Dünya birjalarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Son məlumatlara əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,13 dollar artaraq 100,76 dollar olub.
Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 10-da 100 dollardan baha (100,23) satılıb. Bundan əlavə, “Azeri Light” neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 15-də (99,70) qeydə alınmışdı.
Neftin qiymətinin artması barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Aydın Hüseynov bildirib ki, “qara qızıl”ın bahalaşması nəticəsindən valyuta ehtiyatımızı daha da artırır:
“Məlumdur ki, dünya bazarında neftin qiyməti qalxır. Azərbaycan neftinin qiyməti artaraq bir barel üçün 100 dolları keçib. Bu çox müsbət haldır və bizim valyuta ehtiyatlarımızı zənginləşdirir. Neftin bahalaşması iqtisadiyyatımız üçün çox önəmli xarakter daşıyır. Azərbaycan dövlətinin apardığı düzgün iqtisadi siyasət nəticəsində neftdən gələn gəlirlər qeyri-neft sektoruna yönəldilir. Yəni bizim valyuta gəlirlərimiz artdıqca, iqtisadi potensialımız yüksəldikcə, əhalinin sosial rifahının yaxşılaşması üçün işlər gücləndirilir”.
Deputatın sözlərinə görə, ölkənin valyuta ehtiyatlarının artması əhalinin həssas təbəqəsinin problemlərinin həllində ciddi rol oynayır.
“Bu, eyni zamanda manatın daha da möhkəmlənməsinə çox böyük təsir göstərir. Nəticədə Azərbaycan manatının möhkəmliyi qorunub saxlanılır. Manatın arxasında bizim strateji məhsullarımız dayanır. Valyuta ehtiyatlarının artması manatın möhkəmliyinin qorunub-saxlanmasında müsbət təsirə malikdir. Eyni zamanda, iqtisadi gücümüzü artırır. İqtisadi güc isə ilk növbədə Azərbaycan xalqının, xüsusilə də sosial təbəqənin rifahına yönəldilir. Ola bilsin ki, bu da özlüyündə çox cüzi şəkildə qiymət artımına təsir edə bilər. Mənim fikrimcə, yüksək qiymət artımına səbəb ola bilməyəcək”.
Turqay Musayev