Azərbaycan virtual məkanında fəaliyyət göstərən ədəbi saytlar bir deyil, iki deyil. Yazarlar onlardan hansını digərindən üstün tutur?
Modern.az saytı yazarlara bu sualla müraciət edib.
Rəbiqə Nazimqızı (azlit.az ədəbi portalının baş redaktoru): “Ən çox üç portalı izləyirəm: kult.az, kulis.az, “Azadlıq” radiosunun “Oxu zalı”. Bu üç portalın arasında yenilənmə daha çox olduğu üçün “Kulis” xoşuma gəlir. Məni qane etməyən ədəbi portal yoxdur, amma təkrar edirəm, ən çox bu üçünü izləyirəm, qalanlarına dostlar link verəndə və fb-da paylaşımlar olanda baxıram.
Redaktoru olduğum portalda özümdən başqa işçi yoxdur, maddi problemlər üzündən portalda işçi götürə bilmirəm, qonorar vermədiyim üçün material sifariş edə bilmirəm, bu səbəbdən də izləyicim azdır. Özümün də məşğul olmağa vaxtım azdır. Daha çox həvəskarlar müraciət edir, mətnlərin səviyyəsi məni qane etmədiyi üçün onları daha çox debüt bölməsinə atmalı oluram. Amma çalışıram ki, yaxşı materiallar da olsun və olur. Adını çəkdiyim portallar isə artıq oturuşmuş ədəbiyyat portallarıdır”.
Əsəd Qaraqaplan (şair-tərcüməçi): “Məncə, daha çox kulis.az oxunur. Bunun da səbəbi daha maraqlı yazılara yer verməsidir. Təəssüf ki, Zahir Əzəmət “kult.az”ı həyat yoldaşı Sevinc Çılğına təhvil verəndən sonra sayt demək olar ki, işləmədi. “Azadlıq” radiosunun “Oxu zalı” da pis deyil. Amma onların başı bir az siyasətə qarışıb və ədəbiyyatla siyasəti qarışdırıblar. Yəni ədəbiyyatla oyunbazlıq edirlər. “Azlit”ə baxmıram düzü, məni nəsə çəkmir.
Xuraman Hüseynzadə (şairə): “Heç biri. Ədəbi nümunələri dərc etdirməyə yer tapa bilmirəm. Saytlar da artıq inhisardır. İstədiyin oxucu kütləsini bir saytda tapmaq olmur. Biri dost-tanışa, öz əməkdaşlarına xidmət edir, birinin kimliyini bilmədiyim münsif-senzoru var...”.
Elmin Nuri