Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) son zamanlar Azərbaycanda fəaliyyət göstərən populyar xəbər saytlarına qarşı artan hücumlarla bağlı bəyanat yayıb.
Qurumun rəhbəri Azər Həsrətin mediaya verdiyi açıqlamada qeyd edilir ki, son bir neçə ay ərzində xüsusən də ən populyar xəbər saytlarına qarşı artan kiber hücumlar Azərbaycanda bu sahəyə məsul olan dövlət strukturlarının hərəkətə keçməsini zəruri edir.
“Bizdə olan məlumata görə qafqazinfo.az, musavat.com, azadliq.az, publika.az, modern.az, gunxeber.com, lent.az, kulis.az, apa.az və yeni fəaliyyətə başlamış minval.az kimi ölkə ictimaiyyətinin əsas xəbər vasitəsi olan internet resurslarına intensive kiber hücumlar edilir. Bu isə həmin resursların normal fəaliyyətini ciddi şəkildə əngəlləməklə vətəndaşların informasiya əldə etməsinə, həmçinin azad şəkildə özünü ifadəsinə maneə törədir. Hələlik həmin hücumların kim tərəfindən və nə məqsədlə törədilməsi bəlli olmasa da, düşünürük ki, bunu
Azərbaycan xalqına və dövlətinə düşmən qüvvələr edir. Ona görə də müvafiq dövlət qurumları dərhal hərəkətə keçib bu resursların təhlükəsizliyinin təmin edilməsində öz sözünü deməlidir”, - deyə Azər Həsrət bildirib.
Şəbəkə rəhbəri onu da əlavə edib ki, saytlara qarşı təşkil edilən hücumlar Azərbaycanın informasiya təhlükəsizliyinə ciddi təhdiddir: “Biz nəzərə almalıyıq ki, torpaqlarımız hələ də Ermənistanın işğalı altındadır. Ölkəmiz İran, Rusiya kimi qonşu ölkələrin zaman-zaman boy verən təhdidlərinə tuş gəlir. Belə bir mərhələdə informasiya blokadısının baş verməsi Azərbaycanın təklənməsinə gətirib çıxara bilər. Ona görə də dövlət məsələni ciddi
şəkildə araşdırmaq üçün gecikmədən hərəkətə keçməlidir.”
Azər Həsrət onu da qeyd edib ki, başçılıq etdiyi təşkilatın müşahidələri eyni dövrdə İrana və Rusiyaya bağlı olan və ya rəğbəti ilə seçilən internet resurslarına qarşı hücumların olmadığını göstərib.
Modern.az