
Musa Quliyev düşünür ki, cərimələr gərək həm vətəndaşın iqtisadi vəziyyətini ciddi şəkildə pisləşdirəcək məbləğdə olmasın, həm də vətəndaşların qanuna riayət etmə imkanları yaradılsın:
“Məsələn, parklanma ilə bağlı cərimələri qaldırsaq, vətəndaşın maşınını saxlamağa yer yoxdursa, qanunu pozmağa məcbur olacaq. Ona görə də əvvəl qanunun pozulmasına yol verən şəraiti aradan qaldırmalıyıq.
Pandemiyanın ilk vaxtlarında cərimə tətbiq etdik. Cərimələrin məbləği 50 manata qədər olanda maska rejiminə riayət edənlər az idi. Cərimənin məbləği qaldırılanda isə qapalı məkanlarda maska taxılması ilə bağlı tələbə hamı riayət etməyə başladı.
Qanunların, qaydaların pozulmasının qarşısını almaq üçün cərimələrlə bərabər maarifləndirmə işi də aparılmalıdır. Tez-tez maarifləndirmə verilişləri təqdim edilməli, sosial roliklər, informasiyalar çatdırılmalıdır. Bəzi hallarda cərimələrin miqdarı artırılır, yeni cərimələr tətbiq edilir, vətəndaşın isə xəbəri olmur. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Vətəndaşlar bilməlidir ki, dövlətin cərimə siyasətinin fəlsəfəsi vətəndaşı qanuna tabe olmağa dəvət etməkdir”.
Qeyd edək ki, Milli Məclisin ötən gün keçirilən iclasında cərimələrin məbləğinin azaldılması ilə bağlı təkliflər irəli sürülüb.