AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Lənkəranda Müsavat başqanı İsa Qəmbərə hücum edən şəxslərdən birinin cəbhəçi olması haqda yayılan məlumatlara münasibət bildirib. Partiya rəsmisi Modern.az-a açıqlamasında İsa Qəmbərə hücum edən Lənkəran sakini Xeybər Xosrofovun AXCP üzvü olması haqda yayılan məlumatları təkzib edib.
“Bu tamamilə yalnış məlumatdır. Həmin şəxs AXCP-nin üzvü deyil. Biz bu insanı tanımırıq. Görünür kimlərsə belə bir yalan məlumat yaymaqla AXCP Müsavat birliyinə kölgə salmaq istəyir. Bu uydurma bir məlumatdır. Bu şəxs haqda indiyədək heç bir məlumatımız olmayıb”.
Qeyd edək ki, AzNews.az-ın məlumatına görə, Müsavat partiyasının başqanı İsa Qəmbərin Lənkəran səfəri zamanı ona qarşı hücumu təşkil edənlərdən birinin şəxsiyyəti bəlli olub. Araşdırma zamanı müəyyənləşib ki, Xeybər Xosrofov adlı şəxs AXC-nin cənub bölgəsində ən tanınmış şəxslərindəndir.
Anar RÜSTƏMOV