Modern.az

MİQ qaydalarındakı yeniliklər birmənalı qarşılanmadı

MİQ qaydalarındakı yeniliklər birmənalı qarşılanmadı

17 Fevral 2022, 11:15

Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklər açıqlanıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov ötən gün keçirdiyi brifinqdə dəyişikliklər barədə media nümayəndələrinə məlumat verib.

 

O bildirib ki, növbəti tədris ili üzrə keçiriləcək işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılır. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək.

 

Bundan əlavə, sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.

 

Eşqi Bağırov, həmçinin qeyd edib ki, vakant yer seçmək imkanı əvvəlcə müəllimlərin işə qəbulu üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

 

Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı yeniliklərə də toxunan şöbə müdiri deyib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yerdəyişmə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçiriləcək.

 

MİQ qaydalarındakı dəyişikliklər birmənalı qarşılanmayıb. Müəllim olmaq istəyən bəzi namizədlər və təhsil ekspertləri dəyişikliklərə qarşı çıxaraq, tətbiq olunacaq yenilikləri mənfi hal kimi qiymətləndirirlər.

 

 

Bu barədə Modern.az-a danışan təhsilin idarə edilməsi üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib ki,  MİQ qaydalarındakı dəyişikliklərlə bağlı iki mənfi, eyni zamanda iki müsbət məqamı qeyd etmək olar.

 

Mütəxəssis hesab edir ki, imtahan müddətinin artırılması müsbət haldır:

 

“Müəllimlər zamana qarşı savaşmamalıdır. Müəllimlərin təyinat yerində mütləq çalışması müsbət qərardır. Çünki bəzi zonalarda, xüsusilə kəndlərdə, qəsəbələrdə ibtidai siniflərdə hər il müəllim dəyişdirilməsindən əziyyət çəkirlər. Əgər hər il müəllim dəyişikliyi edilirsə, təbii olaraq onlar stress və adaptasiya problemi yaşayırlar”.

 

 

Ekspertin sözlərinə görə, yeniliklərdə iki mənfi məqam diqqətdən yayınmır. Q.Məhərrəmov bununla bağlı fikirlərini belə izah edib:

 

“Mənfi düşüncəm ondan ibarətdir ki, 4 səhv bir düzü aparmamalıdır. Bu ibtidai  yanaşmadır. Düzgün və müasir yanaşma deyil. TOFEL, İELTS, Cambridgin imtahanlarının heç birində səhv düzü aparmır. Həyatda da insanların səhvi düzlərini aparmamalıdır. Mən şəxsən düşünürəm ki, səhv düzü aparmamalıdır. İnsanları başqa cür fərqləndirmək olar. Eyni balı toplayan insanları müsahibədə fərqləndirmək olar.

 

Eyni zamanda pedaqogikanın 20 bal, ixtisas fənlərinin 80 bal olması, əslində, pedaqogikanın ixtisas fənlərindən birə dörd əhəmiyyətsiz olması mənasına gəlir. Real həyatda isə belə deyil. Mən düşünürəm ki, aradakı fərq belə olmamalıdır. Əvvəl fərq birə iki nisbətində idi. Yəni pedaqogika ixtisas biliyindən iki qat daha az əhəmiyyətli idi. İndiki halda pedaqogikanın ixtisas biliyindən dörd dəfə az əhəmiyyətli olması heç də yaxşı hal deyil. Çünki müəllimlikdə ixtisas biliyi ilə yanaşı pedaqoji bilik də önəmlidir. İnanıram ki, sadaladığım mənfi məsələlər müsbətə doğru  dəyişəcək. Çünki biz müasir ənənələri izləyirik və müasir ənənədə 4 səhvin bir düzü aparması yoxdur”.

 

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında  MİQ qaydalarındakı dəyişiklikdən yazıb. Nazir vurğulayıb ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar peşəkarlığın qiymətləndirilməsi və prosesin idarə edilməsində bir sıra üstünlüklər qazandırır.

 

“Xüsusilə şəhid ailəsi üzvü olan namizədlərə şamil olunacaq müddəalar onların rifahı və işlə təmin olunması baxımından xeyli asanlıqlar gətirir. Təhsil Nazirliyi olaraq təhsil iştirakçılarının maraqlarının həyata keçirilməsi, şəffaflıq və sağlam rəqabətlilik tətbiq olunmaqla keyfiyyətin artırılması istiqamətində işlərimizi davam etdiririk. İnanırıq ki, bu dəyişikliklər ümumi təhsil müəssisələrində müəllim seçiminin ədalətli aparılmasında xüsusi rol oynayacaq”, - deyə təhsil naziri bildirib.

 

Turqay Musayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama