Modern.az

Məmurlar bu xəbərdarlıqdan nəticə çıxarmalıdır!

Məmurlar bu xəbərdarlıqdan nəticə çıxarmalıdır!

Parlament

19 Fevral 2022, 19:27

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Nizami, Nərimanov və Kürdəmir rayonlarının yeni icra başçılarını videoformatda qəbul edib. Dövlət başçısı çıxışı zamanı yeni icra başçılarına tapşırıqlar verib, eyni zamanda yüksək vəzifə tutan məmurlara növbəti dəfə xəbərdarlıq edib.

 

Heç kimin qanundan üstün olmadığını xatırladan Prezident vurğulayıb ki, vəzifə imtiyaz deyil, böyük məsuliyyətdir:

 

“Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir”.

 

Özlərini kiçik padişah kimi aparırlar...

 

 

Dövlət başçısının məmurlara xəbərdarlığı barədə Modern.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, vəzifəli şəxslərin işi xalqa xidmət olmalıdır:

 

“Cənab Prezident istəyir ki, məmurlarla bağlı narazılıqlar aradan qalxsın. Yaşlı məmurların yerinə gənclər təyin edildi, gənclərin arasında bu etimadı doğruldan da oldu, doğrultmayan da. İcra başçıları Prezidentin rayonlarda nümayəndələridir. Məmur xalqın xidmətçisi olmalıdır, vəzifə imtiyaz və ya üstünlük demək deyil, yüksək etimad və məsuliyyət deməkdir. Məmurlar yerlərdə vətəndaşlarla münasibəti düzgün qurmalıdır.

 

Bunun üçün ölkə başçısı önəmli qərarlar verir. Vəzifəyə təyin edilən şəxs özünü doğrultmursa, işdən azad edilir. Cinayət əməli varsa, cəzalandırılır və həbs olunur. Bütün məmurlar böyük məsuliyyət daşıdıqlarını anlamalıdırlar”.

 

 

Deputatın sözlərinə görə, bəzi rayonlarda icra hakimiyyətlərindən narazılıqlar var:

 

“Vətəndaşlarla münasibəti düzgün qurmurlar, kabinetdən çıxmırlar, özlərini kiçik padişah kimi aparırlar. Bu da cəmiyyətdə haqlı olaraq narazılıq yaradır. Məmurlar islahatları düzgün yerinə yetirsə, kiminsə özünü yandırmasının, binaların qarşısında neqativ hadisələrin baş verməsinin şahidi olmarıq. Dəfələrlə şahidi olmuşuq ki, vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırmaq istəyir və ya mitinq keçirilər. Bunun üçün xəbərdarlıq önəmlidir, cənab Prezident ümumi görüş keçirərək bu xəbərdarlığı edir. Prezident düzgün kadr seçimi üçün əlindən gələni edir”.

 

Kimlərsə xəbərdarlıqdan dərs çıxarmırsa...

 

 

Deputat Fazil Mustafanın fikrincə, məmurlara ünvanlanan xəbərdarlıq bəzi vəzifə sahiblərinə dərs olmayacaq. Parlamentari hesab edir ki, problemlərin aradan qaldırılması üçün idarəetmə strukturu dəyişməlidir.

 

“Bəzən görürsən ki, tapşırıqların bir qismi yerinə yetirilmir. Əlbəttə, kimlərsə xəbərdarlıqdan dərs çıxarmırsa, bu narahatedici amildir. İcra hakimiyyətlərinin real problemi ilə maraqlanmalıyıq ki, niyə işləyə bilmirlər? Üstlərində hansı əl var? İcra başçısının üzərində hansısa qurumlar, komitələr varsa, bu problem həmin qurumlarda axtarılmalıdır. Hesab edirəm ki, icra başçılarına həm səlahiyyət vermək, həm də məsuliyyət tələb etmək lazımdır”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi