Yanvarın 13-də İsa Qəmbər Müsavat Partiyasının zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedərkən korteji hücuma məruz qalıb. Bir qrup insan sosial şəbəkələrdə Müsavat başqanına təşkil olunan hücumun Lənkəran şəhər İcra Hakimiyyətinin təşkil etdiyini yazır.
Modern.az bu iddialarla bağlı Lənkəran şəhər İcra Hakimiyyətinin özündən münasibət öyrənib. Lənkəranın icra başçısının müavini İlkin Rəhimov saytımıza bildirib ki, hər kəsin özünün hadisələrə münasibəti var. Müavini bu barədə məlumatsız olduğunu, belə bir hücumun İcra Hakimiyyəti tərəfindən təşkil olunmadığını söyləyib:
“Ümumiyyətlə, həmin gün iş günü olmadığından bu barədə ətraflı məlumatlı deyiləm. Belə bir hadisənin İcra Hakimiyyəti niyə təşkil etməlidir ki? İcra Hakimiyyəti niyə görə kimisə hansısa işi görməyə yönəltməlidir? Belə bir şey ola bilməz və bundan sonra da olmayacaq. Bu ölkə qanunlarla idarə olunur və insanlar da həmin qanunlarla yaşayırlar. Hər bir insanın məsələlərə fikir bildirmək hüququ var. Kimsə bununla bağlı öz fikrini bildirib. Hansı formada bildirib, heç bundan da xəbərim yoxdur. Dünən də bazar günü olduğundan hadisədən xəbərim yoxdur. Sadəcə olaraq bu hücum haqqında rayon sakinlərindən yox, internetdən öyrənmişəm”.
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər Müsavat Partiyasının zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedərkən onun korteji hücuma məruz qalıb. Lənkəran şəhərinin girişində 4 ədəd “QAZel” və 5-6 minik avtomobili İsa Qəmbərin kortejinin qarşısını kəsib. “Xəzər Lənkəran” futbol klubunun geyimlərində olan mülki şəxslər 100-dən artıq etirazçıya rəhbərlik edib. Toplaşanlar İsa Qəmbərin maşınını əzib, güzgülərini qırıb, maşının nömrələrini acıblar. Onlar “İsa Qəmbər, sizi gördük” və “Sizi istəmirik” deyərək maşının qapılarını dağıdıblar. Hadisə zamanı Müsavat başqanının müavini Gülağa Aslanlı sağ ayağından xəsarət alıb, müsavatçı Ülvi Quliyev isə döyülüb.
İsa Qəmbər qarşıdurmanın böyüyəcəyindən ehtiyatlanaraq Bakıya qayıtmağa məcbur olub.